Qızmar payız

Qarşıdan gələn payızın siyasi baxımdan qızmar keçəcəyi heç kəsdə şübhə doğurmur. Çünki cari ildə qlobal səviyyədə gözlənilən bir sıra hadisələr məhz bu fəsilə təsadüf edir. Həmin hadisələrin bu və ya digər şəkildə Cənubi Qafqaz regionuna təsiri isə qaçılmazdır.

ABŞ-da prezident seçkiləri

Noyabrda baş tutacaq ABŞ prezidenti seçkiləri ərəfəsində ölkədəki siyasi mübarizə artıq pik həddə çatıb. Trampa qarşı sui-qəsd bunu əyani şəkildə sübut edir. Öz növbəsində, bu hadisə respublikaçı namizədin seçkilərdə qələbə qazanmaq şansını xeyli artırıb. Lakin nəzərə almaq lazımdır ki, Trampa qarşı silahlı hücum və ya sui-qəsd cəhdi təkrarlana bilər. Belə ki:

Cinayətkarın profili onun özünəqapalı xarakterə sahib olmasını, konkret olaraq eks-prezidentə qarşı qatı və barışmaz mövqe tutmasını deməyə əsas verir. Belə insanlar isə ABŞ-da kifayət qədərdir və onların davranışlarını öncədən proqnozlaşdırmaq qeyri-mümkündür. Bu kəsim öz radikal addımları ilə seçilir və şəxsi ideyaları uğrunda mübarizədə silaha əl atmaqdan belə çəkinmirlər.

– Digər tərəfdən, artıq uzun illərdir ölkə sakinlərinin ixtiyarında olan odlu silahların sayı (təxminən 400 min ədəd) əhalinin ümumi sayını üstələyir və hazırda hər 100 ABŞ sakininə orta hesabla 120 odlu silah düşür.

İstənilən halda, Trampın hakimiyyətə mümkün qayıdışı ABŞ-ın həm daxili, həm də xarici siyasətində kökü dəyişikliklərə yol açır. Odur ki, ölkənin özü ilə yanaşı, Avropada da bu dəyişikliklərə ciddi hazırlıqlar gedir.

Ukrayna cəbhəsi

Hazırda Ukraynadakı aktiv hərbi əməliyyatlarda dönüş nöqtəsi müşahidə olunmur. Cari vəziyyətdə tərəflərdən hər hansı birinin mütləq üstünlüyündən danışmaq mümkün deyil. Həmçinin, yaxın aylarda istər Rusiya, istərsə də Ukrayna silahlı qüvvələrinin yeni genişmiqyaslı hücum cəhdi üçün resursları çatışmır. Buna baxmayaraq, tərəflər bütün imkanları ilə yerdəki vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.

Trampın prezident səlahiyyətlərinin icrasına başlayanadək Ukraynada sülhü bərpa edəcəyi ilə bağlı bəyanatı fonunda Moskva və Kiyev payız-qış aylarında mümkün danışıqlara hazırlaşırlar. Onlar yerdə yeni reallıqlar formalaşdırmaqla növbəti ABŞ prezidentini fakt qarşısında qoymağı, eləcə də dinc nizamlanma prosesində mövqelərini gücləndirməyi hədəfləyirlər.

Gürcüstanda parlament seçkiləri

Payızda regional vəziyyətə təsir edəcək daha bir mühüm hadisə Gürcüstandakı parlament seçkiləridir. Seçkilər ərəfəsində hakim partiyanın təşəbbüsü ilə “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi rəsmi Tbilisi ilə Qərbin münasibətlərini xeyli pisləşdirib. Hazırda Vaşinqton və Brüssel Gürcüstana qarşı birtərəfli addımlar ataraq qarşıdangələn seçkilərin gedişatına təsir göstərməyə çalışırlar.

Əgər payızdakı seçkiləri hakimiyyət qazanarsa, Qərbin bu ölkəyə yönəlik sonrakı fəaliyyəti iki mümkün ssenari üzrə cərəyan edə bilər: Ya reallığı qəbul edərək öz siyasətini məhdud çərçivədə davam etdirmək, ya da daha irəli gedərək mövcud mövqeləri sual altına almaq. Hadisələrin məhz hansı ssenari üzrə cərəyan edəcəyini isə zaman göstərəcək.  

Nəticə

Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək mümkündür ki, hazırda həm qlobal, həm də regional səviyyədə qeyri-müəyyənliklər çoxdur. Aydındır ki, bu qeyri-müəyyənliklərin hansı nəticələrə gətirib çıxaracağı bizdən asılı deyil. Belə şəraitdə, Azərbaycan istənilən variantlara hazır olmalı, dəyişən reallıqlara vaxtında və düzgün reaksiya verməlidir.