İRAN AZƏRBAYCANIN YARATDIĞI YENİ REGİONAL REALLIQLARI QƏBUL ETMƏYƏ BAŞLAYIB

Azərbaycan və İran arasındakı münasibətlər son illərdə mürəkkəb və dəyişkən mərhələlərdən keçib. Bir tərəfdən iki ölkə arasında iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq imkanları genişlənib, digər tərəfdən isə ikitərəfli münasibətlərdə siyasi gərginlik dövrü yaşanıb. Xüsusilə, İranın Ermənistanla hərbi-siyasi münasibətləri, sərhədyanı bölgələrdə keçirilən təlimlər və Azərbaycana qarşı sərt ritorika, Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror aktı Bakının ciddi narazılığına səbəb olub. Lakin son aylarda Tehranın siyasətində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. İran artıq Azərbaycanla münasibətləri normallaşdırmaq və yeni əməkdaşlıq yolları tapmaq istəyir. Baş nazir Əli Əsədovun İrana rəsmi səfəri də yuxarıda qeyd edilən səbəblərdən diqqət çəkir.

Bu tendensiyanın əsas səbəblərindən biri Ermənistanın xarici siyasətində baş verən dəyişikliklərdir. Ermənistanın baş naziri Nikol Paşinyan getdikcə daha açıq şəkildə Qərbyönümlü siyasət həyata keçirir, Avropa İttifaqı və ABŞ-la münasibətlərini möhkəmləndirir. Qərbin Ermənistanda hərbi mövcudluğunu artırmaq cəhdləri və İrəvanın KTMT-dən uzaqlaşması İranı ciddi narahat edir. Çünki Tehran uzun illər ərzində Ermənistanı Cənubi Qafqazda öz təsir dairəsində saxlayırdı və bu ölkədən Azərbaycana qarşı geosiyasi rıçaq kimi istifadə edirdi. Lakin Ermənistanın Qərbə meyillənməsi İranın bu strategiyasını iflasa uğradığını göstərir. Bu vəziyyətdə İranın Azərbaycanla daha yaxın münasibət qurmaq istəyi məntiqlidir. Azərbaycan regionda mühüm tranzit və iqtisadi gücə sahibdir və İranın şimal sərhədlərində stabillik üçün Bakı ilə əməkdaşlıq vacibdir. Əli Əsədovun səfəri bu kontekstdə İran-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasının rəsmi təsdiqi ola bilər.

Baş nazir Əli Əsədovun səfərindən bir müddət əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyev də Tehranda rəsmi görüşlər keçirmişdi. Hacıyevin səfəri tərəflər arasında diplomatik körpülərin qurulması baxımından əhəmiyyətli idi. O, İranın yüksək vəzifəli rəsmiləri ilə görüşərək Azərbaycanla İran arasında əməkdaşlıq imkanlarını müzakirə etdi. Bu səfər iki ölkə arasında yeni dialoq formatının formalaşdığını göstərdi. Hikmət Hacıyevin Tehrana səfəri həm də İranın regionda yeni reallıqları qəbul etməyə başladığını nümayiş etdirdi. Belə ki, Azərbaycan 2020-ci ildə Qarabağ müharibəsində tarixi qələbə qazanıb və öz ərazi bütövlüyünü bərpa edib. İran isə əvvəlcə bu reallığı qəbul etməkdə çətinlik çəksə də, son nəticədə Bakı ilə münasibətləri bərpa etməyə üstünlük verdi. İndi isə ikitərəfli münasibətlər Azərbaycanın baş nazirinin İrana səfəri ilə daha da möhkəmləndirilir. Çünki baş nazir Əli Əsədovun səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bu mövzular arasında nəqliyyat və logistika məsələləri xüsusilə diqqəti cəlb edir. Belə ki, Rəşt-Astara dəmir yolu layihəsi Azərbaycanla İran arasında mühüm iqtisadi əməkdaşlığı nəzərdə tutur. Bu layihə Şimal-Cənub nəqliyyat dəhlizinin gücləndirilməsinə xidmət etməklə iki ölkə arasındakı tranzit imkanlarını genişləndirəcək. Bu səfər çərçivəsində İranla Azərbaycan arasında enerji mübadiləsi və birgə layihələr barədə yeni razılaşmaların əldə olunması da mümkündür. Belə ki, Azərbaycan qazının İran vasitəsilə ötürülməsi və İranın elektrik enerjisinin Azərbaycana ixracı məsələləri gündəmdə ola bilər. Bundan əlavə, Azərbaycanla İran sərhəddə təhlükəsizliyin təmin edilməsi və qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üçün birgə tədbirlər görə bilər.

Buradan da görünür ki, İranın Azərbaycanla yaxınlaşmaq istəyi təkcə iqtisadi maraqlarla bağlı deyil, həm də regiondakı siyasi dəyişikliklərin nəticəsidir. Çünki
Ermənistanın yürütdüyü siyasət İran üçün bir neçə ciddi problemlər yaradır. Birincisi, regionda Qərbin nüfuzu artır. Ermənistanın Fransa və ABŞ-la yaxınlaşması Cənubi Qafqazda Qərbin təsirinin güclənməsinə səbəb olur. İran isə regionda Qərbin aktivliyini öz təhlükəsizliyi üçün təhdid kimi qəbul edir. İkincisi, İran-Ermənistan münasibətləri zəifləyir. Uzun illər İrəvana hərbi-iqtisadi dəstək verən Tehran artıq Qərbə meyillənən Ermənistandan soyuyub. Üçüncüsü, Tehranda Azərbaycanla əməkdaşlıq zərurətini anlayıblar və İran regionda balans yaratmaq üçün Azərbaycanla daha sıx əməkdaşlığın vacib olduğunu anlayır. Bu səbəblərdən Tehran Bakıya qarşı əvvəlki sərt siyasətindən geri çəkilərək yeni əməkdaşlıq formatına üstünlük verir. Əli Əsədovun İrana səfəri də bu yeni strategiyanın mühüm tərkib hissəsidir.