ANKARA VƏ TEHRANIN MARAQLARI SURİYADA UZLAŞACAQMI?

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriyaya səfəri və burada Suriyanın yeni administrasiyasının rəhbəri Ahmed eş-Şara ilə apardığı danışıqlar ölkənin və regionun gələcəyi baxımından mühüm müsajlar verir. Bu səfər bir daha Amerikanın yeni prezidenti Donald Trampın “Suriyanın açarı Türkiyənin əlindədir” fikrini tamamlayır və hazırda baş verənlər Suriya hadisələrinə qardaş ölkənin geniş təsir imkanlarının olduğunu göstərir. Son günlərdə Dəməşqin mərkəzində təşkil edilən dəstək nümayişlərində Türkiyə lehinə səslənən fikirlər, sadə insanların Türkiyə və Prezident Ərdoğan haqqında dediyi fikirlər ilk növbədə türk xalqına minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, Türkiyənin regional və qlobal müstəvidəki gücünün tərənnümü baxımından da olduqca əhəmiyyətlidir.

Hakan Fidanın Suriyaya səfəri əlbəttə ki, Türkiyənin Suriya ilə münasibətləri normallaşdırmağa yönəlmiş strategiyasının bir hissəsidir. Buradan çıxan əsas nəticə ondan ibarətdir ki, Türkiyə ilə münasibətləri pisləşən Suriya xalqı deyil, onun keçmiş hakimiyyəti idi. Əslində xalqın Türkiyəyə böyük rəğbəti var, Türkiyə Suriyadan olan milyonlarla qaçqını 13 il ərzində öz ərazisində qoruyub saxlayıb, onların ehtiyacını təmin edib, bir sözlə, onlara qucaq açıb. Xalq isə bunu qiymətləndirir, Türkiyəyə xilas qapısı kimi baxır və yeni şəraitdə də Prezident Rəcəb Tayyib Ərdoğanın vaxtilə onlar barəsində verdiyi siyasi qərarları unutmur. MİT rəhbəri İbrahim Kalından sonra Hakan Fidanın da Suriyada yüksək səviyyədə qarşılanması məhz bu həqiqətdən xəbər verir.

Digər tərəfdən bu səfər Türkiyə Prezidentinin yaxın gələcəkdə Suriyaya səfər etmək ehtimalını yüksəldir. Çünki Fidanın səfəri heç şübhəsiz ki, dövlət başçısının Suriya ilə əlaqələrin normallaşdırılması istiqamətindəki planlarının bir hissəsidir. Ərdoğan Suriyaya səfər edərsə bu, Türkiyə ilə Suriya arasında 13 il davam edən gərginliyin bitməsinin və iki ölkə arasında yeni dövrün başlanmasının rəsmi elanı olacaq. Elə ona görə də Hakan Fidanın Suriyanın yeni administrasiyasının rəhbəri Ahmed eş-Şara ilə apardığı danışıqlar iki ölkə arasında birbaşa diplomatik dialoqun qurulması və həyata keçirilməsi məqsədi daşıyır. Onların müzakirə etdiyi mövzular da maraqlıdır. Tərəflər ərazi bütövlüyü, terrorizmə qarşı mübarizə, qaçqınların geri qayıtması, habelə Suriyanın bərpası kimi məsələlərə dair ortaq strategiya yürüdürlər. Bu isə o təəssüratı yaradır ki, bundan sonra Suriyanın dövlət siyasətindən tutmuş, ölkənin yenidən qurulmasına qədər türk modelindən istifadə olunacaq. Bu sahədə strategiyanın hazırlanması və həyata keçirilməsində əsas flaqman Türkiyə olacaq. Əgər Prezident Ərdoğanın Suriyaya səfər edərsə Türkiyənin regionda artan təsiri daha da möhkəmlənəcək. Bu, Ankara üçün yeni regional iqtisadi və təhlükəsizlik mühitində müsbət nəticələr əldə etmək üçün vacib addım olar.

Lakin İran hələ də Suriyada Əsəd rejiminin süqutu ilə barışa bilmir. İranın ali dini rəhbəri Ayətullah Xameneinin bu günlərdə Suriya xalqını yeni hakimiyyətə qarşı çıxmağa çağırması ilk növbədə Tehran üçün Suriyadakı təsirini qorumaq və möhkəmləndirmək cəhdi kimi qiymətləndirilməlidir. Bu günlərdə İran parlamentinin bəzi üzvlərinin Suriyada 30 milyard dollar məbləğində itki ilə üzləşdiklərini dilə gətirməsi, yeni administrasiyanın bu vəsaiti İrana qaytarmağa borclu olduğunu deməsi Tehranın üzləşdiyi vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Baş verənlərə baxmayaraq, İranın hər cür müdaxilə imkanlarını özündə saxlamaq cəhdi Suriyadakı gələcək siyasi və hərbi proseslərə təsir edə bilər. Çox güman ki, Ankara bu məsləni diqqət mərkəzində saxlayacaq. Orada yaxşı bilirlər ki, İran Suriya üzərindəki təsirini itirmək istəmir, çünki bu, regionda İranın təsirinin azalması deməkdir. Ona görə də vəziyyətlə barışmayan İran hakimiyyəti Suriya xalqını yeni administrasiyaya qarşı çıxmağa çağırır, bununla da regiondakı müxalif qüvvələrə və silahlı qruplaşmalara mesaj verir.

Lakin mövcud vəziyyət fərqli təəssürat yaradır. Hazırkı proseslər yalnız Türkiyə və Suriya arasında deyil, həm də bütövlükdə regionda əhəmiyyətli təsirlərin yaranacağından xəbər verir. Suriyanın siyasi və hərbi sabitliyinin bərpası, qaçqınların geri dönüşü, müharibədən təsirlənən ərazilərin bərpası və regional təhlükəsizlik məsələləri bütün regional güclərin maraqlarına təsir edəcək. Bu prosesdə kimin haqlı, kimin haqsız, kimin daha az, kimin daha çox vicdanlı və səmimi olduğunu göstərəcək.