Suriyada başlayan vətəndaş müharibəsi 2011-ci ildən bəri ölkənin siyasi və sosial strukturunu tamamilə dəyişdirərək regionda yeni münaqişə xətlərinin ortaya çıxmasına səbəb oldu. Bəşər Əsəd rejiminin devrilməsi ilə Suriya indi bir tərəfdən daxili güc mübarizələri ilə, digər tərəfdən beynəlxalq müdaxilələr və güc balansı dəyişiklikləri ilə üzləşib. Bu vəziyyətdə Türkiyənin regiondakı rolu, həm hərbi, həm də siyasi baxımdan önəmli şəkildə artıb. Türkiyə Suriya böhranında əsas iştirakçılardan biri olaraq, yalnız milli təhlükəsizliyini deyil, həm də regiondakı siyasi gələcəyi öz maraqları doğrultusunda formalaşdırmaq istəyir.
Nəzərə almaq lazımdır ki, Türkiyə Suriya böhranı başladığı gündən etibarən, həm təhlükəsizlik, həm də siyasi maraqlarını qorumaq məqsədilə münaqişəyə müdaxilə edib. Əsas məqsəd sərhədindəki terror təşkilatlarının varlığını aradan qaldırmaq, qaçqınların və terror fəaliyyətlərinin qarşısını almaq, həmçinin bölgədəki etnik və dini balansları qorumaqdır. Bu məqsədlə ötən dövrdə Türkiyə Suriya istiqamətində bir neçə əməliyyat da həyata keçirib. “Fırat kalkanı”, “Zeytin dalı” və “Barış pınarı” əməliyyatları ilə Türkiyə Suriya ərazisindəki strateji bölgələri nəzarət altına alıb, eyni zamanda kürd separatçılarının və terror təşkilatlarının ölkə sərhədinə yaxınlaşmasına mane olub.
Türkiyənin regionda artan rolu diplomatik sahədə də özünü göstərib. Suriyanın gələcəyi ilə bağlı ABŞ, Fransa və İngiltərə və Türkiyə Bəşər Əsəd rejiminin legitimliyini inkar edərək Suriyada yeni siyasi quruluşun təşkili üçün müzakirələrə başlayıb. Türkiyə Suriyanın gələcəyində Əsədsiz həllin mümkünlüyü ideyasını müdafiə edib. Türkiyə, həmçinin Suriyadakı qaçqın axınının qarşısını almaq, təhlükəsiz zonalar yaratmağı təklif edib və bu təklif həm ABŞ, həm də Rusiyanın müsbət reaksiyasını alıb. Bu minvalla Ankara daim Suriyada siyasi həll yolunu tapmaq və hərbi əməliyyatlarla öz maraqlarını qorumaq arasında balans yaratmağa çalışıb. Ötən dövrdə Türkiyə PKK-nın uzantısı olan və Suriyanın şimalında mənzillənən YPG-nin varlığını böyük təhlükə kimi görüb və onunla mübarizəni ön planda tutub. 2019-cu ildə ABŞ-ın Suriyadan hərbi qüvvələrini çəkməsi ilə meydana gələn boşluq Türkiyənin öz mövqeyini daha da gücləndirməsinə imkan yaradıb.
Bundan əlavə, Türkiyə həm də diplomatik müstəvidə fəallıq göstərərək Astana prosesinə qoşulub, Rusiya və İranla birgə müzakirələrə qatılıb, Suriyanın gələcəyi ilə bağlı razılaşmalar əldə etməyə çalışıb. Ancaq bu prosesdə Türkiyə İran və Rusiya ilə olan əlaqələrdə çox zaman ziddiyyətlərlə qarşılaşıb. Məsələn, Rusiya və İranın Suriya hökumətini dəstəkləməsi ilə Türkiyənin müxalifətə verdiyi dəstək arasındakı qarşıdurmalar zaman-zaman müharibəni daha da dərinləşdirib. Buna baxmayaraq, Türkiyə regiondakı gücünü qorumağa çalışaraq, hərbi və diplomatik alətlərlə bu ziddiyyətləri çözməyə çalışıb. Son proseslər göstərir ki, Türkiyə hər zaman Suriya münaqişəsinin gələcəyinin Rusiya və İranın regiondan sıxışdırılması halında mümkün olduğunu diqqətdə saxlayıb. Çünki hələ ötən əsrin 70-ci illərindən etibarən Rusiya Suriyada hərbi baza quraraq, Suriya hökumətinə siyasi və hərbi dəstək verirdi. Həmçinin, Rusiya Suriyada öz nüfuzunu artırmaqla, regionda strateji üstünlük əldə etməyə çalışırdı. Türkiyə isə vaxtaşırı Suriyanın şimalında həyata keçirdiyi əməliyyatlarla Rusiya və İranın bu ölkədə artan təsirlərinə qarşı çıxmağa çalışırdı. İran isə Suriyada “Hizbullah” və digər proksi qüvvələri vasitəsilə təsirini əsaslı şəkildə genişləndirmişdi. İranın əsas məqsədi Suriya ilə olan əlaqələrini gücləndirərək, Fars körfəzi ilə əlaqəni təmin etmək və İsrailə qarşı strateji mövqelər əldə etmək idi. Lakin Türkiyə Suriyanın şimalında İranın təsirini zərərsizləşdirmək üçün müəyyən əməliyyatlar və diplomatik gedişlər həyata keçirdi. Türkiyə üçün həm İranın, həm də Rusiyanın Suriya ərazisində möhkəmlənməsi, uzunmüddətli təhlükəsizlik üçün ciddi təhdidlər yaratmamalı idi. İndi vəziyyət elə gətirib ki, Rusiya öz qoşunlarının Suriyadan təhlükəsiz çıxarılması üçün Türkiyədən kömək istəyir, “Hizbullah” silahlıları ölkəni tərk edir, bununla da həm Moskvanın, həm də Tehranın Suriya məsələsindəki dirənci oratadan qaldırılmış olur. İndiki vəziyyət həm də onu diqtə edir ki, Türkiyə artıq Suriya böhranının həllində mühüm rol oynamaqla regional təsirini artırdı. Bundan sonra qəbul ediləcək bütün planlarda Ankaranın mövqeyi həlledici olacaq.
İndi Türkiyənin qarşısında bir neçə məqsəd dayanır: Suriya ərazisində təhlükəsizlik zonaları yaratmaq, qaçqınların təhlükəsizliyini təmin etmək, terror təşkilatlarına qarşı mübarizəni davam etdirmək. Bu, Suriyanın gələcəyinin formalaşmasında Türkiyənin rolunun artmasına səbəb olacaq. Həmçinin, Türkiyənin müttəfiqləri ilə əməkdaşlığı və regional güc olaraq çıxış etməsi, Rusiyanın və İranın Suriyadakı təsirini əsaslı şəkildə azaldacaq. Bu isə o deməkdir ki, Türkiyənin bu prosesdəki rolu Suriya və ümumilikdə Yaxın Şərqdəki gələcək siyasi mənzərənin formalaşmasında həlledici əhəmiyyət kəsb edəcək.