Avropa İttifaqının yeni Müdafiə Komissarı: iddialı, amma zəif?

Soyuq müharibənin başa çatmasından sonra keçən 30 ildən artıq müddətdə Avropa İttifaqı normativ və iqtisadi güc kimi qlobal siyasətdə öz sözünü desə də, təhlükəsizlik məsələlərinin həllində Brüssel bu gün də NATO-nun liderliyini qəbul edir. Ancaq son illər qlobal güc balansında baş verən dəyişikliklər fonunda qurumun təhlükəsizlik paradiqmasının transformasiyası gözardı edilməməlidir. Hələ 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra təşkilatın elan etdiyi qlobal strategiya sənədində realist xarici siyasətin önəmi vurğulanır və beynəlxalq əlaqələrdə hərbi gücün artan roluna işarə edilirdi. 2019-cu ilin noyabr ayında fəaliyyətə başlayan birinci Ursula fon der Leyen komissiyası özünü “geosiyasi komissiya” olaraq təqdim etmişdi. Fon der Leyenin müavini, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Xüsusi Nümayəndəsi seçilən Cozef Borel qurumun beynəlxalq əlaqələrdə “güc dilində danışmağı” öyrənməli olduğunu bildirmişdi. Bütün bunlar getdikcə çoxqütblülüyə meyl edən qlobal sistemdə Aİ-nin təhlükəsizlik aktoru kimi öz məsuliyyətini qəbul etməsi və strateji avtonomluğunu qazanması barədə təzyiqləri artırırdı ki, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynanı işğal etməsi prosesi daha da sürətləndirdi. Nəticədə, Rusiya qazından, Amerika silahlarından və Çin bazarından strateji asılılığı azaldan bir hərbi-iqtisadi sistemə keçid edilməsi planlaşdırılır. Noyabrda (parlamentdə gecikmələr nəticəsində yəqin ki, dekabrda) fəaliyyətə başlayacaq ikinci fon der Leyen komissiyasının əsas hədəflərindən biri də budur.

Ancaq müdafiə və təhlükəsizlik sahələrində Avropa İttifaqında əsas söz sahibi hələ də milli dövlətlərdir. Qurumun özünün ordusu yoxdur və əsasını təşkil edən müqavilələr ona məxsus olan fondlardan müdafiə sektoruna pul xərcləməyə icazə vermir. Müdafiə sənayesinin tənzimlənməsi ilə əlaqədar isə Avropa Komissiyası müəyyən səlahiyyətlərə malikdir. Yaxın illərə qədər Aİ-də bəzi aparıcı ölkələr NATO-nun vəzifələrini təkrarlama və ya suverenliyə müdaxilə kimi səbəblər gətirərək Avropa Komissiyasının bu sahədə vəzifələrini icra etməsinə maneələr yaratsa da, Ukrayna müharibəsi kontekstində ortaya çıxan silah-sursat çatışmazlığı problemləri Komissiyanın nəhayət ki, sükan arxasına keçməsinə şərait yaratdı. Oxşar ssenari Covid-19 pandemiyası dövründə də baş tutmuşdu. Ani ortaya çıxan krizisə ittifaq səviyyəsində effektiv cavab vermək üçün fon der Leyen komissiyası önə çıxmış və resurların mobilizasiyası prosesini idarə edərək səlahiyyətlərini kifayət qədər genişləndirmişdi. Bu ilin iyun ayında Avropa Parlamentinə keçirilən seçkilərdən sonra Şura tərəfindən ikinci dəfə Avropa Komissiyasının Prezidenti seçilən Ursula fon der Leyen ittifaqın Soyuq Müharibədən bəri müdafiə sahəsində yaranan boşluqları doldurmaq üçün növbəti 10 ildə 500 milyard avro xərcləməli olduğunu qeyd etmiş və Almaniya və Niderland kimi müdafiə maliyyəsi məsələlərində ehtiyatlı hərəkət edən üzv-dövlətlərin qəzəbinə tuş gəlmişdi. Sentyabrın 17-də Avropa Parlamentinə göndərdiyi yeni komissarların siyahısında isə biz Komissiyanın qurum səviyyəsində müdafiə sənayesinin tənzimlənməsini həyata keçirmək üçün yeni Müdafiə və Kosmos Komissarı portfelinin yaradıldığını görürük.

