MTM-in Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin rəsmi internet resursları əsasında apardığı təhlilə əsan, 2024-cü ildə Azərbaycandan ixrac olunan xam neftin həcmi əvvəlki ilə nisbətən 9,4% azalaraq 23,60 milyon ton təşkil edib. 2023-cü ildə bu göstərici 26,05 milyon ton səviyyəsində olub. Azalmaya səbəb kimi qlobal enerji bazarındakı tendensiyaları, hasilat həcminin dəyişməsini və xarici bazarlardakı tələbatın səviyyəsini göstərmək olar.
Məlumat üçün bildirək ki, son beş ildə Azərbaycanın xam neft ixracı ilə bağlı göstəricilərində ardıcıl azalmalar müşahidə olunub. Yeganə istisna 2023-cü ildə qeydə alınıb.
Xam neftin tonla ifadəsində ixracı azalsa da, əldə olunan gəlir fərqli xətt üzrə dəyişib. Bu da neftin qiymətinin daim dəyişməsi ilə əlaqədar olub. Daha ətraflı qeyd etsək, 2024-cü ildə xam neftin ixracından 14,44 milyard dollar gəlir əldə olunub və bu, 2023-cü il ilə müqayisədə 11,1% azlıq təşkil edib. Xatırladaq ki, ötən il xam neftin bir barelinin orta qiyməti 82,68 dollar olub.
Son 5 ilin göstəricilərinə baxsaq, xam neftdən ən yüksək gəlir 2022-ci ildə əldə olunub. Həmin il 30 ölkəyə 26,02 milyon ton xam neft ixrac olunub və əldə olunan gəlirin həcmi 19,48 milyard dollar təşkil edib. Qeyd edək ki, 2022-ci ildə xam neftin bir barelinin ortalama qiyməti 101.14 dollar olub.
Məlumat üçün bildirək ki, 2024-cü ildə ümumilikdə 25 ölkəyə xam neft ixrac olunub. Özbəkistan, Bolqarıstan, Polşa, Uruqvay, Niderland və Serbiya ixrac siyahısına yeni daxil olan ölkələr sırasında olub. 2023-cü ildən fərqli olaraq ötən il Avstraliya, Malayziya və Sinqapura isə xam neft ixracı həyata keçirilməyib.
2023-cü ildə olduğu kimi ötən ildə də Azərbaycan xam neftinin əsas ixrac istiqaməti İtaliya olub. İl ərzində bu ölkəyə ümumilikdə 10,95 milyon ton xam neft ixrac edilib ki, bu da 6 754 416 210 ABŞ dolları dəyərində qiymətləndirilir. İtaliya Azərbaycan neftinin ən iri alıcısı olmaqda davam edərkən, Çexiya ikinci yerdə qərarlaşıb. 2024-cü ildə Çexiya Azərbaycandan 1 081 932 850 dollar dəyərində xam neft idxal edib. 873 398 610 dollar dəyərində xam neft idxalı ilə Xorvatiya üçüncü yerdə qərarlaşıb. Avropanın enerji təlabatında Azərbaycanın mühüm rol oynadığını və İtaliyanın ölkənin əsas ticarət tərəfdaşlarından biri olaraq qalmasını ölkəmizdən ən çox xam neft ixrac olunan ölkələrin siyahısına və statistik göstəricilərə baxmaq kifayət edir.
Aparılan təhlil zamanı məlum olub ki, ötən il xam neft ixracında ən yüksək artım Tailanda olan ixracda qeydə alınıb. 2023-cü ildə bu ölkəyə 26,1 milyon dollar dəyərində xam neft ixrac olunmuşdusa, 2024-cü ildə bu göstərici 9 dəfə daha çox, yəni 234,2 milyon dollar dəyərində olub. Artım Tunis və Portuqaliyaya ixrac olunan xam neftin həcmində də qeydə alınıb. Ötən il Tunisə ixrac olunan xam neftin həcmi 3,9, Portuqaliyaya isə 2,1 dəfə artıb.
2024-cü ildə ölkənin ümumi ixracının 54,37%-i xam neftin payına düşüb. 2020-2023-cü illər ərzində bu göstəricidə davamlı azalma müşahidə edilsə də, 2024-cü ildə müəyyən qədər artım qeydə alınıb. Ümumiyyətlə son 5 ildə ən aşağı göstərici 2023-cü ildə 47,91%, ən yüksək göstərici isə 2020-ci ildə 68,15%-ə çatıb. Bu dəyişikliklər qlobal enerji bazarında qiymət dəyişmələri, daxili istehsal və ixrac siyasətindəki dəyişikliklər, eləcə də alternativ məhsulların ixracının artması kimi amillərlə izah oluna bilər.