Son illərdə beynəlxalq hüquq normalarını iflic vəziyyətə salan əsas amillərdən biri də dünya siyasətinin aparıcı dövlətlərin imperialist iddialarından asılı vəziyyətə düşməsidir. Soyuq müharibənin əsas siyasi-ideoloji qütbləri və hədəfləri, demək olar ki, dəyişməyib: daha çox dövləti koloniyaya, for-posta çevirməklə qlobal maraqları gerçəkləşdirmək, əzələ nümayişi ilə hegemonluq iddialarını həyata keçirmək cəhdləri bu gün də aşkar sezilir.
Bəzi dövlətlərin imperalist maraqlarını və iddialarını “demokratik inkişafa dəstək” adı altında yaratdıqları qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirmək niyyəti son illərdə daha geniş miqyas alıb. Məqsəd ayrı-ayrı dövlətlərin daxilindəki müəyyən siyasi təsisatları, media qurumlarını, qeyri-hökumət təşkilatlarını müxtəlif üsullarla maliyyələşdirmək, onların vasitəsilə ilə milli hakimiyyətlərin siyasətinə təzyiq imkanları əldə etməkdir.
Uzağa getməyək, son aylarda qonşu Gürcüstanda cərəyan edən xaotik proseslərin – xalqın iradəsi ilə formalaşan hakimiyyətin qeyri-qanuni yollarla devrilməsi cəhdlərinin xaricdən maliyyələşdirilməsi və idarə olunması rəsmi Tbilisi tərəfindən açıq bəyan edildi. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirdi ki, gürcü müxalifəti “əvvəlcədən razılaşdırılmış inqilab planı” əsasında son 4 ildə 3 dəfə ölkədəki qanuni hakimiyyəti devirməyə cəhd edib. Bu qeyri-qanuni cəhdlərin qarşısını alan Gürcüstan hakimiyyəti hazırda Avropa ölkələrinin, ABŞ-ın açıq təhdidlərinə, təzyiqlərinə məruz qalıb.
Reallıq budur ki, ABŞ və Avropa ölkələrinin bir qismində seçkilər, insan hüquqlarının təminatı, siyasi və hüquqi təsisatlarla bağlı ciddi problemlərin mövcudluğu beynəlxalq mediada sərt tənqidə məruz qalıb. İnsan hüquqları sahəsində ciddi problemləri olan bu ökələrin digər ölkələrdə insan hüquqlarının vəziyyətini təftiş edən “orbitr” qismində çıxış etmələri sağlam məntiqə sığmır. Bu faktlara göz yuman ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi təşkilatlar, “Human Rights Watch”, “Article 19”, “Amnesty International” və digər qərəzi qurumlar demokratiya bayrağı altında inkişaf etməkdə olan dövlətlərin daxili işlərinə müdaxilə edir, bu məqsədlə müəyyən təsisatları qeyri-leqal yollarla maliyyələşdirməyə çalışırlar.
Xatırlatmaq lazımdır ki, ötən əsrin 90-cı illərində, eləcə də 2000-ci ilərin əvvəlində ölkəmizdə USAİD, NDİ, İREX, Marşall Fondu, Fridrix Nauman Fondu, Sərhədsiz Reportyorlar, “İnternyus” və digər bu kimi onlarla təşkilatın ofisi mövcud olub. Həmin təşkilatlar maliyyələşdirdikləri siyasi partiya, QHT və media qurumları vasitəsilə ölkənin qanuni hakimiyyətinə təzyiq görtərməyə, müstəqil siyasətdən döndərməyə çalışsalar da, mürtəce niyyətlərinə nail olmayıblar.
Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan bu gün də Qərbin bəzi aparıcı dövlətlərinin və təşkilatlarının “ikili standartlar”a qarşı çıxır, bunu separatizmə aşkar dəstək kimi dəyərləndirir. Son üç ildə Ukraynanı dəstəkləyən, ona hər cür dəstəyi göstərən Qərb dövlətləri 30 il analoji situasiya ilə üzləşmiş Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi, ərazisində separatçılığa son qoyması ilə nədənsə barışa bilmirlər. Postsovet məkanındakı oxşar münaqişələrə beynəlxalq hüquq prizmasından yanaşan Qərbin Azərbaycana münabətdə fərqli mövqe nümayiş etdirməsi normal məntiqdən uzaq və qərəzlidir.