Fon der Leyen müdafiə komissarı vəzifəsinə Litvanın müxtəlif dövrlərdə baş naziri olmuş Andrius Kubiliusu təklif edib. Kubilius Avropa Parlamentinin üzvü olduğu illərdən ciddi anti-Rusiya mövqeyi ilə tanınır. Parlamentdə fon der Leyen kimi Avropa Xalq Partiyasından olan Kubilius Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropanın “sülh istəyirsənsə, müharibəyə hazır ol” (si vis pacem, para bellum) məşhur latın deyimini ümumittifaq müdafiə şüarına çevirməsinin tərəfdarıdır. Namizədliyi təsdiqləndikdən qısa müddət sonra “Financial Times”-a verdiyi müsahibədə Kubilius Avropa İttifaqının Rusiyadan qaz asılılığını azaltmaq üçün ehtiyat qaz tədarükünü artırdığı kimi silah və sursat sahəsində də qurumun reserv sistemlərinin yaradılmasını təklif edir. Bu ideya mart ayında ilk dəfə qəbul olunmuş Avropa Müdafiə Sənayesi Strategiyasının məntiqi davamıdır. Bu strategiya ilə Aİ Avropanın pərakəndə müdafiə sənayesinin dövrün tələblərinə və yeni yaranan təhdidlərə cavab verə bilməsi üçün bir araya gətirilməsinə və eyni hədəfə yönəldilməsinə çağırış edir.

Fon der Leyen sentyabrın 17-də Kubiliusa yazdığı “missiya məktubu”nda bir neçə dəfə müdafiə sənayesinə uzunmüddətli investisiyaların cəlb olunmasının önəmini vurğulayır. Təəccüblü deyil ki, məktubda o, yaxında fəaliyyətə başlayacaq komissiyasını “İnvestisiya Komissiyası” adlandırır. Son 5 ildə fəaliyyətdə olan “Geosiyasi Komissiya” əsasən təhlükəsizlik sahəsində gözlənti-bacarıq uçurumu səbəbindən demək olar ki, gözlənilən ümidləri doğrultmayıb. İnvestisiya Komissiyası ilə isə Fon der Leyen komandası Aİ-nin qlobal böyük güc mübarizəsində əsas zəifliyini aradan qaldırmağı hədəfləyir – təhlükəsizlikdən iqtisadi sahəyə qədər istehsala qoyulan investisiyanın azlığı və de-industrializasiya. Fon der Leyen Kubiliusdan mandatını aldıqdan 100 gün sonra Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Xüsusi Nümayəndə Kaya Kallasla birgə “Avropa Müdafiəsinin Gələcəyi” başlıqlı ağ sənəd təqdim etməsini istəyir. Sənəddə Kubilius və komandasından Avropanın müdafiə bacarıqlarının artırılması üçün hansı sahələrə investisiya qoyulması və üzv-dövlətlərdən tutmuş özəl sektora qədər müxtəlif maraq qruplarının hansı şəkildə bu prosesə cəlb oluna biləcəyi suallarına əhatəli cavab verməsi gözlənilir.

