ABŞ-DAN ƏLİ ÜZÜLƏN ERMƏNİSTAN FRANSAYA SIĞINIR, PARİS İSƏ BU ÖLKƏNİ DAHA BÖYÜK SÜRƏTLƏ MƏHVƏ SÜRÜKLƏYİR

ABŞ-dan əliboş qayıtdıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya təsəlli səfəri etməklə erməni cəmiyyətinə xarici siyasətdə ölkəsinin yalnız fiasko ilə üzləşmədiyini, həm də uğur qazandığını nümayiş etdirməyə çalışır. Qeyd olunmalıdır ki, Paşinyanın əsas niyyəti ABŞ-yə səfəri çərçivəsində Prezident Donald Trampla görüşmək, yeni Amerika administasiyası ilə işləməyə hazır olduğunu nümayiş etdirmək idi. Ancaq Ermənistanın bütün rəsmi cəhdlərinə, erməni diaspor və lobbisinin genişmiqyaslı səylərinə baxmayaraq, Paşinyanın Trampla görüş arzusu gözündə qaldı. Əvəzində yalnız bir neçə ermənipərəst konqresmenlə fikir mübadiləsi aparmaq mümkün oldu. Yenə erməni lobbisinin, xüsusən də Ermənistana yaxın bir neçə konqresmenin uzun-uzadı xahişlərindən sonra ABŞ-ın  vitse-prezident Ceyms Devid Vens Paşinyanla protokoldan kənar bir neçə dəqiqəlik söhbət etdi.

Paşinyanın Ceyms Devid Venslə görüşünün mənasız olduğunu erməni mediası, ekspert dairələri də xüsusi olaraq vurğulayırlar. Məsələn, qeyd edilir ki, görüşdə Ermənistan bayrağının qoyulmaması bu ölkənin ABŞ üçün əhəmiyyətsizliyini nümayiş etdirən başlıca məqamlardan biri oldu. ABŞ tərəfi isə bu görüşlə bağlı ümumiyyətlə, hansısa məlumat yaymağa lüzum görmədi. Elə bu fonda  Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan bunun təsadüfi xarakter daşımadığını bildirir: “ABŞ-da vitse-prezident institutu siyasi iyerarxiyada o qədər də nüfuzlu deyil, xarici siyasət məsələlərində onun preroqativləri yoxdur. Görüşün özü də çox güman ki, 5-7 dəqiqə davam edib və sırf tanışlıq xarakterli olub. Açığı, belə bir görüşdə ciddi geosiyasi məsələlər müzakirə oluna bilməzdi. Ermənistanın baş naziri qərar qəbul edən heç bir şəxslə görüşməyib. O, nə prezident Trampla, nə dövlət katibi Rubio ilə, nə müdafiə naziri ilə, nə də prezidentin milli təhlükəsizlik müşaviri ilə görüşüb. Yalnız bunlar ABŞ-ın xarici siyasətinin nədən ibarət olacağını müəyyənləşdirən rəsmilərdir. Ona görə də Paşinyan üçün ABŞ-ın Ermənistan siyasətinin necə olacağı sualı açıq qalır”.

Yeni ABŞ  administrasiyanın bu yanaşması Paşinyanda ciddi təşviş yaradıb. Elə bu səbəbdən ABŞ-dan qayıdan kimi Paşinyan dərhal Fransaya yollanıb. Düzdür, Ermənistanda bildirilir ki, bu səfərin əsas məqsədi Süni İntellekt üzrə Fəaliyyət Sammitində iştirak etmək olub. Amma Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla görüşündə əsas müzakirə predmeti tamam başqa məsələlər olub. Diqqət yetirilən başlıca məqamlar ikitərəfli münasibətlərlə yanaşı, regionda mövcud vəziyyət, o cümlədən Azərbaycanla Ermənistanın münasibətlərinin perspektivi, sərhədlərin delimitasiyası, həmçinin “Sülh kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiyaların açılması olub. Ermənistan bu məsələlərdə özünə Qərbdə hami axtarışını davam etdirir. Lakin əli ABŞ-dan üzüldükdən sonra əsas diqqəti Fransa üzərində cəmləyib.

