AŞPA AZƏRBAYCANA QARŞI QƏRƏZLİ MÖVQEYİNDƏN ƏL ÇƏKMİR, QURUMA BEYNƏLXALQ ETİMAD ALT-ÜST OLUB

Azərbaycanın ərazi bütövlüyünü və torpaqları üzərində suvernliyini tam şəkildə bərpa etməsi ölkəmiz əleyhinə olan qüvvələrin məkrli planlarına da ciddi zərbə vurub. Çünki ölkəmiz qısa zaman kəsiyində əldə etdiyi tarixi Zəfərlə anti-Azərbaycan qüvvələrin hazırlanmasına illər sərf etdiyi fəaliyyət formalarını sıradan çıxarıb. Elə bu  konktekstdə sözügedən qüvvələrin anti-Azərbaycan fəaliyyətini daha çox qarayaxma, şər-böhtan kampaniyası vasitəsilə genişləndirməyə çalışdıqları müşahidə olunur.

Görünən odur ki, onlar kampaniyanı heç bir əsas olmadığı halda hər vəchlə davam etdirməyə can atırlar. Bu da təsadüfi deyil. Qeyd olunanların səbəbini hələ cari ilin fevralında Prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı səsləndirmişdi: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, – İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, – sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır”;

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra əldə etdiyi digər uğurlar ölkəmizə qarşı olan qüvvələrin narahatlıq və təşvişini daha da artırıb. Onlar indi hər vasitə ilə müxtəlif tribunalardan ölkəmizi hədəfə almağa can atırlar. Məqsədləri üçün əsası olmayan iddialardan, qarayaxmalardan və digər bu qəbildən olan hallardan istifadəyə çalışırlar. Eyni zamanda təsirləri altında olan media vasitələrindən, müəyyən təsisatlardan Azərbaycana qarşı kampaniyada geniş istifadə olunur.

Azərbaycana qarşı daim qərəzli mövqe sərgiləyən Avropa Parlamentində, ikili standartlardan xilas ola bilməyən Avropa Şurası Parlament Assambleyasında (AŞPA)   ölkəmiz əleyhinə fəaliyyət də bunun təzahürləridir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı sərgilənən qərəz də məhz bundan qaynaqlanır. Qurumun iclaslarında Azərbaycan nümayəndə heyətinin iştirak etməməsinə baxmayaraq, burada ölkəmiz əleyhinə fəaliyyətə son qoyulmayıb və bunu Avropa Şurası Parlament Assambleyasının müxtəlif təmsilçilərinin açıqlamaları da təsdiq edir. Görünən odur ki, anti-Azərbaycan qüvvələr əvvəlki kimi AŞPA tribunasından ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq məqsədilə istifadə etməyi planlaşdırırlar. Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev bu məqama bir daha toxunub. Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətindən danışan dövlət başçısı vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında ölkəmiz əleyhinə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır.

AŞPA-da Azərbayacana qarşı qərəz ötən ilin sentyabrında Qarabağda böyük uğurla həyata keçirilən birgünlük antiterror tədbirlərindən sonra özünü daha açıq müstəvidə büruzə verməyə başladı. Məhz bundan irəli gələrək, Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandatı təsdiqlənmədi. Belə qərəz fonunda Azərbaycan nümayəndə heyəti qurumda fəaliyyətini dayandırdığını bəyan etdi.  Proseslər göstərdi ki, dialoq, qarşılıqlı hörmət əsasında işləməsi tələb olunan AŞPA reallıqda bütün bu dəyərlərdən uzaqdır, ikili standartlar əsasında fəaliyyət göstərir.

Elə indi də AŞPA-da müəyyən qüvvələr Azərbaycanla şantaj dilində danışmağa çan atırlar. AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslərin ölkəmiz tərəfindən “arzuolunmaz şəxslər” siyahısına salınması kontekstində bu cəhdlərə daha çox rast gəlinir. Almaniya Bundestaqının və AŞPA-nın üzvü Frank Şvabenin, AŞPA-nın prezidenti Teodoros Rusopulosun və digər bəzi qurum təmsilçilərinin son vaxtlar Azərbaycan əleyhinə yenidən fəallaşmaları da qeyd edilənlərin təsdiqi hesab oluna bilər. Lakin həmin şəxslər hələ də başa düşmək istəmirlər ki, Azərbaycanla şantaj dilində danışmaq mümkünsüzdür, səmərəsiz cəhddir.

AŞPA-da Azərbaycana qarşı sərgilənən qərəzli mövqe, şantaj və qarayaxma kampaniyalarının aparılması daha çox bu qurumun özünə zərər vurur, ona beynəlxlaq etimadı alt-üst edir. Bu hal ilk növbədə AŞPA-nın ikili standartlardan, qərəzli yanaşmadan xilas olmadığını göstərir, onun nüfuzunu daha da sarsıdır. Azərbaycan yerləşdiyi regionun lider ölkəsi, Avropa üçün son dərəcə mühüm tərəfdaşdır. Bütün bunların AŞPA-da da nəzərə alınması çox vacibdir.