İddialı Komissiya

Avropa institutlarının müdafiə sahəsinə müdaxilə məsələsində indiyə qədər qarşılaşdıqları çətinlikləri nəzərə aldıqda yeni yaradılmış komissiyanın gündəliyi kifayət qədər iddialı görünür. Burada Avropa İttifaqının yaranmaqda olan çoxqütblü dünya nizamında mövqeyini gücləndirmək baxımından irəli sürülən 3 məsələ xüsusilə diqqət çəkir. İlk növbədə, müdafiə sənayesi məhsulları və xidmətləri üçün “Vahid Bazar”ın yaradılması nəzərdə tutulur. Digər sözlə, müştərək müdafiə layihələrinin həyata keçirilməsi, ortaq satınalmaların təşviqi və ümumi istehsalın artırılması planlaşdırılır. Hal-hazırda Avropada müdafiə sənayesi bazarı üzv-dövlətlərin öz milli şirkətlərini dəstəkləməsi nəticəsində müxtəlif növ döyüş silahlarının, tankların, zirehli texnikaların və.s ortaya çıxmasına səbəb olur ki, bu da hərbi güc baxımından səmərəliliyi və baş tutacaq müharibə zamanı qoşunların birgə hərəkət effektivliyi ehtimalını azaldır. Bu kontekstdə komissiyanın hədəfi istehsalı kəskin artırmaq və bu artımı Avropa şirkətləri hesabına təmin etməkdir. Fon der Leyen burada yerli kiçik və orta sahibkarların (SMEs) yeni yaranacaq tədarük zəncirlərinə inteqrasiyasının önəmini xüsusi vurğulayır. Rusiyanın Ukraynanı işğalından sonrakı bir il ərzində Avropa ölkələri əldə etdikləri yeni müdafiə sistemlərinin üçdə-ikisini xaricdən əldə edib və bunun yarıdan çoxu Amerikanın payına düşür. Yeni müdafiə strategiyasına görə ittifaq ölkələrinin 2030-cu ilə qədər təyin olunan satınalma büdcələrinin 50 faizi Avropa şirkətlərini əhatə etməlidir və sifariş olunan müdafiə avadanlıqlarının 40 faizi müştərək şəkildə alınmalıdır. Bir sözlə, Avropa müdafiəyə daha çox xərcləməli, daha yaxşı xərcləməli və Avropaya xərcləməlidir. Bu ideya xaricdən strateji asılılığı azaltmaq üçün son vaxtlar, məsələn, Amerika ilə “Inflyasiyanın Azaldılması Aktı”nın qəbul olunması çərçivəsində gedən subsidiya mübahisələri və ya Çindən idxal olunan elektrik avtomobillərinə yüksək tariflərin qoyulması kimi artan proteksionist tendensiyanın müdafiə sahəsinə yansımasıdır.

Yeni komissarın qarşısına qoyulan digər iddialı hədəf isə “hərbi Şengen”in Aİ səviyyəsində tətbiqinin təşviq olunmasıdır. Başqa sözlə, müdafiə komissarı üzv-dövlətlərlə koordinasiyalı şəkildə Avropada qoşunların sürətli trans-sərhəd hərəkətliliyinin təmin olunmasına çalışacaq. Avropada vətəndaşlar necə Şengen vizası ilə sərhədlərdə yoxlama olmadan hərəkət edə bilirlərsə, hərbi mobilizasiya zamanı da belə bir sistemin tətbiq olunmasına çalışılır. Təbii ki, bu məsələnin qızğın müzakirə obyektinə çevrilməsinin səbəbi Rusiyanın Ukraynanı işğal etməsi və bunun Aİ-nin strateji təhdid anlayışında səbəb olduğu dəyişiklikdir. Bu yanaşmaya görə Avropa İttifaqı üzv-dövlətlərinin hərbi böhranla üzləşməsi kontekstində geniş hərbi avadanlıq ehtiyatının olması böyük strateji önəm daşısa da, çoxdövlətli coğrafiyada hərbi qüvvələrin müharibə zonasına cəld və effektiv transferi heç də az əhəmmiyət daşımır. Bu məsələ hələ 2014-cü ildə Rusiyanın Krımı işğalından sonra gündəmə gəlmiş, trans-atlantik müttəfiqlər arasında ciddi müzakirələrə səbəb olmuşdu. O dövrdə Amerikanın Avropa Ordusunun komandanı General-Leytenant Ben Hoces (Ben Hodges) NATO və Aİ ölkələri arasında qoşunların sərbəst hərəkətinin mümkünküyünə inanmağın sadəlövh yanaşma olduğunu bildirmişdi. Belə ki, Avropada qoşunların hərəkəti sərhəddə icazə tələb edir. Bəzi ölkələr bunun üçün Parlamentin də iştirakı ilə daxili razılıq əldə etməlidirlər ki, bu da bəzən bir neçə gün çəkə bilər. Ümumi götürdükdə bu məsələ barədə son illərdə əsasən NATO tərkibində ciddi tədbirlər görülsə də müəyyən çətinliklər hələ də qalmaqdadır. Burada digər önəmli məsələ Avropa ölkələrindəki hərbi infrastrukturun vəziyyəti ilə bağlıdır. Soyuq Müharibənin başa çatmasından sonra Avropada əsasən genişmiqyaslı müharibə ehtimalının aşağı düşməsi nəticəsində yol, dəmiryolu və körpülər kimi strateji önəm daşıyan hərbi infrastruktur hərbi baxımdan “yararsız” vəziyyətə düşdü. 2014-cü il Ukrayna hadisələrindən sonra Rusiyanın Baltikyanı ölkələrə artan təhdid fonunda təşkil olunan “müharibə oyun”larında Qərbin operativ reaksiya verə bilməsinə ən böyük maneələrdən biri kimi bu aspekt qabardılırdı. Fon der Leyen məktubunda yeni komissardan Nəqliyyat komissarı ilə birgə işləyərək Trans-Avropa Nəqliyyat Şəbəkəsinə daxil olan ikili-istifadə (hərbi/mülki) üçün yararlı transport dəhlizlərinin gücləndirilməsini nəzərdə tutan təkliflər paketi irəli sürməsini istəyir. Bu məsələ təşkilati olaraq artıq NATO-nun kurasiyasında olduğu üçün bu sahədə də institutlararası koordinasiya tələb olunacaq.

