ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask ölkənin xərclərini azaltmaq üçün ABŞ-ın bir sıra inzibati xidmətlərinin bağlanmasını zəruri hesab etdiyini bildirib. Sözügedən istiqamətdə onun həyata keçirdiyi fəaliyyət çoxsaylı maraqlı, bəzən də şok effekti yarada bilən məlumatları üzə çıxarmaqdadır. Bu məlumatların bir çoxundan indi dünya ictimaiyyəti, o cümlədən illərlə pullarının havaya sovrulmasına konkret faktların timsalında şahidlik edən amerikalılar özləri də heyrət içindədir.
Görünən odur ki, müxtəlif dövlət qurumları, agentliklər vasitəsilə ABŞ-da ən məhşur maliyyə fırıldaqçılarının belə qibtə edə biləcəyi korrupsiya, büdcə pullarının mənimsənilməsi mexanizmi qurulub. Bunun müqabilində bir sıra qurumlar, onların nəzarətində olan media vasitələri verilən sifarişlərə uyğun olaraq, yalanlarla dolu müxtəlif iftira, qarayaxma kampaniyaları təşkil ediblər. Həmçinin bir çox ölkələrdə müxtəlif media vasitələrinin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, digər qurumların, konkret şəxslərin ələ alınmasına yenə ABŞ-ı təmsil edən təşkilatların, agentliklərin vasitəsilə milyardlarla dollar vəsait sərf edilib. İndi yeni ABŞ administrasiyası ölkəyə hansısa mənfəət gətirməyən, milli maraqlara xidmət etməyən, böyük həcmdə pulların mənimsənilməsinə xidmət edən bu siyasətə son verir, təbii olaraq da vasitə kimi istifadə edilən qurumlar, xaricdə onlara bağlı olanlar biri-birinin ardınca sıradan çıxır.
İlon Maskın Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumətlər Sammitində səsləndirdiyi fikirlər həqiqətən də qeyd edilən istiqamətdə ABŞ-da inqilabi xarakterə malik fəaliyyətə start verildiyini göstərir: “Düşünürəm ki, biz bütöv agentliklərdən xilas olmalıyıq və onları saxlamamalıyıq”. O, belə agentlikləri bitkilərlə müqayisə edərək, vurğulayıb: “Alaq otunu kökündən qoparmasanız, o, asanlıqla yenidən böyüyəcək”. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümunəsində üzə çıxan yeni faktlar İlon Maskın yanaşmasında nə dərəcədə haqlı olduğunu olduqca aydın bir şəkildə nümayiş etdirir.
Xaricdə ABŞ-ın maraqlarının inkişafına xidmət üçün yaradılan USAID əslində, böyük həcmdə pulların mənimsənilməsi, aldığı sifarişlərdən asılı olaraq müxtəlif ölkələrdə xaosun yaradılmasıan daha çox diqqət edib. Onun həyata keçirdiyi bir çox layihələrin timsalında bunu görmək olar. Məsələn, meymunlar və siçovullar arasında homoseksuallıq və transgenderizmlə bağlı araşdırmalara USAID 10 milyon dollar vəsait ayırıb. Yaxud Peruda LGBT komikslərinin nəşrinə 32 milyon dollar xərclənib. Kolumbiyada transseksual bir operanın səhnələşdirilməsinə isə USAID 47 min dollar sərf edib. Agentlik həmçinin, ABŞ rəsmilərinin terrorçu hesab etdiyi təşkilatlara humanitar yardıma, Uhanda virusoloji tədqiqatlara, yoxsul ölkələrdə doğuşa nəzarət proqramlarına və hətta Əfqanıstan tiryək istehsalçılarına yardıma yüz minlərlə dollar xərcləyib.
USAID xətti ilə dünyada “müstəqil” media şəbəkələrinə milyardlarla dolların verilməsi də artıq bəlli faktdır. Ümumilikdə ilkin hesablamalara əsasən, dünya üzrə təxminən 6200 jurnalist, 700-dən çox media orqanı və 280-ə qədər informasiya QHT-si USAID-in pulu ilə çalışıb. Ukraynanın 10 media orqanından 9-u USAID-dən gələn pullar əsasında fəaliyyət göstərib. Belə misalların sayı olduqca çoxdur. Burada həm də “pulunu verən musiqini də sifariş edir” prinsipi dəqiq mexamizmlə işləyib. USAID-dən pul alanlar bu qurumdan gələn sifarişləri də can-başla, hətta bəzən artıqlaması ilə yerinə yetiriblər. Bu zaman öz ölkələrinin maraqların xələl gətirmələri onların belə demək mümkündürsə, heç veclərinə də olmayıb.
USAID-in sərəncamında olan vəsait isə həm də konkret şəxslərin, ilk növbədə ABŞ təmsilçilərinin korrupsiya yemi də olub. Nəzərə alınmalıdır ki, agentlik hər il on milyardlarla dollar vəsaiti idarə edib. Təkcə son doqquz il ərzində USAID 335 milyard dollardan çox vəsait xərcləyib. Amma maraqlısı odur ki, bu həcmdə xərclənən külli-miqdarda pula baxmayaraq, agentliyin fəaliyyətinə heç bir nəzarət olmayıb. Elə bu da korrupsiya üçün əlverişli zəmin yaradıb. USAID-in keçmiş direktoru Samanta Pauerin timsalında bunu görmək olar. İllik gəliri 180 min dollar olan Samanta Pauerin 2021-2024-cü illər ərzində varidatı 23 milyon dollar artıb. Bu məqamın özü USAID-də korrupsiya hallarının nə dərəcədə geniş olduğunu aydın göstərən çoxsaylı faktlardan yalnız biridir.
