ABŞ-ÇİN TOQQUŞMASI DÜNYA İQTİSADİYYATINDA YENİ REALLIQLAR YARADA BİLƏR

ABŞ Prezidenti Donald Trampın Çinə verdiyi son ultimatum qlobal ticarət sistemində yeni bir gərginlik dalğasının xəbərçisidir. Trampın “Truth Social” platformasında paylaşdığı “əgər Çin 34 faiz tarif artımını geri götürməzsə, 9 apreldən etibarən ABŞ Çindən gələn məhsullara 50 faiz əlavə rüsum tətbiq edəcək” bəyanatı təkcə ikitərəfli münasibətlərin pisləşməsi deyil, həm də dünya iqtisadiyyatında yeni təlatümlərin baş vermə ehtimalını artırır.

Qeyd edək ki, ABŞ-la Çin arasında ticarət münasibətləri 2018-ci ildən bəri mütəmadi olaraq gərginləşir. Tramp administrasiyasının ilk dövründə başladılan ticarət müharibəsi əsasən intellektual mülkiyyət hüquqları, texnologiya transferi və Çin şirkətlərinə dövlət dəstəkləri ilə bağlı narahatlıqlara əsaslanırdı. Həmin dövrdə ABŞ müxtəlif Çin məhsullarına milyardlarla dollar dəyərində əlavə tariflər tətbiq etmişdi. Çin də cavab olaraq Amerika məhsullarına qarşı eyni sərtlərlə qarşılıq vermişdi. İllər keçsə də, ABŞ-ın Çinə qarşı iqtisadi strategiyası ciddi dəyişiklik göstərməyib. Prezident Bayden dövründə də bu tariflərin əksəriyyəti qüvvədə saxlanılıb. İndi isə Trampın yeni ritorikasının daha çox beynəlxalq ticarət əlaqələrinə yönəldiyini göstərir. Çünki Çinin 34 faizlik tarif artımı əslində ABŞ-ın ixracatçı sektorlarına birbaşa zərbə vurur. Bu addım Tramp tərəfindən “uzunmüddətli ticarət sui-istifadəsinin” davamı kimi qiymətləndirilir. Əgər ABŞ doğrudan da 50 faizlik əlavə rüsum tətbiq edərsə, bu, ilk növbədə qlobal təchizat zəncirlərinin zəifləməsinə gətirib çıxaracaq. Belə ki, Çindən ABŞ-a idxal edilən məhsulların həcmi yüz milyardlarla dollarla ölçülür. Bu məhsulların qiyməti artdıqca, ABŞ istehlakçısına təsir edən inflyasiya təzyiqləri də artacaq. Alternativ bazalar qısamüddətli tələbatı qarşılamaqda çətinlik çəkə bilər. Bundan əlavə, ABŞ-ın bu sərt siyasəti təkcə Çinə yönəlməyib. Tramp administrasiyası Meksika, Kanada, Avropa İttifaqı ölkələri və Hindistana da müxtəlif dövrlərdə əlavə rüsumlar tətbiq edib. Bu siyasət proteksionizmin gücləndiyini göstərir və dünya iqtisadiyyatında sərbəst ticarət prinsiplərinə ciddi zərbə vurur.

Onu da nəzərə almaq lazımdır ki, proses bütünlükdə Amerikanın xeyrinə olmaya da bilər. ABŞ-ın bu siyasətinə qarşılıq olaraq, digər ölkələr Çinə daha çox yaxınlaşa bilər. Bu halda Asiya mərkəzli ticarət bloklarının güclənməsi, ABŞ-ın izolyasiya olunması hallarının artmasını qaçılmaz görünür. Bununla yanaşı, belə gərginliklər investorları narahat edir və bazarlarda qeyri-sabitlik yaradır. ABŞ dollarının möhkəmlənməsi və ya Çin yuanının dəyər itirməsi kimi nəticələr baş verdiyi təqdirdə inkişaf etməkdə olan ölkələrin borc yükü artacaq.

Bir qədər əvvəl vurğuladığımız kimi, ABŞ-ın rüsum siyasəti yalnız Çinlə məhdudlaşmır. Bura Avropa İttifaqı da daxildir. Tramp dövründə polad və alüminium məhsullarına əlavə vergilərin tətbiq olunması ticarət tərəfdaşları ilə münasibətləri zəiflədib və buna görə Avropa İttifaqı da tədbirlər görmək məcburiyyətində qalıb. Bu çərçivədə ABŞ bəzi kənd təsərrüfatı və sənaye məhsullarına tarif tətbiq edərkən, Hindistan da cavab olaraq Amerika mallarına əlavə rüsumlar qoydu. Bu misallar onu göstərir ki, ABŞ-ın rüsum siyasəti qlobal ticarət sistemindəki zəncirləri zəiflədir, qarşılıqlı etimadı sarsıdır və yeni iqtisadi bloklaşmalara zəmin yaradır. Bu mənada Donald Trampın son bəyanatı göstərir ki, onun iqtisadi siyasəti daha çox gücə əsaslanan, sərt və strateji təzyiq vasitələri üzərində qurulub. Çinlə olan münasibətlərin kəskinləşməsi isə dünya iqtisadiyyatında yeni reallıqlar yarada bilər. Bu reallıqların başında isə “sərbəst ticarətə inamın zəifləməsi” və “proteksionist yanaşmaların güclənməsi” dayanır.