CƏNUBİ QAFQAZ VƏ MƏRKƏZİ ASİYA AVROPANIN YAŞIL ENERJİ LANDŞAFTININ FORMALAŞMASINDA ƏSAS TƏRƏFDAŞDIRLAR

Azərbaycan və Mərkəzi Asiya ölkələri bərpaolunan enerji sahəsində regional əməkdaşlığın yeni dövrünü açmağa hazılaşırlar. Bu əməkdaşlıq Mərkəzi Asiya və Cənubi Qafqaz arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də müstəsna önəmə malikdir. Elə qeyd olunan kontekstdə Avropa İttifaqı, eləcə də ona qonşu olan ölkələrin bir çoxu Azərbaycanla, Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində əməkdaşlıq istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirirlər ki, bu da təsadüfi deyil.

Avropa karbon neytrallığı ilə bağlı keçid prosesini sürətləndirdikcə, şaxələndirilmiş, təhlükəsiz və dayanıqlı enerji mənbələrinin axtarışı xüsusilə də geosiyasi gərginliklər və Rusiyadan qalıq yanacaq idxalından asılılığın azaldılması zərurəti fonunda daha da aktuallaşıb. Bu kontekstdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionları Avropanın yaşıl enerji strategiyasının mühüm oyunçuları kimi meydana çıxır. Zəngin bərpa olunan enerji potensialı və strateji coğrafi mövqeyi ilə bu regionlar Avropa bazarlarına yönəlik təmiz enerji üçün əsas təchizatçılar və tranzit mərkəzləri olmağa başlıca namizəddirlər. Azərbaycan artıq bu xüsusda müvafiq addımlar atır.

Xatırlatmaq lazım gəlir ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında 2022-ci il dekabrın 17-də Buxarest şəhərində saziş imzalanıb. Bu günlərdə ölkəmizdə keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində isə “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandu”mu imzalanıb. Görülən işlər sayəsində yaxın tezlikdə Azərbaycandan Avropaya yaşıl enerjinin ixracına start veriləcək. Azərbaycan eyni zamanda Mərkəzi Asiyada istehsal edilən yaşıl enerjinin Avropaya nəqlində əsas tranzit məkan olacaq.

Asiya İnkişaf Bankının son hesabatında  ölkəmizin tranzit imkanları ilə bağlı vurğulanır ki, Azərbaycanın regionda əsas nəqliyyat qovşağı kimi coğrafi mövqeyi bu istiqamətdə geniş imkanlar açır: “Azərbaycan özünəməxsus coğrafi mövqeyi sayəsində Mərkəzi Asiyanı Cənubi Qafqaz və digər regionlarla birləşdirən körpü rolunu oynayır. Onun Avropa və Asiya arasında tranzit dəhliz kimi strateji rolu Asiya ölkələrinin ticarət marşrutlarını şaxələndirmək və regional əlaqələri gücləndirmək səylərinə töhfə verir. Bu üstünlüklərin tam reallaşdırılması üçün ticarətin, təchizat zəncirinin maliyyələşdirilməsi və rəqəmsal ticarətin həcmini artırmaq lazımdır”.

Bəllidir ki, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan kimi ölkələri əhatə edən Mərkəzi Asiya geniş istifadə olunmamış bərpa olunan enerji ehtiyatlarına malikdir. Bölgə ölkələri, xüsusən Qazaxıstan və Özbəkistan dünyada ən yüksək günəş şüalanma səviyyələrinə malik olanlar sırasında yer alır. Təkcə Qazaxıstan ildə 2,5 milyard MVt-dan çox günəş enerjisi potensialına malikdir. Külək enerjisi, xüsusilə Qazaxıstan çöllərində, Qırğızıstan və Tacikistanın dağ keçidlərində böyük potensial yaradır.

Coğrafiya Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji ambisiyalarında mühüm rol oynayır. Avropa və Asiyanın kəsişməsində yerləşən Cənubi Qafqaz Mərkəzi Asiyadan Avropaya enerji axınları üçün təbii tranzit dəhliz hesab olunur.  Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi mövcud infrastruktur regionun etibarlı enerji körpüsü kimi fəaliyyət göstərmək əzmini bütün nümayiş etdirib. Avropa İttifaqı tərəfindən dəstəklənən Xəzər-Qara dəniz yaşıl enerji dəhlizi barəsində bəhs edilən regionların Qərb, ümumən dünya üçün əhəmiyyətini daha da yüksəldəcək. Qeyd olunan iddialı təşəbbüs Cənubi Qafqazdan və Mərkəzi Asiyadan bərpa olunan elektrik enerjisinin birbaşa Avropa şəbəkəsinə ixracına imkan verən Gürcüstan və Rumıniya arasında sualtı elektrik kabelinin çəkilməsi məqsədi daşıyır. Sözügedən istiqamətdə artıq ilkin addımlar atılıb. Müvafiq layihə təkcə qarşılıqlı əlaqələri gücləndirmir, həm də ötürmə itkilərini azaldır və Avropanın enerji təhlükəsizliyini artırır. Təsadüfi deyil ki, Avropa İttifaqı maliyyə yardımı, texnologiya transferi və siyasət sahəsində əməkdaşlıq vasitəsilə regionda bərpa olunan enerji layihələrini fəal şəkildə dəstəkləyir. Qurumun “Global Gateway” və “Şərq Tərəfdaşlığı” kimi təşəbbüslər yaşıl enerjinin inkişafı və inteqrasiyasına üstünlük verir.

Həm Cənubi Qafqazda,  həm də Mərkəzi Asiyada nəzərə alınır ki, Avropanın yaşıl enerjiyə olan tələbatı sürətlə artır. Bu şəraitdə regionların strateji mövqeyi, resursları Avropaya yaşıl enerjinin nəqlinə əlverişli zəmin yaradır. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı ölkəmizlə Mərkəzi Asiya arasında yaşıl enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. Tərəflərin birgə səyləri və fəaliyyəti nəticəsində regionlarımızdan Avropaya daha böyük həcmdə bərpa olunan enerjinin ixracına intensiv hazırlıq gedir.  Belə transmilli layihələrdən kənarda qalan region ölkəsi isə yalnız Ermənistandır və bu da sırf həmin ölkənin özünün yanlış siyasətindən qaynaqlanır. Elə ADA Universitetində keçirilən tədbirdə də Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi: “Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar “böyük bir Ermənistan” xülyası ilə yaşayırdılar”. Regionda əməkdaşlığın qazandırdığı yüksək dividendlərə konkret nümunə kimi dövlət başçısı Azərbaycan-Gürcüstan münasibətlərini göstərib: “Əgər biz Azərbaycan-Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq – bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi”.

Ermənistan indi də həyata keçirdiyi siyasət, Azərbaycanla münasibətlərini normallaşdırmq prosesini gecikdirməsi nəticəsində yaşıl enerji kimi genişmiqyaslı layihələrdən özünü kənarda qoyur. Azərbaycan isə Cənubi Qafqazın yaşıl enerji gündəliyini formalaşdırır, bu istiqamətdə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını uğurla inkişaf etdirir. Ümumən isə, enerji strategiyalarını Avropa məqsədlərinə uyğunlaşdırmaqla, Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadi sürətləndirməklə artırmaqla yanaşı, iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə də mühüm töhfə verirlər. Geniş bərpa olunan enerji potensialı və strateji tranzit imkanları ilə bu regionlar həm özlərinin, həm də Avropanın daha yaşıl enerji landşaftının formalaşdırılmasında əsas rollardan birini oynayacaqlar.