DAYANIQLI SÜLHÜN ƏSAS ŞƏRTLƏRİNDƏN BİRİ DƏ ERMƏNİSTANIN İNFORMASİYA TƏXRİBATLARINDAN ƏL ÇƏKMƏSİDİR

Dövlət suverenliyinin bərpasından sonra ölkəmiz əleyhinə daha da genişlənən qərəzli kampaniyaların, məqsədli informasiya manipulyasiyalarının, feyk məlumatların, ümumən ideoloji təxribatların qarşısının alınması,  beynəlxalq rəyin düzgün istiqamətləndirilməsi ölkə diplomatiyası və mediası qarşısında əsas vəzifələrdən birinə çevrilib.

Hərbi-siyasi müstəvilərdə sarsıdıcı məğlubiyyətə düçar olmuş Ermənistan, eləcə də bu ölkənin xaricdəki əsas havadarları 2024-cü il ərzində kütləvi informasiya vasitələri, sosial şəbəkələr və digər yeni media alətləri üzərindən ölkəmizə qarşı informasiya təxribatlarını genişləndirməyə çalışsalar da, aşkar uğursuzluğa düçar oldular. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulundan sonra qərəzli kampaniyaların daha intensiv xarakter alması, tədbirin “boykot edilməsi” çağırışları ölkə ictimaiyyəti üçün heç də təəccüblü deyildi.

Rəsmi Bakının müstəqil siyasəti, xarici təzyiqləri inamla dəf etməsi, ölkənin milli maraqlarını bütün məsələlərdə üstün tutması ilə barışa bilməyən məlum qüvvələr ənənəvi olaraq qlobal beynəlxalq tədbirlər ərəfəsində anti-Azərbaycan kampaniyasını genişləndiriblər. İflasa uğrayan, beynəlxalq dəstək almayan növbəti saxta kampaniyanın məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması barədə saxta təsəvvür yaratmaq idi. Lakin aparılan növbəti qarayaxma və böhtan kampaniyası, beynəlxalq iqlim tədbirinin boykot edilməsinə yönəlmiş təxribatçı “çağırışlar” nəticəsiz qaldı.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bu günlərdə açıqladığı hesabatı 2024-cü ildə ölkəmizə qarşı hibrid təhdidlərin miqyası ilə bağlı aydın təsəvvür yaradır. Sənəddə qeyd edilir ki, aparılan qərəzli media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu, eləcə də 180-dək populyar olmayan media qurumu ölkəmizlə bağlı neqativ məlumat yayıb. Eyni zamanda, Azərbaycana və xalqımıza qarşı müharibə cinayətləri törətmiş erməni əsilli şəxslərin “mühakiməsiz azad edilməsi” iddiası əsassız olaraq gündəmə gətirilib.

İl ərzində Prezident İlham Əliyevin yerli və xarici mediadakı müsahibələri, xalqa müraciətləri, mühüm açıqlama və bəyanatları ölkəmizə qarşı informasiya təxribatlarının qarşısının alınması, milli həqiqətlərin dünya arenasına çıxarılması baxımından xüsusilə əhəmiyyətli olub. Dövlət başçısı İlham Əliyev hələ VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkəmizin ideoloji təxribatlara və informasiya təhdidlərinə qarşı prinspial mübarizəsinin vacibliyini bildirib: “İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında”.

Regionda geosiyasi maraqlarını gerçəkləşdirməyə çalışan qüvvələr bu cür kampaniyalarla ölkə rəhbərliyinin siyasi iradəsinə təsir etməyə çalışsalar da, hər zaman fiasko ilə üzləşirlər. Ölkəmizin suverenliyinin bərpasından sonra “Qarabağ münaqişəsi”ndən siyasi alət kimi istifadə etməyə çalışan Qərb dairələri son bir ildə daha da aqressivləşiblər. Ölkəmizin əsas hədəfinə çatması, Cənubi Qafqazda daha güclü mövqe sahibinə çevrilməsi ümumən regiona kənar təsirlərin neytrallaşdırılması baxımından da əlverişli olub. Bu isə Fransa başda olmaqla, bir sıra dövlətləri və təşkilatları daha çox qıcıqlandırır, onlar çirkin məqsədlərinə çatmaq üçün yeni vasitələr axtarırlar.

Real vəziyyətin təhlili həmin qüvvələrin fəaliyyətinin iki istiqamətdə qurulduğunu göstərir. Birincisi, Azərbaycana qarşı qarayaxma və böhtan kampaniyası aparmaq, ikincisi Ermənistanı revanşizmə təhrik edərək, onu ölkəmizlə yeni savaşa sürükləməkdir. Fransa və ABŞ başda olmaqla, Qərbdə müəyyən qüvvələrin, təşkilatların fəaliyyəti kontekstində qeyd edilənlərin real təzahürlərini aydın görmək mümkündür.

Bunda məkrli məqsəd Cənubi Qafqazda proseslərin inkişaf axarına təsir göstərmək, bunun üçün yeni gərginliyin yaranmasına nail olmaqdır. Azərbaycanın müstəqil xarici siyasəti hazırda həmin bədnam niyyətlərin məkrli maraqlarının həyata keçirilməsi yolunda ən ciddi maneədir. İl ərzində Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın iştirakı olmadan ölkəmizlə bağlı aparılan qərəzli müzakirələr, Avropa Parlamentində, ABŞ Konqresində, Fransada və digər bir sıra ölkələrdə, qurumlarda səsləndirilən əsassız fikirlər Qərb dairələrində koordinasiyalı anti-Azərbaycan kampaniyasının göstəricisi olub. Bu qüvvələr böhtan kampaniyasında yenə də demokratiya, insan haqları və digər bu kimi mövzulardan istifadə etməyə çalışır, ölkəmizə qarşı “sanksiyaların tətbiqi”nə mənasız çağırışlar edirlər.

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində haqlı olaraq bildirdi ki, Ermənistanla sülhün əsas şərtlərindən biri də bu ölkənin beynəlxalq platformalarda ölkəmizə qarşı əsassız kampaniyalara, iddialara son qoymasıdır. Yekun sülh sazişi ilə bağlı danışıqların intensivləşdiyi bir zamanda bu cür əsassız iddiaların, eləcə də tarixin arxivinə gömülmüş “Dağlıq Qarabağ”, “Arsax” kimi absurd terminlərdən istifadə, “etnik təmizləmə” iddiaları etimad quruculuğu prosesinə ciddi zərbə vurur. Belə iddialar Ermənistanın sülhdə maraqlı olmasına və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tanımasına dair bəyanatları ilə ziddiyyət təşkil edir.

Ümumilikdə, bu iddia və kampaniyaları inamla zərərsizləşdirən rəsmi Bakı ölkəmizin təkcə döyüş meydanında deyil, həm də diplomatiya və informasiya cəbhəsində Ermənistan üzərində üstünlüyünü qoruyub, təcavüzkar dövlətin beynəlxalq miqyasda ifşasına nail olub.