ERMƏNİSTANIN ÖHDƏLİKLƏRİNƏ ƏMƏL ETMƏMƏSİ SÜLH VƏ SABİTLİK ÜÇÜN ƏN REAL TƏHDİDDİR

Ermənistan baş naziri Nikol Paşinyanın fevralın 10-da “Armenpress” agentliyində yerləşdirilmiş məqaləsi onun ənənəvi populist ritorikadan çıxa bilmədiyini, ölkəsini guya “sülhdə maraqlı”, Azərbaycanı isə “təhdid dilində danışan və eskalasiyaya hazırlaşan” tərəf kimi təqdim etmək cəhdlərinin əyani göstəricisidir. Ənənəvi yalanlarını davam etdirən N.Paşinyan iddia edir ki, Ermənistanın guya 200 kvadratkilometr ərazisini “işğal altında saxlayan” Azərbaycan növbəti hərbi eskalasiyaya siyasi-hərbi zəmin hazırlamağa çalışır.

Baş nazir məqaləsində bu cəfəng arqumenti təkrar edərək bildirir ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətini dəstəkləyən rəsmi Bakı Ermənistan ərazisinin 60 faizinə qarşı ərazi iddiası irəli sürür: “Praqada əldə edilmiş razılaşmalara zidd olaraq, Azərbaycan tərəfindən ən yüksək səviyyədə Ermənistan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar verilir”.

Son illərdə Ermənistan və bu ölkənin havadarlarının təsir dairəsində olan media vasitələrində Azərbaycanın Qarabağdan sonra bu dəfə Zəngəzur dəhlizi ilə bağlı planlarını reallaşdırmaq üçün “hücuma hazırlaşdığı” iddia olunub. Ölkəmizin Ermənistandan deportasiya edilmiş azərbaycanlıların bu ölkəyə geriyə qayıdışının təmin edilməsi ilə bağlı haqlı tələbinin bu ölkəyə qarşı guya “ərazi iddiası” kimi şərh olunması da həmin məkrli kampaniyanın tərkib hissəsidir.

Ermənistanın baş naziri Nikol Paşinyan başqa olmaqla, bu ölkənin rəsmilərinin Azərbaycanı sülhdə maraqlı olmayan, müharibəyə hazırlaşan, hərbi güclə təhdid edən tərəf kimi qələmə vermək cəhdləri son aylarda geniş miqyas alıb. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ay yerli televiziya kanallarına müsahibəsində ölkəmizin Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını, sadəcə, bu ölkənin sülhün əldə olunması naminə üzərinə götürdüyü öhdəliklərə əməl etməsinin vacibliyini bir daha diqqətə çatdırıb.

Reallıq budur ki, sözdə sülhdən dəm vuran rəsmi İrəvan son iki ildə kütləvi silahlanmanı davam etdirir, ABŞ və Fransa ilə birgə hərbi təlimlər keçirir, bir sıra ölkələrdən silah-sursat, hərbi texnika alır. Hərbi xərclərini 2025-ci ildə daha 20 faiz artıran rəsmi İrəvanın Bakının haqlı tələblərini “gərginlik yaratmaq cəhdi” kimi şərh etməsi tamamilə absurdddur. 30 ilə yaxın müddətdə işğalçılıq siyasəti yürüdən Ermənistanın Azərbaycanı regional təhlükəsizliyi təhdid edən davranışlarda ittiham etməsi son dərəcə qeyri-səmimi yanaşmadır. Bununla Nikol Paşinyan hakimiyyəti bir tərəfdən militarizasiya siyasətinə bəraət qazandırmağa, digər tərəfdən Fransa və ABŞ-nin daha çox maddi və hərbi dəstəyini qazanmağa çalışır.

