Oktyabrın 18-də Türkiyədə xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü keçirildi. Format hələ də yarımçıqdır. Gürcüstan növbəti dəfə görüşdə iştirakdan imtina etdi ki, bu da başa düşüləndir.
Ermənistan da bu görüşlərdə öz iradəsi ilə iştirak etmir. Bir tərəfdən İrəvan İranın təklifindən imtina edə bilmir, digər tərəfdənsə Türkiyəyə səfər Paşinyan hökumətinin Azərbaycanla normallaşma olmadan Türkiyə ilə münasibətləri qaydasına salmaq istəklərinə uyğun gəlir.
Hazırda “3+3” regional formatındakı əsas maneələri və problemləri sadalayaq:
– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yoxdur;
– Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur;
– Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr yoxdur, Gürcüstan əraziləri hələ də Rusiyanın işğalı altındadır;
– Azərbaycanla Ermənistan, Ermənistanla Türkiyə arasında regional kommunikasiyalar bağlıdır.
2020-ci ilin 44 günlük müharibəsinin geosiyasi nəticələri olsa da, onların əksəriyyəti hələ də reallaşmayıb.
– Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası reallaşan yeganə nəticədir.
– Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması;
– Ermənistan-Türkiyə münasibətlərinin normallaşması;
– kommunikasiyaların açılması isə hələ də baş tutmayıb.
Bir sözlə, 44 günlük müharibənin nəticələri effektiv regional formatın formalaşması yolunda bir çox maneələri və problemləri aradan qaldırmalı idi.
Digər tərəfdən, “3+3” formatının özünəməxsus əsasları var ki, həmin əsaslar təmin edilmədən real ümumregional əməkdaşlıqdan söhbət gedə bilməz. Gəlin bu əsasları nəzərdən keçirək:
– Region ölkələri bir-birinə təhdid yaratmamalıdır – Azərbaycan və Ermənistan hələ də bir-birinə təhdid yaradır.
– Region ölkələri regionun qonşuları üçün təhdid yaratmamalıdır – bu baxımdan İranın Azərbaycana, Rusiyanın Gürcüstana, Türkiyənin isə Ermənistana müəyyən sualları var.
– Regionun qonşuları region ölkələri üçün təhdid yaratmamalıdır – burada artıq Gürcüstanın Rusiyaya (ərazilərin işğalı faktı ortadadır), Azərbaycanın İrana, Ermənistanın Türkiyəyə müəyyən sualları var.
Gördüyümüz kimi, 44 günlük müharibənin geosiyasi nəticələrinin həyata keçirilməsi əslində böyük bir maneə və problemlər toplusunun aradan qaldırılmasına yol açır.
Bölgənin qonşuları bəyan edirlər ki, regionun problemləri elə region daxilində həll olunmalıdır. Əgər bu niyyət həqiqətən də səmimidirsə, o zaman region ölkələrinin bölgədən kənarda kömək axtarışının qarşısını almaq üçün hərəkətə keçmək məhz region qonşularının üzərinə düşür.
Bu kontekstdə Türkiyə Ermənistanla münasibətlərdə konstruktivlik nümayiş etdirir. Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması şərti ilə Ermənistanla öz münasibətlərini normallaşdırmağa hazırdır. Tehran Ermənistan ərazisindən keçən kommunikasiyaların qarşısının alınması və İranın öz ərazisindən yeni kommunikasiya marşrutlarının salınması ilə bağlı anlaşılmaz mövqedə qalır. Rusiya isə Gürcüstanla problemlərin həlli üçün heç nə etmir.
Bölgənin qonşularının da region ölkələrindən gözləntiləri var ki, bu gözləntilər əksər hallarda maksimalist xarakterə malikdir.
Beləliklə, aşağıdakı nəticəyə gəlirik:
Əgər bölgənin qonşuları “3+3” regional formatında bu qədər maraqlıdırsa, o zaman hərəkətə keçməlidirlər:
– 44 günlük müharibənin geosiyasi nəticələri həyata keçirilməlidir;
– İran regional kommunikasiyaların qurulmasına başlamalı və bunu başa çatdırmalıdır;
– Rusiya Gürcüstana qarşı işğalçılıq siyasətindən əl çəkməli, Abxaziya və Tsxinvali bölgəsinin Gürcüstana reinteqrasiyasına yardım etməlidir.
Bu müddəalar reallaşdırılmadan regional “3+3” formatından nəticə əldə etmək mümkün olmayacaq və bu çərçivədəki bütün fəaliyyətlər yarımçıq formatda ritual görüşlər səviyyəsində qalacaq.