AZƏRBAYCAN-ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ STRATEJİ MÜTTƏFİQLİK İSTİQAMƏTİNDƏ İNKİŞAF EDİR

Qlobal çağırışlar fonunda Mərkəzi Asiya respublikaları, eləcə də Özbəkistanla münasibətlərin strateji müttəfiqlik səviyyəsində inkişafı rəsmi Bakının strateji maraq dairəsindədir. Strateji tərəfdaş ölkənin Prezidenti Şavkat Mirziyoyevin bu günlərdə Dövlət başçısı İlham Əliyevə telefon zəngi, iqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyi, yüksəksəviyyəli gələcək görüşlər ətrafında aparılan müzakirələr də bunu bir daha sübut edir.

Azərbaycanla eyni soy-kökə, dinə və dil qrupuna mənsub olan Özbəkistan Mərkəzi Asiyanın şimal-qərb və mərkəzi hissəsində yerləşən strateji əhəmiyyətli ölkə olaraq Orta Dəhliz layihəsində də mühüm yer tutur. Rəsmi Daşkənd Azərbaycanın Cənubi Qafqaz regionundakı lokomotov statusunu qəbul edir və mövcud əlaqələrin bütün istiqamətlərdə inkişafı üçün öz tərəfindən zəruri addımlar görür.

Prezident İlham Əliyevin 2022-ci ilin iyun ayında Özbəkistana reallaşan dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” ikitərəfli münasibətlərin keyfiyyətcə daha yüksək mərhələyə keçidinə təkan verib.

2022-ci il avqustun 2-də Daşkənddə Özbəkistan, Azərbaycan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci görüşünün keçirilməsi, aparılan səmərəli müzakirələrin nəticəsi kimi Daşkənd Bəyannaməsinin imzalanması üçtərəfli əməkdaşlığın konturlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub. Nazirlərin görüşündə rəsmən bəyan edilib ki, beynəlxalq münasibətlərdə və qlobal iqtisadiyyatda cərəyan edən sürətli, qeyri-müəyyən proseslər Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatının yaradılmasını zərurətə çevirir.

2022-ci ildə 500 milyon dollarlıq nizamnamə kapitalı ilə yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti sərmayələrin təşviqinə və genişləndirilməsinə zəmin yaradıb. Hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard ABŞ dollarına çatdırmağı qarşıya məqsəd qoyub və bunun üçün ciddi potensial mövcuddur. Əməkdaşlığın əsas sahələrinə enerji, tekstil, kənd təsərrüfatı və şəhərsalma məsələləri daxildir. Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə, o cümlədən 62 müştərək müəssisə, respublikamızda dost ölkənin 70 şirkəti fəaliyyət göstərir. Prezident İlham Əliyev ötən ilin avqust ayında Özbəkistana səfəri zamanı təşkil edilən biznes forumda iki ölkə arasında əlverişli biznes mühitinin mövcudluğunu, iş adamlarının birgə fəaliyyət göstərməyə, birgə investisiya qoymağa maraq göstərdiklərini diqqətə çatdırıb.

2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” strateji əhəmiyyət daşımaqla, münasibətlərin yüksələn xətlə inkişafına təkan verib.

Rəsmi Daşkəndin Azərbaycanın haqlı mövqeyini daim və birmənalı müdafiə etməsi, azad edilmiş ərazilərin bərpası prosesində yaxından iştirakı rəsmi Bakı tərəfindən yüksək dəyərləndirilir. Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev hələ 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Azərbaycanı ərazi bütövlüyünün bərpası və tarixi ədalətin bərpası münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirib. Bu təşəbbüs əsasında Füzulidə 960 şagird yerlik məktəb binasının inşa edilməsi, hər iki ölkənin prezidentlərinin iştirakı ilə açılışı rəsmi Daşkəndin ərazi bütövlüyümüzə dəstəyini bir daha simvolizə edib.

Özbəkistanın Dövlət başçısının 2023-cü ildə növbəti dəfə prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi də mühüm məqam kimi qeyd olunmalıdır. Səfər zamanı imzalanmış ikitərəfli sənədlər ikitərəfli münasibətlərin genişləndirilməsi üçün əlavə imkanlar açır. Mühüm razılaşmalardan biri də Ali Dövlərarası Şuranın yaradılması ilə bağlıdır ki, bu da ikitətərli əlaqələrin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

Hər iki ölkə münasibətlərini strateji səviyyədə inkişaf etdirməklə, bölgədəki yeni siyasi şəraitdən bəhrələnmək, mövcud tranzit-kommunikasiya potensialından daha çox dividend əldə etmək niyyətindədir. Bu xüsusda Azərbaycan ərazisindən keçən Orta Dəhliz və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti də artıb.

Bundan əlavə, iki ölkənin Avropaya yaşıl enerji ixracına xidmət edən layihələri əməkdaşlığın yeni təmayülü kimi diqqəti xüsusilə cəlb edir. Azərbaycan iri elektrik enerjisi ixracatçısına çevrilməklə yanaşı, Mərkəzi Asiya ölkələri üçün tranzit ölkə rolunu oynamağa iddialıdır. Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” üç ölkənin dövlət başçıları tərəfindən ötən ilin noyabr ayında – COP29 çərçivəsində imzalanıb. Özbəkistan və digər Mərkəzi Asiya ölkələri Azərbaycanın əsas rol oynadığı elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını bəyan ediblər. Bu razılaşmalar bir tərəfdən qlobal iqlim dəyişiklikləri ilə mübarizənin fəal iştirakçısına çevrilmək, digər tərəfdən yaşıl enerjiyə keçidi sürətləndirmək, Avropa ölkələrinin ekoloji təmiz enerji tələbatını ödəmək niyyəti ilə şərtlənib.

Bir sözlə, Azərbaycanla Özbəkistan arasında münasibətlərinin tədricən strateji müttəfiqlik səviyyəsinə inkişafı müşahidə edilir və bu da mühüm siyasi-iqtisadi, ticari razılaşmaların əldə olunmasına, regionda yeni güc mərkəzinin formalaşmasına zəmin yaradır.