Ermənistanın baş naziri Nikol Paşinyanın məqaləsində yer alan “sülh və sabitlik çağırışları” bu ölkənin real davranışları ilə ziddiyyət təşkil edir. Təcavüzkar ölkə son illərdə üzləşdiyi bütün uğursuzluqlara rəğmən, əsassız iddialarından, bəzi revanşist yanaşmalarından əl çəkmir, öhdəliklərinin icrasını yubadır. N.Paşinyanın son məqaləsində Qarabağ separatçılarının Bakıda beynəlxalq normalara keçirilən məhkəmə prosesini “teatr” adlandırması da onun özünün etimadsızlığı dərinləşdirəcək aqressiv ritorikaya rəvac verdiyini, qızışdırıcı mövqe tutduğunu aydın göstərir.

Prezident İlham Əliyev dəfələrlə qarşı tərəfi danışıqlar prosesində səmimi davranmağa, dayanıqlı sülh naminə rəsmi Bakının ədalətli və beynəlxalq hüquqa söykənən tələblərini qəbul etməyə çağırıb. Ermənistan rəhbərliyi isə regionda dayanıqlı sülhün və təhlükəsizliyin bu şərtlərə əməl olunmasından keçdiyini yaxşı bildiyi halda, onların icrasını yubatmaq mövqeyi tutur.

Xatırladaq ki, Ermənistan COP ərəfəsində yekun sülh sazişinin 80 faizədək razılaşdırılmış müddəaları əsasında natamam sülh sazişinin imzalanmasını təklif etsə də, rəsmi Bakı haqlı olaraq bundan imtina edib. Məsələ burasındadır ki, bir sıra prinsipial məsələlərin açıq qalması, iki ölkə arasında müəyyən problemli məsələlərin zamanında həllini tapmaması gələcəkdə regionda yeni gərginlik dalğasının yaranması ilə nəticələnə bilər. Ermənistan Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarının aradan qaldırılması, ATƏT-in Minsk Qrupu və münaqişə ilə əlaqədar əvvəllər yaradılmış digər qondarma qurumların ləğvi, Zəngəzur Dəhlizi ilə əlaqədar öhdəliyin yerinə yetirilməsi, Avropa İttifaqının hərbi-siyasi missiyasının təcavüzkar ölkənin ərazisindən çıxarılması, beynəlxalq platformalarda saxta iddialarından əl çəkilməsi rəsmi Bakının haqlı tələbləri sırasındadır.

Azərbaycan və Ermənistan arasında danışıqların uğurla yekunlaşdırılması Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmasından, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörməti əməli surətdə təsdiqləməsindən asılıdır. Bu tələblərin heç birinə əməl etməyən rəsmi İrəvanın ölkəmizlə bağlı absurd iddialar səsləndirməsi, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışması bu ölkənin özünün yeni müharibəyə hazırlaşması qənaətinə gəlmək üçün ciddi əsaslar yaradır.

N.Paşinyanın Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı iddiaları da reallıqdan uzaqdır. Qarabağ ermənilərinin könüllü köçü ətrafında əsassız kampaniya aparan Ermənistan rəhbərliyi 250 mindən çox azərbaycanlını öz ərazisindən qovması faktını etiraf etmək istəmir. Azərbaycanlıların geriyəqayıdış hüququnu tanımaması həm də bu ölkədə hökm sürən etnik-milli, dini dözümsüzlüyün, faşizm ideologiyasının real təzahürləridir.

Prezident İlham Əliyev Azərbaycanın fəal əməkdaşlıq və inteqrasiya tərəfdarı olduğunu bəyan edib və bu da respublikamızın regiondakı lokomotiv rolunu, konstruktiv yanaşmasını təcəssüm etdirir. Başqa sözlə, indi regionda sülh və sabitliyin davamlı olması, iqtisadi-siyasi, ticari əlaqələrin bərpası rəsmi İrəvanın real vəziyyəti düzgün qiymətləndirməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün qətiyyətli addımlar atmasından asılıdır. Qarabağın ilhaqına yönələn beynəlxalq hüquqazidd siyasəti tam iflasa uğrayan Ermənistanın hazırkı həlledici mərhələdə sülh prosesini əngəlləyən, etimadı sarsıldan yeni iddia və bəhanələrlə çıxış etməsi, imitasiya ilə məşğul olması, şübhəsiz ki, uzun müddət davam edə bilməz.