ABŞ TƏBİƏTDƏN ÇOX MÜHARİBƏLƏRƏ PUL XƏRCLƏYİR

Son aylarda ABŞ-ın Azərbaycanla bağlı sərgilədiyi siyasət və bəyanatlar regiondakı hadisələr fonunda daha çox diqqət çəkməyə başlayıb. 44 günlük Vətən müharibəsindən sonra tez-tez gərginləşən Amerika-Azərbaycan münasibətləri 60 konqresmenin ölkəmizə sanksiyaların tətbiq olunması ilə bağlı Konqresə ünvanladığı müraciətdən sonra daha da kəskinləşib. Azərbaycan Prezidenti bu məsələyə münasibət bildirərək deyib ki, əslində həmin müraciət elə Dövlət Departamentində yazılıb, onun müəllifi dövlət katibi özüdür. Bu isə onu deməyə əsas verir ki, konqresmenlərin başlatdığı anti-Azərbaycan kampaniyasına ABŞ özü dövlət səviyyəsində dəstək verir, bu isə Birləşmiş Ştatların rəsmilərinin Azərbaycanla münasibətlərin inkişafına dair səsləndirdiyi fikirlərlə uyğun gəlmir.

Xatırlayırıqsa, dövlət katibi Antoni Blinken Azərbaycan Prezidentinə hər telefon zəngində COP29-a hazırlıq işləri ilə maraqlanır, bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün ABŞ-ın köməyini təklif edir, təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayır. Amma digər tərəfdən Dövlət Departamentinin ermənipərəsət konqresmenlərə verdiyi əsas tövsiyələrdən biri də COP29-la bağlı Azərbaycanın həyata keçirdiyi qlobal siyasətə kölgə salmaq, müxtəlif vasitələrlə ölkəmizi ləkələməkdir. Bu mənada Amerikanın COP29-la bağlı Azərbaycana vəd etdiyi dəstəyin nə dərəcədə səmimi olması artıq şübhə doğurur.

Bildiyimiz kimi, COP29 sammiti iqlim dəyişikliyi ilə mübarizəni qlobal səviyyədə gücləndirmək məqsədilə BMT tərəfindən təşkil olunan beynəlxalq tədbirdir. Bu sammitin əsas mövzuları arasında karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinə keçid və iqlim dəyişikliyinin sosial-iqtisadi təsirlərinin müzakirəsi yer alır. ABŞ qlobal iqlim dəyişikliyi mövzusunda hər zaman önəmli oyunçulardan olsa da dünyada iqlim böhranının yaranmasında da əsas faktorlardan biridir. Təsadüfi deyil ki, 2018-ci ildən bu yana atmosferdə karbon qazı emissiyalarının artmasında Birləşmiş Ştatlar böyük üstünlüyə malikdir. Emissiyaların artımının 85%-i Amerika, Çin və Hindistanın payına düşür. Deməli, Amerika heç vaxt qlobal iqlim dəyişikliklərinin qarşısının alınmasında dürüst davranmayıb. ABŞ 2015-ci ildə imzaladığı Paris sazişindən iki il sonra çıxmaqla eyni mövqeni nümayiş etdirmişdi. Baxmayaraq ki, dünyada karbon qazı tullantılarının 15 faizi Birləşmiş Ştatların üzərinə düşür. Amerika həm də inkişaf etməkdə olan ölkələrin temperaturun artması ilə mübarizə aparmaq səyləri üçün maliyyə və texnologiyanın mühüm mənbəyi hesab olunur. 2017-ci ildə Prezident Donald Tramp Paris sazişindən çıxmaq qərarını verəndə bu addımını onunla əsaslandırmışdı ki, əgər Amerika sazişin şərtlərini yerinə yetirsə 2025-ci ilədək ölkə 2,7 milyon iş yerini itirəcək. Onun fikrincə, bu, Amerika pullarının və resurslarının başqa ölkələrə yönəldilməsi deməkdir.

Düzdür, sonradan Amerika sazişə yenidən qayıtdı, lakin Trampın irəli sürdüyü müddəaları yeni adminstrasiya çox güman ki, kənara qoymadı. Bu da onu deməyə əsas verir ki, iqlim dəyişikliyinin qarşısının alınması Vaşinqtonun xarici siyasətində heç də təqdim olunduğu kimi ilk yerlərdən birini tutmur, əslində ABŞ öz maliyyə resurslarını qorumaq hayındadır. Müharibələrə və silahlanmaya xərclənən pullar təbiətə xərclənən pullardan daha üstündür. 877 milyard dollar hərbi büdcəsi olan ABŞ bu gün Ukrayna və İsrailin apardığı müharibəyə hərtərəfli dəstək verir, milyardlarla vəsait xərcləyir, hətta bəşəriyyəti nüvə müharibəsinin astanasına sürükləyir. Bu həngamənin ortasında onun iqlim dəyişikliyinin qarşısının alınmasına yönəlmiş fəaliyyəti ağlabatan təsir bağışlamır, daha çox qeyri-səmimi görüntü yaradır.