ERMƏNİSTANDAKI REVANŞİZM MEYİLLƏRİ SÜLHYARATMA PROSESİNƏ MANE OLUR

Şərti sərhəd bölgəsində mövqelərimizi mütəmadi atəşə tutan, öhdəliklərini müxtəlif iddia və bəhanələrlə uzatmağa çalışan rəsmi İrəvan saxta təbliğatla vəziyyətin gərginləşməsinin məsuliyyətini yenə də Azərbaycanın üzərinə qoymağa çalışır. Bununla paralel Ermənistan cəmiyyətindəki radikal-revanşist qüvvələrin fəallaşması, sülh prosesinə mane olmaq cəhdləri özünü qabarıq göstərir.

Azərbaycanın həm İkinci Qarabağ, həm də lokal antiterror tədbirləri zamanı tarixi qələbəsi ultra-millətçi, irqçi erməni ideoloqlarının iki əsrdən çox müddətdə təşviq etdikləri saxta ideologiyasının faktiki süqutu olub. Qarabağdakı qanunsuz xunta rejiminin mövcudluğunun qorunub saxlanılmasına xidmət edən genişmiqyaslı hərbi-siyasi, diplomatik, iqtisadi və hərbi təşəbbüslərin qarşısını birdəfəlik alan rəsmi Bakı erməni millətçiliyinə, xaricdəki diaspor və lobbisinə öldürücü zərbəni vurub. Lakin buna baxmayaraq, bu gün təkcə Ermənistan cəmiyyətində deyil, hətta hakimiyyəti daxilində də radikal-revanşist ideyaları, qarşıdurma və ədavəti təşviq edən qüvvələrin mövcudluğu regionda sülh və sabitliyə, etimad quruculuğu prosesinə mane olur.

Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra regionda qalıcı sülhün əldə edilməsi, sülh danışıqlarının uğurla yekunlaşması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin və ATƏT-in Minsk qrupunun ləğvinin mühüm şərtlər sırasında olduğunu bəyan edib. Bu şərtlərə əməl etməyən rəsmi İrəvanın Azərbaycanı guya sülh sazişinin imzalanmasında maraqlı olmamaqda ittiham etməsi isə beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş siyasi manipulyasiyadır.

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizanıma doğru” mövzusunda keçirilən konfrans zamanı rəsmi Bakının bununla bağlı haqlı tələbini növbəti dəfə diqqətə çatdırıb. Dövlət başçısı Ermənistanın sülh istiqamətində ciddi siyasi iradə nümayiş etdirə bilməməsini – konkret olaraq Konstitusiyasında dəyişiklik istiqamətində addım atmamasını, ATƏT-in amorf, de-fakto tarixin arxivinə gömülmüş, fəaliyyətsiz qurumu olan Minsk qrupunun ləğvi üçün rəsmi müraciət etməməsini bu ölkədəki revanşizm meyilləri ilə əlaqələndirib: “Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir”.

Ermənistan bu məsələni uzatmaqla bir tərəfdən beynəlxalq ictimaiyyətdə guya münaqişənin həllini tapmaması barədə saxta təsəvvür yaratmağa çalışır, digər tərəfdən ölkəmizə qarşı ərazi və digər iddialarından əl çəkmədiyini nümayiş etdirir. Digər tərəfdən, Nikol Paşinyan hakimiyyəti ölkənin yeni konstitusiyasının yalnız 2026-cı ilin sonuna kimi hazır olacağını bəyan edir ki, bu da yaxın perspektivdə yekun sülh sazişinin imzalanmasının mümkünsüz edir.

Dövlət başçısı İkinci Qarabağ müharibəsindən sonrakı çıxışlarında dəfələrlə bildirib ki, son 35 ildə Ermənistanda hakimiyyətdə olmuş qüvvələr saxta tarixi faktlar üzərində Cənubi Qafqaz regionunda böyük fəlakətlərə səbəb olmuş təhlükəli ideoloji prinsiplər formalaşdırıb. Bu ideologiyanın əsasını isə milli kimliyin üstünlüyü, faşizm ideyaları, türkofobiya və azərbaycanofobiya təşkil edir. Bu zərərli ideoloji təbliğatın nəticəsidir ki, Ermənistan cəmiyyətində müəyyən qüvvələr İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən nəticə çıxara bilməyiblər. Bu da erməni cəmiyyətinin ciddi psixoloji zədə aldığını deməyə əsas verir.

