ERMƏNİSTAN HAKİMİYYƏTİ HƏLƏ DƏ ORDUSUNA NƏZARƏT EDƏ BİLMİR, BU, SÜLH PROSESİNƏ ZƏRBƏ VURUR

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla şərti sərhəd zonasında atəşkəsi vaxtaşırı pozması iki ölkə arasında sülh prosesinə xələl gətirən hallardan bridir. Bunu Ermənistanın mövcud hakimiyyəti, o cümlədən baş nazir Nikol Paşinyan da yaxşı bilir. Eyni zamanda Ermənistanın hakimiyyətinə o da dəqiq məlumdur ki, hər hansı təxribata Azərbaycan sərt cavab verir və itirən tərəf də ermənilər olur.  Bununla bağlı nümunələrin sayı kifayət qədərdir.

Qeyd edilənlər fonunda Ermənistan tərəfindən bu və ya digər təxribatların törədilməsi məntiqdən uzaq addımdır, rəsmi İrəvanın sülhlə bağlı dedikləri ilə daban-dabana ziddiyyət təşkil edir. Bunlar fonunda Ermənistan hakimiyyətinin Azərbaycanla danışıqlar masası arxasında sülh mətnini razılaşdırmağa çalışdığı halda sözügedən ölkənin ordusunun şərti sərhəddə atəşkəsi pozması daha çox bir səbəbdən qaynaqlana bilər: Ermənistan siyasi hakimiyyəti hələ də orduya tam nəzarət edə bilmir, “5-ci kolon” Ermənistan silahlı qüvvələrinin tərkibində aktiv fəaliyyətini davam etdirir.

Əslində, Ermənistan siyasi hakimiyyətinin ölkənin silahlı qüvvələri üzərində tam nəzarətə malik olmadığını göstərən sübutların sayı yetərincədir. Cari ilin fevral ayında Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində baş verən insident bunun ən əyani nümunələrindən biridir. Həmin vaxt Ermənistan silahlı qüvvələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu yaralandıqdan sonra Azərbaycan tərəfindən “Qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində erməni ordusunun döyüş postu darmadağın edilib. Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, həmin vaxt  4 erməni hərbçi məhv edilib, bir hərbçi yaralanıb. Bundan sonra aparılan araşdırmalardan o da üzə çıxdı ki, təxribatı “Yerkrapa” adlanan strukturun silahlıları həyata keçirib. Könüllülərdən ibarət “Yerkrapa” qruplaşması  Ermənistan Müfdafiə Nazirliyinə birbaşa tabe deyil və ordunun könüllüləri kimi fəaliyyət göstərir.

Bundan əlavə, yenə Ermənistan ordusunun tabelyində olan, lakin kənar qüvvələrin hərəkəti ilə hərəkət edənlərin sayının da yetərincə olduğuna dair elə bu ölkənin özündə çoxsaylı etiraflar edilir. Son günlərdə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi və Sədərək rayonu istiqamətində yerləşən mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmasının arxasında bu qüvvələrin olması istisna deyil. Belə bir təxribat  sülh üçün Ermənistan hakimiyyətinin indiki siyasətinə və atdığı addımlara cavab vermir. Amma hakimiyyət ordu üzərində tam nəzarəti bərpa edə bilmədiyindən bu kimi insidentlər yaşanır. Təbii ki, istənilən halda baş verənlərə görə  Ermənistan hakimiyyəti məsuliyyət daşıyır. Bunu şərti sərhəd zonasında təxribat törədənlər də yaxşı bilir və əməlləri ilə sülh prosesinə zərbə vurmağa çalışırlar.

Barəsində bəhs olunan insidentlər həmçinin, Ermənistandakı revanşist dairələrin sülh müqaviləsinə müqavimətdir. Bu müqavimətin qırılması isə Ermənistan hakimiyyətinin məsuliyyətidir. Ermənistan hakimiyyəti onu da bilməmiş deyil ki, revanşist mövqedə olanların müqavimətini qırmasa, onlar Nikol Paşinyan iqtidarı üçün daha böyük təhdidə çevriləcəklər. Hətta zorakı yollarla hakimiyyətin devrilməsinə cəhdlər olunması da tamamilə gözləniləndir. Bu səbəbdən həmin qüvvələrə qarşı mümkün qədər tez hərəkətə keçilməlidir. Sözügedən qüvvələrin neytrallaşdırlması sülh yolunda digər maneələri də asanlıqla dəf etməyə imkan verər. Azərbaycan isə hadisələrin istənilən inkişaf ssenarisinə hazırdır.