Müstəqil, milli maraqlara əsaslanan siyasət yürüdən Azərbaycan hakimiyyəti qeyri-qanuni xarici müdaxilə cəhdlərinin qarşısını almaq məqsədilə son 15 ildə media və qeyri-hökumət təşkilatlarına şəffaf maliyyə dəstəyi mexanizmlərinin formalaşdırılmasını təmin edib. Eyni zamanda, qanunvericilik əsasında media və QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi qadağan edilib. Son iki ildə bəzi media qurumlarının, QHT təmsilçilərinin qaçaqmalçılıq yolu ilə xaricdən maliyyələşdirilməsi faktları aşkar edilib və onlara qarşı qanuni ölçülər götürülüb. Həmin media qurumlarının maliyyə dəstəyi aldıqları ölkələrin və təşkilatların məkrli maraqlarının ifadəçisinə çevrilmələri, milli maraqlara zidd fəaliyyəti ilə bağlı təkzibolunmaz faktlar açıqlanıb.
Ümumiyyətlə, postmüharibə dövründə, xüsusilə lokal antiterror tədbirlərindən sonra Azərbaycanın ideloji-siyasi təhlükəsizliyinə qarşı yönəlmiş məqsədli informasiya manipulyasiyaların, feyk məlumatların zərərsizləşdirilməsi, beynəlxalq rəyin düzgün istiqamətləndirilməsi son dərəcə zəruridir. Bunu nəzərə alan aidiyyəti dövlət qurumları qeyri-şəffaf maliyyələşmə üsullarından istifadə edərək ölkəmizin daxili işlərinə müdaxilə imkanları əldə etməyə çalışan əcnəbi qurumların fəaliyyətini məhdudlaşdırmaq istiqamətində qətiyyətli qərarlar qəbul edirlər. Ötən il ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), bu ilin fevral ayında Rusiyanın “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinin dayandırılması rəsmi Bakının istənilən təhdidə qarşı qətiyyətli mövqe tutuduğunu bir daha təsdiq edir.
Son günlər USAID-in fəaliyyəti ilə bağlı aşkarlanan şübhəli məqamlar, qurumun mövcudluğuna hətta ABŞ-nin özündə belə son qoyulması rəsmi Bakının ötən il verdiyi qərarın nə qədər haqlı olduğunu təsdiqləyir. USAID vasitəsilə xarici yardımın göstərilməsi ABŞ-nin bəzi ölkələrdən istədiyini əldə etməsi üçün uzun illər siyasi alət kimi istifadə olunub. Məhz bu səbəbdən bir çox ölkələr qurumun fəaliyyətini dayandırmaqla, daxili siyasətə kənar müdaxilə cəhdlərinin qarşısını alıblar.
Nəhayət ABŞ özü də bu addımı atmaqla, təşkilatın fəaliyyətinin mürtəce xarakter daşıdığını etiraf etmək məcburiyyətində qalıb. Prezident Tramp bildirib ki, bu addım USAID-də korrupsiyanın görünməmiş miqyas alması ilə əlaqədardır: “Sol radikallar USAID-lə bağlı qəzəb içindədirlər. Vəsaitlərin necə sərf olunduğunu, dələduzluğun miqyası nəzərə alınaraq, demək olar ki, onlar bununla heç nə edə bilmirlər. Korrupsiya görünməz miqyas alıb”.
Qeyd edilənlər həm də onu göstərir ki, müasir dünyada imperalizm siyasətindən əl çəkə bilməyən ölkələr hələ də “insan hüquqları”, “demokratiya” kimi mövzulardan konyunktur maraqlarını gerçəkləşdirmək üçün istifadə edirlər. Lakin rəsmi Bakının hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti istənilən geosiyasi təhdidə çevik müqaviməti təmin edir.