BAKIYA YARIMÇIQ SÜLH LAZIM DEYİL

Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında qəribə iddia irəli sürüb və deyib ki, Azərbaycanla sülh sazişinin 16 bəndi artıq razılaşdırılıb. Hələ ki, rəsmi Bakı bu bəyanata cavab verməyib, lakin bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Belçikanın yeni səfiri ilə görüşündə açıq şəkildə vurğuladı ki, “sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz”. Bununla da dövlət başçısı Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifinin tamamilə reallıqdan kənar olduğunu və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı.

Rəsmi Bakı demək olar ki, bütün səviyyələrdə dəfələrlə bəyan edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasının yeganə yolu onun öz konstitusiyasına və digər qanunvericilik aktlarına düzəliş etməsindən, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsindən keçir. Buna baxmayaraq, Ermənistan və havadarları tez-tez bəyanat verərək ən azından COP29 sammitinə qədər sülh müqaviləsinin imzalanmasına təkid edir, bununla da Azərbaycanın konstitusiya tələbəni arxa plana keçirməyə çalışırlar. Ona görə də Alen Simonyanın bəyanatı şübhəli təəssürat yaradır və onun manipulyasiya olması ehtimalı daha güclüdür. Çünki haqqında bəhs edilən 16 maddə üzrə razılaşmaların konkret şərtləri, xüsusilə sərhəd, təhlükəsizlik, nəqliyyat kommunikasiyaları və ərazi bütövlüyü kimi məsələlərin necə həll olunduğu hələlik məlum deyil. Bu baxımdan Simonyanın bəyanatı əsas mövzular üzrə razılığın əldə edilmədiyini gizlətmək cəhdi kimi də dəyərləndirilə bilər.

Çox güman ki, Alen Simonyan bu bəyanatı ilə həm beynəlxalq ictimaiyyəti, həm də daxili auditoriyanı aldatmağa çalışıb. Beynəlxalq və lokal ictimai fikirdə belə bir təəssürat yaratmağa çalışıb ki, Ermənistan sazişin ən çətin maddələrinin belə razılaşdırılmasında xüsusi fədakarlıq göstərib və onun əsas niyyəti sülh müqaviləsinin imzalanmasıdır. Lakin hamıya aydındır ki, Simonyanın da, onun təmsil etdiyi hökumətin də bu cür addımları yalnız fırıldaqçılıq təəssüratı yaradır və Ermənistanın sülhlə bağlı niyyətinin qeyri-ciddi olduğunu göstərir. Digər tərəfdən, aydındır ki, sülh prosesi beynəlxalq vasitəçilərin iştirakı ilə baş verir. Bu vasitəçilər, xüsusən də ABŞ, Avropa İttifaqı və Rusiya Ermənistanla Azərbaycan arasındakı irəliləyişlərə dair öz mövqelərini ortaya qoymayıbsa, əgər beynəlxalq tərəflərdən hər hansı birindən razılaşmaya dair açıqlama, dəstək və ya təsdiq gəlməyibsə, Alen Simonyanın bu bəyanatı reallıqdan tamamilə uzaqdır və bir daha Ermənistan hakimiyyətinin manipulyasiya ilə məşğul olduğunu təsdiqləyir.

Ermənistan parlamentinin sədrinin bəyanatı müəyyən irəliləyişlərdən xəbər versə də, razılaşmaların nə dərəcə real olması, onların sülhə gətirib çıxarması ilə bağlı iddiaları doğrultmur. Əsas məsələlərdə irəliləyiş əldə edilmədən, yalnız bəzi texniki detallarda razılığa gəlinməsi sülh prosesində həqiqi nəticə kimi qiymətləndirilə bilməz. Hər halda Azərbaycanın mövqeyi bu bəyanatın nə qədər real olduğunu müəyyən edəcək. Azərbaycan hökuməti öz maraqlarına zidd olan və ya yetərincə aydın olmayan hər hansı razılaşmanı dəstəkləməyəcək. Ermənistan bu cür manevrlərini davam etdirə, hətta razılaşdırılmayan bəndləri kənara qoyub razılaşdırılmış bəndlər üzərində saziş imzalamaq təklifini də irəli sürə bilər. Lakin bütün hallarda Ermənistan bu sazişi Azərbaycanla imzalayacaq və rəsmi Bakının münasibəti açıq-aydın ortadadır. Bakıya yarımçıq sülh lazım deyil.

Bakıya yarımçıq sülh lazım deyil