Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Ötən həftə Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransa müraciətində Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir Ermənistanın qarşısında yeni vəzifələr qoydu. İlk növbədə qeyd etməliyik ki, bu məsələ Azərbaycan dövlətinin yeni ideoloji xəttində əsas yol xəritəsi təşkil edir. Yəni, azərbaycanlılar indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarına qayıtmalı, onların illər əvvəl əllərindən zorla alınmış fundamental insan hüquqları bərpa edilməlidir. Digər tərəfdən bu məsələdə siyasi yolla həll olunmalı, azərbaycanlılar beynəlxalq hüquqa istinadən öz hüquqlarına qovuşmalıdır.
Hazırki məqamda Ermənistan icma ilə danışıqlara başlamaqdan imtina edir. Baxmayaraq ki, bu, yalnız regional təhlükəsizlik və sülh prosesləri üçün deyil, həm də insan haqları və ədalət baxımından mühüm əhəmiyyət daşıyır. Çünki Ermənistan Qərbi azərbaycanlılara məxsus tarixi-mədəni irsin qorunması ilə bağlı üzərinə düşən öhdəliklərini yerinə yetirərsə, bu sülh prosesində həlledici amil olar və yekun sülhün sürətləndirilməsi, həmçinin proses zamanı müşahidə edilən bəzi məsələlərdə kompromislərə gedilməsi üçün də müəyyən imkanlar açar.
Tarixi mənbələr də təsdiq edir ki, Qərbi Azərbaycan ta qədimlərdən türk torpağı olub. Ermənilər bu ərazilərə sonradan gəlib, daha doğru çar Rusiyasının dövründə bölgənin etnik quruluşunu dəyişdirmək üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə bu ərazilərə köçürülüblər. Bununla belə, ötən əsrin əvvəllərində erməni daşnaklarının tarixi Azərbaycan torpaqlarında başlatdıqları qırğınların təsiri, daha sonra SSRİ-nin mövcud olduğu dövrdə həyata keçirilən deportasiyalar nəticəsində azərbaycanlılar öz doğma yurdlarından didərgin düşüb. 1948-1953-cü illərdə və daha sonra Ermənistan müstəqillik qazandıqdan sonra bu ərazidəki azərbaycanlılar zorla deportasiya edilib. İndiki halda azərbaycanlıların öz torpaqlarından qovulması insan haqları və ədalət məsələləri baxımından Ermənistanın üzərinə ciddi bir məsuliyyət qoyur. Digər tərəfdən bu hadisənin nəticələrinin ədalətli şəkildə araşdırılmasının yalnız Qərbi Azərbaycan icmasının hüquqlarını tanımaqla mümkün olacağını göstərir. Bu baxımdan, Prezident İlham Əliyevin Ermənistana etdiyi çağırış, yalnız siyasi və diplomatik aspektlərdən deyil, həm də geniş humanitar və hüquqi çərçivədən nəzərdən keçirilməli, Ermənistan isə tarixi ədalətin bərpası və zorla köçürülmüş azərbaycanlıların hüquqlarının təmin edilməsi üçün konkret addımlar atmalıdır.
Ermənistanın bir dövlət olaraq Qərbi Azərbaycan icması ilə dialoqu başlatması həm regional stabilliyi təmin etmək, həm də beynəlxalq aləmdə hüquqi və etik məsuliyyəti yerinə yetirmək baxımından vacibdir. Ermənistanın bu məsələyə müsbət yanaşması yalnız yerli səviyyədə deyil, həm də beynəlxalq münasibətlərdə məsuliyyətli bir dövlət imici yaratmasına kömək edə bilər. Bundan əlavə, Ermənistanın gələcək sülh və əməkdaşlıq yönündəki niyyətlərində səmimi olduğunu göstərər. Prosesi qüvvətləndirəcək əsas amillərdən biri də Ermənistanın həm də UNESCO ilə əməkdaşlıq etməyə başlamasıdır. Çünki soydaşlarımızın Qərbi Azərbaycandakı tarixi-mədəni irsinin qorunması da diqqət mərkəzində saxlanmaldır. Ermənistanın bu irsin qorunmasına dair konkret addımlar atmalı, yalnız regional sabitlik üçün deyil, həm də qlobal miqyasda insan haqları və mədəni müxtəlifliyin qorunması işinə töhfə verməlidir. Əgər Ermənistan bu məqsədlə UNESCO-nun faktaraşdırıcı missiyasına icazə versə həm də beynəlxalq hüquqa və əxlaqa uyğun bir yanaşma ortaya qoya bilər ki, bu amil də iki ölkə arasndakı sülh gündəliyinə qiymətli töhfə vermiş olar. İrəvanda nəzərə almalıdırlar ki, sülh danışıqları qarşılıqlı etimad və hörmət əsasında qurulmalı, Azərbaycan xalqının maraqları və hüquqları bərpa edilməlidir. Bu, yalnız regional sabitlik üçün deyil, həm də gələcək nəsillər üçün birgə yaşamağın yollarını açacaq.