İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları, “Enterprise Azerbaijan” və “Azexport.az” portallarının rəhbərləri və Türkiyənin “Bulutistan” şirkətinin rəhbər heyəti arasında görüş keçirilib. Görüş tərəflərin fəaliyyəti ilə tanışlıq və ümumi əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədi daşıyıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Samir Məmmədov yeni rəqəmsal həllər və “bulud” texnologiyalarından istifadənin əhəmiyyətini vurğulayıb.
“Bulutistan” şirkətinin MDB ölkələri üzrə baş meneceri Mutlu Ataç şirkətin fəaliyyət istiqamətləri və xidmətləri, digər ölkələrlə əməkdaşlığı, “bulud” texnologiyaları və həlləri, “bulud”un iqtisadi səmərəsi barədə danışıb. Şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Samir Nuriyev isə təmsil etdiyi qurumun ölkəmizdəki fəaliyyəti ilə bağlı məlumat verib.
“Entreprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva Azərbaycanda startap ekosisteminin inkişafı üzrə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb, “Bulutistan” şirkətini bu sahənin dəstəkləməsi üçün birgə fəaliyyətə dəvət edib. “Azexport.az”-ın rəhbəri Ayxan Qədəşov portalın fəaliyyət istiqamətləri, məqsədi, ölkə iqtisadiyyatına səmərəsi və əməkdaşlıq imkanları barədə çıxış edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədova Mərkəzin strateji fəaliyyət istiqamətlərində müəyyən olunmuş bir sıra tədbirlər üzrə “Bulutistan” şirkəti ilə əməkdaşlığın əhəmiyyət daşıyacağını qeyd edib.