Rəsmi Bakı haqlı olaraq bu qənaətdədir ki, postmünaqişə dövründə Ermənistanda azərbaycanlılara və türklərə qarşı nifrət aşılamağa, etnik-dini münasibətləri qızışdırmağa xidmət edən anti-humanist dövlət siyasətinin mövcudluğu, ksenofob meyillərin hökm sürməsi sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalır. Xatırladaq ki, Ermənistandakı bu vəziyyət Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) hələ 2023-cü ildə hazırladığı hesabatda da yer alıb. ECRI-nin hesabatında bu ölkənin siyasi və ictimai həyatında vaxtaşırı olaraq nifrət nitqi ilə bağlı insidentlərin, o cümlədən zorakılığa çağırış hallarının geniş vüsət alması narahatlıqla qeyd olunub. Bu xüsusda, nifrət nitqinə misal olaraq Ermənistanda daxili bölünmələrə yol açmaq və sülh danışıqlarına əngəl törətmək məqsədilə siyasi opponentlərin qaralanması üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edildiyi bildirilib. Ermənistanda azərbaycanlı icmasının artıq mövcud olmadığı, ölkədə yaşayan və ya ziyarətə gələn türklərin isə sayının naməlum olduğu vurğulanıb.

Separatçı rejimin rəhbərliyində yer almış şəxslərin Bakıda davam edən məhkəmə prosesi ilə əlaqədar başlanmış qərəzli kampaniya, onların “hərbi əsir”, “siyasi məhbus” kimi qələmə verilməsi cəhdləri də revanşist meyillərin təzahürüdür. Separatçıların ədalət məhkəməsi ilə bağlı səsləndirilən qərəzli iddialar ölkəmizin suverenliyinə qarşı qəsd olmaqla yanaşı, normallaşma prosesinə kölgə salan təxribat motivli addımdır. Danışıqlar prosesində mühüm nəticələrin əldə olunduğu, birbaşa diplomatik təmasların davam etdiyi hazırkı şəraitdə Ermənistanın separatçıların rəhbərlərinin müdafiəsinə qalxması etimad quruculuğu prosesinə xələl gətirir, etnik-milli qarşıdurmanı gücləndirir.

Ermənistanda müəyyən qüvvələr hələ də anlamaq istəmir ki, Azərbaycanın suverenliyini güc yolu ilə tam bərpa etməsi fonunda xunta rejiminin tör-töküntülərinin hansısa adla İrəvanda fəallaşmaq, “təşkilatmaq cəhdləri” də mövcud geosiyasi reallıqları dəyişmir və bu gülünc addımlar özünətəsəllidən savayı heç bir mahiyyət daşımır. Xunta rejiminin iflası ilə rəsmi İrəvanın Azərbaycana qarşı əsassız siyasi və hüquqi iddialarla çıxış etmək cəhdlərinin qarşısı birdəfəlik alınıb.

Bütün bunlar göstərir ki, uzun illər boyu Ermənistanda həyata keçirilmiş yalnış daxili və xarici siyasət, ölkənin forposta çevrilməsi, cəmiyyətə aşılanmış Azərbaycanafob ideologiya, erməni kilsəsinin, diaspor və lobbi təşkilatlarının dövlət daxilindəki mənafeləri, nəhayət, bir sıra dövlətlərin Qafqazdakı məkrli maraqları Ermənistan hakimiyyətini qəti qərarların qəbulunda çıxılmaz vəziyyətə salıb. Rəsmi İrəvan, nəhayət, anlamalıdır ki, revanşist və separatçı qüvvələrin fəallaşmasına göstərdiyi bu cür loyal münasibət, mövqelərimizin mütəmadi atəşə tutulması sülh və etimad quruculuğu prosesinə ciddi zərbə vura bilər.