Azərbaycan 13 illik fasilədən sonra Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdiyini elan edib. Bu addım regionda gedən siyasi proseslər, Yaxın Şərqdə dəyişən qüvvələr balansı və Azərbaycanın xarici siyasətində yeni istiqamətlərin formalaşması baxımından mühüm hadisədir. Səfirliyin açılması təkcə diplomatik münasibətlərin yenidən qurulması deyil, həm də Azərbaycanın Yaxın Şərqdəki maraqlarının daha aktiv şəkildə qorunması anlamına gəlir. Bu kontekstdə, Suriya məsələsində Azərbaycan və Türkiyə arasında qurulan koordinasiya xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Suriya arasındakı diplomatik əlaqələr 1992-ci ildə qurulsa da, 2011-ci ildə Suriyada baş verən vətəndaş müharibəsindən sonra Bakı Dəməşqdəki səfirliyinin fəaliyyətini dayandırmışdı. Müharibə dövründə Suriya ərazisində qeyri-sabitlik, terror təhlükəsi və radikal qruplaşmaların aktivliyi Azərbaycanın bu ölkədə diplomatik missiyasını davam etdirməsini mümkünsüz etmişdi. Bununla yanaşı, Suriyanın uzun müddət Ermənistanla yaxın əlaqələr saxlaması, Suriya hökumətinin Qarabağ münaqişəsi dövründə dolayısı ilə Azərbaycana qarşı mövqe nümayiş etdirməsi ikitərəfli münasibətlərin korlanmasına gətirib çıxarmışdı. Lakin ötən ilin dekabrında Əsəd rejiminin süqutundan sonra Bakı ilə Dəməşq arasında əlaqələrin normallaşması istiqamətində addımlar atıldı. Bu müstəvidə Türkiyə və Azərbaycan prezidentləri arasında həyata keçirilən telefon danışıqları, Bakıdan İdlibə yola salınan humanitar yardım ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması istiqamətində əhəmiyyətli addım oldu. Bu baxımdan 13 ildən sonra Azərbaycanın Suriyadakı səfirliyini yenidən açması bir neçə mühüm geosiyasi amillə izah oluna bilər.
Əsas məsələ bu istiqamətdə Türkiyə ilə diplomatik koordinasiyanın gücləndirilməsidir. Türkiyə uzun illərdir ki, Suriya məsələsində aktiv rol oynayır və bu ölkənin şimalında təhlükəsizlik zonasının yaradılması üçün ciddi səylər göstərirdi. Hazırda Ankara üçün Suriyada sabitliyin bərpası, qaçqınların geri qaytarılması və terror təşkilatlarının neytrallaşdırılması həyati əhəmiyyət daşıyır. Azərbaycan qardaş ölkə olaraq, Türkiyənin regional siyasətinə uyğun şəkildə hərəkət edərək Suriya məsələsində Ankaranın strateji maraqlarına dəstək verir. Digər tərəfdən bu məsələyə Azərbaycanın son illərdə ərəb dünyası ilə apardığı diplomatik münasibətlərin tərkib hissəsi kimi baxmaq lazımdır. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və Misir kimi ölkələrlə diplomatik əlaqələri gücləndirən Azərbaycan Suriyada yaranmış yeni prosesdən kənarda qalmaq istəmir, buna görə də Suriyada diplomatik mövcudluğunu bərpa etməyi zəruri hesab edir. Mühüm amillərdən biri də ticarət və iqtisadi imkanların genişləndirilməsidir. Artıq Suriyada müharibədən sonrakı bərpa prosesi başlayıb və bir çox ölkə bu prosesdə iştirak etmək üçün yeni əlaqələr qurur. Azərbaycan da bu prosesdə yer almaq, xüsusilə infrastruktur və enerji sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq niyyətindədir.
Suriya məsələsində Azərbaycan və Türkiyə arasında koordinasiyanın olması hər iki ölkə üçün vacibdir. Ankara və Bakı artıq bir çox regional məsələlərdə birgə hərəkət etmək təcrübəsinə malikdir. Belə ki, Türkiyə və Azərbaycan Suriya məsələsində koordinasiya quraraq terror təhlükəsinə qarşı birgə strategiya yürüdür, humanitar və bərpa proqramlarında iştirak edir, siyasi dəstək və diplomatik fəaliyyət nümayiş etdirir. Ona görə də Azərbaycanın Suriyada səfirliyini açması təkcə bu ölkə ilə əlaqələrin bərpası deyil, həm də Bakının yeni xarici siyasət xəttinin bir hissəsi kimi qiymətləndirilə bilər. Bu çərçivədə, Bakı İslam dünyasında nüfuzunu artırır, yeni iqtisadi imkanlar qurur, Türkiyə ilə əlaqələrini daha da gücləndirir. Bu baxımdan Azərbaycanın Suriyada səfirliyini yenidən açması strateji xarici siyasət qərarı olmaqla Bakını Yaxın Şərqdə aktiv oyunçuya çevirir, Türkiyə ilə regional koordinasiyanı gücləndirir və yeni iqtisadi-siyasi imkanlar əldə etməyə çalışır. Bu qərar Azərbaycanı təkcə Suriya ilə deyil, bütövlükdə ərəb dünyası ilə daha yaxın əlaqələr qurmağa, regiondakı siyasi proseslərdə aktiv iştirak etməyə və Türkiyə ilə birgə regional strategiyalar həyata keçirməyə daha da yaxınlaşdırır. Səfirliyin bərpası Azərbaycanın Yaxın Şərq siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər.