Rəsmi Bakının regionda sülh quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər, regional əməkdaşlıqla bağlı irəli sürdüyü təşəbbüslər rəsmi İrəvan tərəfindən adekvat qarşılanmır. Sözdə regionda sülh və sabitlikdə maraqlı olduğunu iddia edən Ermənistan rəhbərliyi reallıqda ölkəmizə qarşı təkcə ideloji-siyasi deyil, hərbi təxtibatlarını davam etdirir, mövqelərimizi atəşə tutur.
Konstitusiyasında Türkiyə və Azərbaycana qarşı açıq ərazi iddialarının yer aldığı Ermənistanın militarizm siyasətini son aylarda daha da genişləndirməsi, Ordusunu müasir silahlarla təchiz etməsi regional sabitlik üçün potensial təhdiddir. Rəsmi Bakı bu və digər faktları qlobal tədbirlər vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırmaq, Ermənistanın sülh imitasiyasının ifşa etmək istiqamətində qətiyyətli addımlar atır.
Azərbaycan, Gürcüstan və Türkiyə İkinci Qarabağ müharibəsindən sonra region ölkələrinin iştirakı ilə müxtəlif formatlı əməkdaşlıq təşəbbüsləri irəli sürsələr də, qərəzli iddialarından əl çəkməyən Ermənistan prosesi əngəlləmək mövqeyi tutur. Uzun illər ərzində perspektivə hesablanan bütün “planlarını” işğalçılıq marağı üzərində kökləyən Ermənistan son 30 ildə regionda reallaşdırılan qlobal layihələrdə iştirak imkanlarından məhrum olub, strateji əhəmiyyətli müəssisələrini, dəmir yollarını Rusiyaya satmağa məcbur qalıb. Azərbaycanla münaqişə vəziyyəti yaratması Ermənistanı özünütəcrid vəziyyətinə salıb, mühüm iqtisadi dividendlərdən kənarda saxlayıb. Halbuki, ölkəmizin son 30 ildə Gürcüstan və Türkiyə ilə həyata keçirdiyi qlobal neft-qaz, nəqliyyat, logistika layihələri təkcə regionun deyil, ümumən Avropa və Asiya dövlətlərinin maraqlarına cavab verir.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Ermənistanın sülh prosesini pozmağa yönəlmiş destruktiv davranışlarını bir daha diqqətə çatdırıb. Dövlət başçısının açıqlamaları Azərbaycanın Cənubi Qafqazda sülh, sabitlik tərəfdarı kimi münaqişə səhifəsinin bağlanmasında, ədavət mühitinin aradan qaldırılmasında, regional inteqrasiyada maraqlı olmasının, bu istiqamətdə ciddi siyasi iradə nümayişinin təcəssümüdür. Prezident İlham Əliyev Ermənistanın yürütdüyü işğalçı siyasət nəticəsində özünü regiondakı mühüm layihələrdən kənarda saxladığını, dalan dövlətə çevrildiyini xüsusi vurğulayıb: “Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar “böyük bir Ermənistan” xülyası ilə yaşayırdılar”.
Azərbaycanın Qarabağ münaqişəsinə birdəfəlik son qoyaraq suverenliyini bərpa etməsi fonunda Ermənistanın əvvəlki səhvləri davam etdirərək regional əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən imtina etməsi bu ölkənin daha böyük itkilərə məruz qalması ilə nəticələnə bilər. Rəsmi İrəvan hazırda yaxşı başa düşür ki, yeganə çıxış yolu inkişafı tormozlayan əsassız, qeyri-hüquqi iddialardan əl çəkmək, konstruktiv mövqe sərgiləyərək Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdır. Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı qalması olması Ermənistanın xarici ticarət və ixrac imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır.
Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmiryolu və avtomobil yollarının İran ərazisindən çəkilişi ilə bağlı əldə olunmuş memorandum son illərdə rəsmi İrəvanın Zəngəzur dəhlizi mövzusu ilə manipulyasiya etmək cəhdlərinin qarşısını alıb. Dəhlizin Ermənistan ərazisindən keçməsi Azərbaycan üçün əvvəlki cəlbediciliyini itirib. Bu, rəsmi İrəvanın həm də külli miqdarda illik tranzit gəlirindən məhrum olması, dalan vəziyyətdə qalması deməkdir.
Şərqi Araz adlandırılan yeni dəhliz İran-Ermənistan sərhədindən 5 kilometr Cənubdan keçərək Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq. Qeyd edilən infrastruktur yaradıldıqdan sonra Azərbaycanın və digər ölkələrin yük maşınları və qatarları uzunluğu 50 km olan yeni marşrutla Naxçıvana çata biləcək. Sözügedən nəqliyyat dəhlizi Şərq ilə Qərbi, Avropa ilə Asiyanı birləşdirən ümumregional nəqliyyat-logistika strukturunun tərkib hissəsi olacaq. Ermənistan isə bu prosesdən yenə də kənarda qalmaq üzrədir.
Azərbaycanın strateji yanaşması bundan ibarətdir ki, logistika və nəqliyyat layihələri vasitəsilə Cənubi Qafqazdakı hərbi-siyasi gərginliyi azaltmaq, münasibətlərin sivil məcrada inkişafına nail olmaq mümkündür. Zəngəzur Dəhlizinin reallaşdırılması işğalçı siyasəti nəticəsində özünü son blokada vəziyyətinə salan Ermənistanın böhrandan çıxmasına imkan yarada bilər. Rəsmi Bakı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinə əsaslanaraq hesab edir ki, Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz, daha dəqiqi, gömrük və sərhəd yoxlanışı olmadan keçidi təmin olunmalıdır. Bu cür yoxlanışların yalnız digər ölkələrin vətəndaşları üçün tətbiq edilməsi mümkündür. Qeyd edilən vacib şərtə əməl olunmaması isə Ermənistanın bundan sonra da təcrid vəziyyətdə qalmasına, tranzit baxımından əhəmiyyətini itirməsinə gətirib çıxaracaq.
Prezident İlham Əliyev forum zamanı Ermənistanla dayanıqlı sülh üçün rəsmi Bakının prinsipial tələbinin yerinə yetirməsi vacibliyini bir daha diqqətə çatdırıb: “Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq”.
Ermənistanın konstitusiyasında, eləcə də dövlət atributlarında Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü, suverenliyini təhdid edən müddəalar yer alıb. Sivil birgəyaşayış normalarına zidd olan bu müddəalar erməni cəmiyyətini qisas və düşmənçiliyə kökləməyə, regionun tarixini saxtalaşdırmağa, gənc nəslə tarixi ədavət düşüncəsini sırımağa xidmət edir. Qeyd edilən zərərli müddəaların konstitusiyadan çıxarılmadığı müddətdə Ermənistanın sühlə bağlı populist çağırışları rəsmi Bakı tərəfindən ciddi qəbul olunmayacaq.