Emmanuel Makron gözlənildiyi kimi Paşinyanın Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı mövqeyini, “Sülh kəsişməsi” layihəsini  dəstəklədiyini bildirib. Yelisey sarayının məlumatına görə, tərəflər həmçinin hərbi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər. Lakin o da faktdır ki, reallıqda Fransa Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına ən böyük əngəl yaradan tərəflərdən biridir. Fransanın dəstək verdiyi “Sülh kəsişməsi” layihəsi isə ümumiyyətlə, Azərbaycanın razılığı olmadan reallaşa bilməz.  Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu xüsusda Prezident İlham Əliyev qeyd edib ki, Paşinyanın ortaya atdığı dırnaqarası “Sülh kəsişməsi” layihəsinin  Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur: “Biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır…”. Bu reallığı Fransanın da anlaması, qəbul etməsi lazımdır.

Digər tərəfdən Fransa İkinci Qarabağ müharibəsindən sonra yürütdüyü siyasətlə özünü Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesindən kənarda qoyub.  O səbəbdən Fransa hakimiyyətinin Ermənistanın Azərbaycanla perspektiv münasibətlərinə yön vermək cəhdləri birmənalı şəkildə iflasa məhkumdur.  Faktdır ki, Fransanın Cənubi Qafqaz siyasətinə  Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə ölümcül zərbə xarakteri daşıdı. İlk növbədə o baxımdan ki,  Azərbaycan qələbəsi ilə regionda tamam yeni reallıq yaratdı, Cənubi Qafqazda əsas söz sahibi kimi mövqeyini daha da da gücləndirdi. Eyni zamanda Fransanı narahat edən daha bir məqam dünya geosiyasəti, geoiqtisadiyyatı üçün önəmi artan Cənubi Qafqazda öz yanlış siyasətinə görə arxa plana atılması oldu. Belə olan halda Fransa hakimiyyəti bunun qarşısını almaq, həmçinin, erməni diasporunun dəstəyini qazanmaq məqsədilə Azərbaycana qarşı beynəlxalq hüquqa zidd olan mövqe sərgilədi, yanlışlıqlarla dolu siyasət yürütdü. Rəsmi Paris Azərbaycana təzyiq göstərməklə, Ermənistanın tərəfini tutmaqla  regionda istəyinə nail olacağına ümid bəsləyirdisə, tamam əks mənzərə ilə üzləşdi.

Bu gün Fransa Cənubi Qafqazda cərəyan edən hadisələrə hansısa təsir imkanına malik deyil. Elə o səbəbdən Nikol Paşinyanın Fransaya təsəlli səfəri Ermənistan üçün hansısa ciddi nəticəyə gətirib çıxarmayacaq. Ermənistan üçün ən yaxşı hal Fransadan alınan hərbi texnika, silah-sursatın sayında müəyyən artımın ola biləcəyidir. Amma bu da Azərbaycanla hərbi müstəvidə mövcud fərqin azaldılmasına hansısa ciddi təsir göstərmək iqtidarında deyil.

Strateji olaraq, Ermənistanın silahlandırılması qərarı bu ölkənin Fransanın orbitinə daxil edilməsinə, Rusiyanın regionda mövqelərinin sıxışdırılmasına hesablanıb. Amma Fransanın bu niyyəti onun Cənubi Qafqaz siyasəti və Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Məsələ burasındadır ki, Ermənistana silah tədarükünü artırmaqla Fransa bu ölkədə təcavüzkar siyasət yürütməkdə maraqlı olan revanşist qüvvələrin mövqeyini gücləndirir, onları bölgədə destruktiv fəaliyyətə sövq edir. Həmin qüvvələrin əsas hədəfi Azərbaycandır. Amma Azərbaycanla hansısa yeni toqquşmalar Ermənistanın məhvindən başqa heç nəyə xidmət etmir. Bunu Fransa da bildiyi halda yenə Ermənistanı fəlakətə sürükləməkdə davam edir. Bundan əlavə,  Fransanın Ermənistanı silahlandırması Rusiyada da müsbət qarşılanmır, əksinə, Kremlin İrəvanla bağlı siyasətində korrektələri sürətləndirir.  Hadisələrin bu səpkidə inkişafı isə Ermənistana böyük təhlükələrdən başqa heç nə vəd etmir.