MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlil göstərir ki, son 5 ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb. Bu artım son iki ildə daha çox nəzərə çarpıb. Daha dəqiq desək 2019-cü il ilə müqayisədə 2023-cü ildə pərakəndə ticarət dövriyyəsi 49,8% və ya 19,6 milyard manat çox olub. Artımın əsas səbəblərindən biri isə son illərdə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində qeydə alınan qiymət artımıdır.
Pərakəndə ticarətlə bağlı son 5 ilin göstəricilərinə diqqət yetirsək görərik ki, 2023-cü ilin sonunda Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ilə bağlı göstərici 58 997 700 000 manat təşkil edib və bu nəticə 2022-ci il ilə müqayisədə 13,1% və ya 6,8 milyard manat çox olub.
Cari ilin birinci yarısında isə pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 3,6% və ya 938,6 milyon manat artaraq 27 251 200 000 manata çatıb. Ötən ilin I yarımilində bu rəqəm 26,3 milyard manat təşkil edib.
Son 5 ildə pərakəndə ticarət dövriyyəsində ərzaq və qeyri-ərzaq məhsullarının payı ilə bağlı rəqəmlərə diqqət etsək, ərzaq məhsulları, içkilər və tütün məhsulları ilə bağlı göstəricilərdə daha çox artım qeydə alındığını görərik.
2023-cü ildə ərzaq məhsulları, içkilər və tütün məhsullarının pərakəndə ticarət dövriyyəsi 2019-cü il ilə müqayisədə 65,3% və ya 13 milyard manat artaraq 33 milyard manata çatıb. Qeyri-ərzaq məhsullarının pərakəndə ticarət həcmi isə bu dövrdə 33,8% və ya 6,65 milyard manat artıb.
Ticarət dövriyyəsi həcminin artma səbəblərindən biri kimi qiymət artımını götürsək, son 5 ildə ərzaq məhsullarının qeyri-ərzaq məhsullarına nisbətən daha çox bahalaşdığını deyə bilərik.
Cari ilin I yarımilində ərzaq məhsulları, içkilər və tütün məhsullarının pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% və ya 193,5 milyon manat artaraq 15 milyard manatı, qeyri-ərzaq məhsulları isə 6,5% və ya 745,1 milyon manat artaraq 12,2 milyard manatı ötüb.
2024-cü ilin birinci yarımilində pərakəndə ticarət dövriyyəsinin 50,55%-i və ya 13,78 milyard manatı ərzaq məhsullarının payına düşüb. Əhali cari ilin ilk altı ayında içkilər və tütün məmulatlarına 1,26 milyard manat xərcləyib ki, bu da ümumi pərakəndə ticarət dövriyyəsinin 4,62%-ni təşkil edib.
Qeyri-ərzaq məhsulları üzrə isə ilk altı ayda ən çox vəsait toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına xərclənib. İlin birinci yarısında əhali bu məhsullar üçün 3,5 milyard manat ödəyib ki, bu da ümumi pərakəndə ticarət dövriyyəsinin 12,85%-ni təşkil edib.
Qeyri-ərzaq məhsulları üzrə ikinci sıranı avtomobil benzini və dizel yanacağı tutub. İlk altı ayda avtomobil yanacağına 1,56 milyard manat pul xərclənib. Elektrik mallarına və mebellərə 1,29 milyard, əczaçılıq məhsullarına 620 milyon, kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına isə 330 milyon manat ödənib.
Son 5 ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi üzrə ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb. Rəsmi statistikaya görə, ötən il bir nəfərə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 484,2 manat olub.
Ümumilikdə isə 2023-cü ildə adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 2019-cu il ilə müqayisədə 46,1% və ya 152,8 manat, 2022-ci il ilə müqayisədə isə 12,1% və ya 52,4 manat çox olub.
Cari ilin I yarımilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 445,7 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1% və ya 13,2 manat çox olub.
Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsinin ərzaq və qeyri-ərzaq məhsulları üzrə dəyişiminə baxsaq, burada da ərzaq məhsullarına xərclənən pulun qeyri-ərzaq məhsullarına nisbətən daha çox artdığını görə bilərik. Belə ki, 2019-cu ildə ərzaq məhsulları, içkilər və tütün məmulatlarına adambaşına orta hesabla ayda 168 manat xərc çəkilibsə, ötən il bu rəqəm 270,9 manat olub. Bu isə 102,9 manat və ya 61,3% artım deməkdir.
2019-cü ildə əhalinin bir nəfəri qeyri-ərzaq məhsullarına orta hesabla ayda 163,4 manat xərcləyib. 2023-cü ildə isə bu xərc 49,9 manat və ya 30,5% artaraq 213,3 manata çatıb.
Cari ilin I yarımilində ərzaq məhsulları, içkilər və tütün məmulatlarına adambaşına orta hesabla ayda 245,9 manat pul xərclənib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% və ya 1,9 manat çox olub.
2024-cü ilin ilk 6 ayında qeyri-ərzaq məhsulları üzrə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 199,8 manat olub. Bu göstərici də, 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 6% və ya 11,3 manat çox olub.