Bəs maraqlıdır, nədən araşdırmalara fəaliyyətində daim xüsusi diqqət edən ABŞ mediası USAID-də nəhəng korrupsiyanı görməzlikdən gəlib? Nə üçün Amerika nəşrləri bütün bunlara işıq salmağa lüzum görməyib? Bu sualın cavabını Mask və komandası verir: USAID bütün aparıcı Amerika nəşrlərinin susqunluğunu sadəcə, satın alıb. Məsələn, nüfuzlu “Politico” nəşrinə abunə üçün ildə 8 milyon vəsait xərclənib. Belə olan halda sözügedən nəşrin hansısa şəkildə USAID-də korrupsiya faktlarını auditoriyaya çatdıracağını düşünmək sadəcə, sadəlövhlük olardı. İldə üç milyon dollardan çox pul alan “The New York Times”, 17 milyon dollarlıq ianə əldə edən “Associated Press”, 9 milyon dollar vəasitin hər il bu qurumdan büdcəsinə daxil edən “Reuters”, 2,6 milyon funt sterlinq qəbul edən BBC barədə də eyni fikirləri səsləndirmək mümkündür. Bütün bunlardan irəli gəlir ki, İlon Mask belə media vasitələrinə istehza edir. Məsələn, o, ABŞ-ın “Associated Press” agentliyini məsxərəyə qoyaraq, “X” səhifəsində onu “Assocaited Press”, yəni “Assosasiya edilmiş mətbuat” əvəzinə “Associated Propaganda”, yəni “Assosasiya edilmiş təbliğat” adlandırıb. O, eyni zamanda, “Reuters”in fəaliyyətinin tam yalan üzərində qurulduğunu bildirir.
O da artıq bəlli həqiqətdir ki, USAID mediaya və söz azadlığına dəstək adı altında müxtəlif ölkələrdə Vaşinqtona deyil, öz milli maraqlarına yönəlmiş siyasət yürüdən hökumətlərə qarşı şantaj və təzyiq alətləri yaradıb. Cənubi Qafqaz da təəssüf ki, bundan nəsibini alıb. Humanitar fəaliyyət adı altında USAID uzun illərdir ki, Azərbaycanda müəyyən media vasitələri ilə şübhəli əməkdaşlıq qurub, Azərbaycan qanunvericiliyinə zidd olaraq, onları maliyyələşdirib. Məsələn, “Turan” informasiya agentliyinə USAID ayırdığı şirnikləndirici qrantlarla nəzarət etməyə çalışıb. Uğursuzluğa düçar olmasına baxmayaraq, “Meydan TV”, “Abzas TV”, “Toplum TV” və digərlərinin timsalında USAID ayırdığı pullarla sifarişlərini icra edən internet media strukturları formalaşdıra bilib. Amerikalıların nəzarətində olan belə media strukturları “yeganə müstəqil” KİV olaraq elan edilib. Dövlət xaricdən maliyyələşən belə media vasitələrinə qarşı qabaqlayıcı tədbirlər görməyə başlayanda dərhal bu hal “müstəqil” medianın, söz azadlığının “boğulması” kimi qələmə verilib. Maraqlıdır ki, bu kontekstdə dünyada Azərbaycan kimi qərəzli, amansız hücumlarla üzləşmiş ikinci ölkə tapmaq çətindir.
Xüsusən də Azərbaycanın ərazi bütövlüyünün bərpasından narahat olanlar nəzarət etdikləri media vasitələri ilə ölkəmizə qarşı genişmiqyaslı informasiya hücumu həyata keçirməyə başladılar. USAID-in nəzarətində olan media vasitələrində Azərbaycana və onun rəhbərliyinə qarşı nə qədər çirkin yazılar, ittihamlar dərc olunub? Qarabağdakı separatçı rejimin fəaliyyətinə son qoyulmasından sonra ölkəmiz “etnik təmizləmə”də ittiham olundu. Azərbaycan hətta şimal qonşumuza qarşı sanksiyalar rejimini pozmaqda və Rusiya qazını təkrar ixrac etməkdə ittiham olunurdu. Samanta Pauerin media əlaltıları ən kiçik sosial problemi belə siyasiləşdirərkən Azərbaycanda demək olar ki, bütün seçkilərin saxtalaşdırıldığını bəyan ediblər. Ümumiyyətlə, Azərbaycan Qərb mediası tərəfindən davamlı olaraq əsassız tənqidlərə məruz qalıb və ölkə “Eurovision”, “Formula 1”, COP29 və digər bu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi üçün qarayaxma kampaniyası daha da güclənib. Amerika vergi ödəyicilərinin pulları həmçinin Azərbaycanda müxtəlif LGBT nümayəndələrinin, psevdosülhpərvərlərin, ölkədə sosial sabitliyi pozmaq istiqamətində fəaliyyət göstərənlərin maliyyələşdirilməsi üçün istifadə olunub. İndi USAID-in fəaliyyətinin ABŞ hökumətinin özü tərəfindən dayandırılması Azərbaycanın və digər hədəf kimi müəyyən edilmiş ölkələrin belə qarayaxma kampaniyasının hədəfindən xilas olacağına ümidləri artırır. Bütün bunlar həm də ABŞ cəmiyyətinin özünə lazımdır.