İran ərazisindən keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələrini təmin edəcək Şərqi Araz Dəhlizinin reallaşdırılması istiqamətində aparılan işlər hazırda region ölkələrinin diqqət mərkəzindədir. Ölkəmizlə yanaşı, qonşu İranın da tranzit əhəmiyyətini artıracaq sözügedən layihənin reallaşması Rusiya, Mərkəzi Asiya və Uzaq Şərq ölkələri üçün də yeni dəhlizin yaranması deməkdir.
Ümumiyyətlə, siyasi zəmində mövcud olan bəzi anlaşılmazlıqlara rəğmən, hər iki ölkə iqtisadi və regional əməkdaşlıq məsələlərinə praqmatizmlə yanaşır, qarşılıqlı şəkildə öhdəliklərinin icrasını təmin edirlər. İran bu gün Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkənin reallaşdırdığı nəqliyyat-kommunikasiya əlaqələri qlobal əhəmiyyət daşıması ilə səciyyəvidir. Yaxın perspektivdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin Rəşt-Astara hissəsinin tikintisinin davamı ilə əlaqədar Azərbaycan, İran və Rusiyanın müvafiq struktur rəhbərlərinin görüşü nəzərdə tutulur. Xatırladaq ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Bu yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də daxil olmaqla, Körfəz ölkələri ilə Cənub Şərqi Asiya ölkələrini nəqliyyat baxımından Rusiya və Avropa ilə birləşdirəcək. Körfəz və Oman dənizi limanlarına daxil olan yüklər İran və Azərbaycan üzərindən Rusiyaya və əks istiqamətə daşınacaq.
Azərbaycanın Baş naziri Əli Əsədovun işgüzar səfəri çərçivəsində fevralın 17-də İranın birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşündə bir sıra vacib məsələlərlə yanaşı, iki ölkənin birgə reallaşdırdığı layihələr də əsas müzakirə mövzularından olub. Ölkələrimiz arasında avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur – Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icrası vəziyyəti nəzərdən keçirilib.
Şərqi Araz adlandırılan yeni dəhliz İran-Ermənistan sərhədindən 5 kilometr Cənubdan keçərək Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq. Qeyd edilən infrastruktur yaradıldıqdan sonra Azərbaycanın və digər ölkələrin yük maşınları və qatarları uzunluğu 50 km olan yeni marşrutla Naxçıvana çata biləcək. Bu mənada, sözügedən nəqliyyat dəhlizi Şərq ilə Qərbi, Avropa ilə Asiyanı birləşdirən ümumregional nəqliyyat-logistika strukturunun tərkib hissəsi olacaq.
Hazırda layihə çərçivəsində hazırda Horadizdən Ağbəndə avtomobil yolu çəkilir və dəmir yolu infrastrukturu bərpa olunur. Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq, bu marşrut tranzit yüklərin daşınmasına xidmət edəcək. Layihənin reallaşması Şərqi Zəngəzur iqtisadi rayonunun iqtisadi inkişafı, ümumən bölgənin logistik mərkəzə çevrilməsi baxımından da əhəmiyyətlidir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəhlizin Ermənistan ərazisindən keçməsi nəzərdə tutulsa da, rəsmi İrəvanın öhdəliklərinə əməl edərək bu istiqamətdə real addımlar atmaması rəsmi Bakının analoji layihəni İranla icra etməsinə zəmin yaradıb. Ermənistan rəhbərliyi eyforiyaya qapılaraq hesab edirdi ki, Azərbaycanın Naxçıvanla quru rabitəsini təmin edəcək Zəngəzur dəhlizi ətrafında manipulyasiyalar edərək rəsmi Bakının mövqeyinə hansısa formada təsir imkanları qazana bilər. Azərbaycan isə bu layihəni İranla birgə icra etməklə, Ermənistanın bu mövzuda manipulyasiyalarının qarşısını birdəfəlik aldı və yeni geosiyasi mərhələdə də dalan kimi qalmasına möhürünü vurdu. Halbuki, Zəngəzur dəhlizi ilə bağlantı həm Ermənistana, həm də regiondakı digər dövlətlərə mühüm dividendlər qazandıra bilər. Buna baxmayaraq, rəsmi İrəvanın müxtəlif bəhanələrlə Zəngəzur dəhlizi ilə bağlı öhdəliyindən yayınması rəsmi Bakını real alternativ barədə düşünməyə sövq etdi.
Rəsmi İrəvan regional təcriddən çıxmaq məsqədilə ötən il “Sülh kəsişməsi” adlandırdığı perspektivsiz layihənin təqdimatını etsə də, bu ətrafda hansısa tərəfdarlar qazana bilməyib. Ermənistanın baş naziri Nikol Paşinyan layihənin guya “region ölkələri üçün faydalı olacağını”, “Ermənistan ərazisindən keçən yolun Xəzər dənizini Aralıq dənizi, Fars körfəzini Qara dənizlə birləşdirən səmərəli dəmir yolu və avtomobil marşrutuna çevriləcəyini” iddia etsə də, nəyəsə nail ola bilməyib.
Prezident İlham Əliyev haqlı olaraq regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin reallaşdırılmasının perspektivsiz olduğunu bəyan edib: “Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz”.
Rəsmi Bakı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinə əsaslanaraq hesab edir ki, Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz, daha dəqiqi, gömrük və sərhəd yoxlanışı olmadan keçidi təmin olunmalıdır. Bu cür yoxlanışların yalnız digər ölkələrin vətəndaşları üçün tətbiq edilməsi mümkündür. Qeyd edilən vacib şərtə əməl olunmaması isə Ermənistanın bundan sonra da təcrid vəziyyətdə qalmasına, tranzit baxımından əhəmiyyətini itirməsinə səbəb olacaq. Azərbaycanın İranla birgə reallaşdırdığı Şərqi Araz layihəsi Ermənistanı nəqliyyat qovşaqlardan növbəti dəfə kənarda qoymaqla yanaşı, regional inteqrasiya təşəbbüslərində iştirak imkanlarını da məhdudlaşdıracaq.