Yaxın Şərqin ən güclü ölkələri sırasında yer alan qardaş Türkiyə və Azərbaycanın strateji tərəfdaşlarından biri olan İsrail arasında münasibətlər son günlərdə əhəmiyyətli dərəcədə gərginləşib. Tərəflərin Suriya ilə bağlı siyasətində ziddiyyət doğuran məqamların sayı kifayət qədərdir və hətta bunun hərbi toqquşmaya gətirib çıxara biləcəyinə dair xəbərdarlıqlar da edilir. Hazırda sərt ritorika davam edir və hadisələrin inkişaf axarı arzuedilməz nəticələrə gətirib çıxarmaq iqtidarındadır.
Düzdür, təkcə regional yox, həm də dünya siyasətinə təsir etmək kimi mövqeyə yüksələn, böyük dövlətçilik ənənələrinə malik olan Türkiyə və İsrail ziddiyyətlərin davam etməsinin, toqquşmanın tərəfdarı deyillər. Bu hal onların hər biri üçün çoxsaylı problemlər vəd edir. Ancaq görünən həm də odur ki, nə Türkiyə, nə də İsrail mövqelərindən geri çəkilmək niyyətində də deyillər. Məhz bu səbəbdən tərəflərin Suriyada toqquşma ehtimalı yüksək olaraq qalır. Əslində, İsrail və Türkiyə arasında münasibətlərdə növbəti soyuqluq, daha sonra bunun gərginliyə çevrilməsi birincinin ötən ilin sonlarından etibarən Qəzzada başlatdığı hərbi əməliyyatlardır. Məsələyə növbəti dəfə münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib: “İsrail Qəzzada insan ləyaqətini kobud şəkildə pozmağa davam edir və biz geri çəkilməyəcəyik. Biz heç vaxt fələstinlilərdən üz döndərməyəcəyik”. İsrail isə Qəzza əməliyyatlarını davam etdirir, bunu öz təhlükəsizliyi ilə əsaslandırır.
Belə bir vaxtda Suriya Türkiyə və İsrail arasında növbəti gərginlik predmetinə çevrilib. Türkiyənin xarici işlər naziri Hakan Fidan baş verənlərlə bağlı bildirir ki, Ankara Suriyada heç bir ölkə ilə münaqişəyə girmək niyyətində deyil, lakin İsrailin hərəkətləri regional təhlükəsizliyi təhdid edərsə, buna səssiz qalmayacaq: “İsrailin bölgədəki ekspansionist ambisiyalarından istifadə edərək Suriyada münaqişə yaratmaq cəhdləri qəbuledilməzdir”. Onun sözlərinə görə, İsrailin həyata keçirdiyi əməliyyatlar nə Suriyanın, nə də İsrailin özünün təhlükəsizliyinə töhfə verir və uzunmüddətli perspektivdə Yaxın Şərqdə daha böyük qeyri-sabitliyə gətirib çıxara bilər. Nazir onu da xüsusi vurğulayıb ki, bu səbəbdən Türkiyə problemi başlamadan dayandırmaq üçün qabaqlayıcı diplomatik və digər tədbirlər görməlidir: “Türkiyənin nə İsraillə, nə də Suriyadakı hər hansı başqa ölkə ilə münaqişəyə girmək niyyəti yoxdur. Suriyaya öz müdafiə siyasətini, xarici siyasətini və regional məsələlərini müstəqil şəkildə formalaşdırmasına imkan vermək lazımdır”.
İsrailin baş naziri Benyamin Netanyahu bəyan edir ki, ölkəsi Suriyadakı vəziyyətin Türkiyə ilə münaqişəyə səbəb olmasını istəmir. Bununla belə, o qeyd edir ki, Türkiyənin Suriyada hərbi baza qurmaq istəyi İsrail üçün təhlükə yaradır: “Biz buna qarşıyıq və buna uyğun hərəkət edirik”. İsrail Türkiyənin Suriyada iştirakının miqyasından narahatdır. İsrailin müdafiə naziri İsrael Katz bu kontekstdə bəyan edib ki, yəhudi dövləti təhlükəsizlik maraqlarını hər yolla müdafiə etməyə hazırdır. Burada maraqlı nüans həm də odur ki, Suriyanın yeni hökuməti Türkiyə ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Amma İsrail yeni hökumətin yanaşmasını qəbul etmir.
Beləliklə, proseslər Türkiyə və İsrail arasında qarşıdurma ehtimalını artırır, diplomatik gərginliyin daha da dərinləşdiyini göstərir. Bu fonda tərəflərin münasibətlərini yenidən normal məcraya qaytarması üçün bir araya gəlməsi, danışıqlar masası arxasına əyləşməsi olduqca vacibdir. İndi bunun üçün vasitəçilərə də xüsusi ehtiyac var ki, onlardan biri və bəlkə də birincisi Azərbaycandır. Ölkəmizin bu xüsusda artıq müsbət təcrübəsi var. Qeyd edilməlidir ki, Davosda məlum “ona minute” insidenti və 2010-cu il “Mavi Mərmərə” hadisələri Ankara və Təl-Əviv əlaqələrinə güclü zərbə oldu. Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail hərbçiləri basqın etməsi, nəticədə Türkiyənin 9 vətəndaşının öldürülməsi münasibətlərdə böyük gərginlik yaratdı, diplomatik əlaqələr minimum həddə salındı. Lakin sonradan vasitəçilərin, o cümlədən Azərbaycanın səyləri ilə məsələ öz həllini tapdı, İsrail baş verən hadisə ilə bağlı Türkiyədən üzr istədi, müvafiq təzminat ödədi, Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı Təl-Əviv tətbiq etdiyi embarqonu yumşaltdı. Bütün bu prosesdə Azərbaycanın da mühüm rolu oldu.
Elə indi də Türkiyə və İsrail arasında gərginliyin aradan qaldırılmasında Azərbaycan müvafiq fəaliyyət göstərir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bu məsələ ilə bağlı qeyd edib: “Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik… İsrail Azərbaycana dost ölkədir… Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, – baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, – Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi… İndi biz bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir… Normallaşmanın birinci raundu zamanı biz tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, biz indi eyni işi görürük…Zənnimcə, proses dayanmamalıdır. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir”.
Türkiyə və İsrail münasibətlərində normallaşma onların özləri ilə yanaşı, hər iki ölkə ilə çox yaxın münasibətləri olan Azərbaycanın maraqları ilə də uyğunluq təşkil edir. Elə bu kontekstdə Azərbaycan tərəflər arasında ziddiyyətlərin həlli üçün yenidən aktiv vasitəçilik funksiyası yerinə yetririr. Amma bunun detalları diplomatik etiketlərə müvafiq olaraq, ictimaiyyət üçün açıqlanmır. Bununla belə ölkəmiz vasitəçilik missiyasını davam etdirir və əvvəlki dövrdə olduğu kimi bu dəfə də Azərbaycanın uğurlu nəticəyə imza atma ehtimalı yüksəkdir.
Münasibətlərdə gərginliyin aradan qaldırılması Türkiyə və İsrailin özləri üçün də önəmlidir və Azərbaycanın vasitəçiliyi bu iki ölkənin yenidən bir araya gəlməsi, problemləri danışıqlar yolu ilə həlli üçün əlverişli zəmin yaradır. Yaxın Şərqdə əsl sakitlik və sabitlik isə Türkiyə və İsrailin münasibətlərindən əhəmiyyətli dərəcədə asılıdır.