Nəhayət, yeni müdafiə komissarının qarşısında duran digər iddialı vəzifə Avropa İttifaqının müdafiə məsələləri ilə məşğul olan müxtəlif institutları və ya layihələri (Daimi Strukturlaşdırılmış Əməkdaşlıq, Avropa Müdafiə Fondu, Avropa Sülh Mexanimzi və s.) arasında koordinasiya yaratmaqdır. Ümumiyyətlə bu istər Amerika kimi yaxın müttəfiqlə, istərsə də NATO kimi oxşar vəzifələri həyata keçirən partnyor təşkilatla münasibətləri daha proqnozlaşdırılabilən bir tərzə sala bilər.

Çətinliklər

Yeni Komissiyanın nəzərdə tutulan dəyişiklikləri həyata keçirərkən müxtəlif güc mərkəzlərinin ciddi müqaviməti ilə qarşılaşacağı gözlənilir. İlk növbədə, təbii ki, üzv-dövlətlər müdafiə məsələsində suveren haqlarının Aİ Komissiyası tərəfindən ələ keçirilməsinə qarşı gələcəklər. Hələ mart ayında Avropa Müdafiə Sənayesi Strategiyası qəbul olunarkən Aİ-yə üzv-dövlətlərin çoxu qurum səviyyəsində sursat istehsalının artırılmasını nəzərdə tutan belə bir mətnin irəli sürülməsini Avropa Komissiyası tərəfindən “güc oğurluğu” (power grab) kimi qiymətləndirmişdi. Eyni zamanda, müdafiə sahəsində yeni Komissiyanın yaradılması yeni növ vəzifə və öhdəliklərin yaranması mənasına gəlir ki, bu da institutlararası anlaşmazlıqları artıra bilər. Müdafiə portfoliosu bundan əvvəl 2021-ci ildə yaradılmış “Müdafiə Sənayesi və Kosmos Baş İdarəsi” adı altında “Daxili Bazar” Komissiyasının tərkibində fəaliyyət göstərirdi. İndi isə Kubilius Fon der Leyenin texnologiya suverenliyi, təhlükəsizlik və demokratiya məsələləri üzrə müavini Henna Virkkunenə hesabat verəcək. Maraqlıdır ki, Fon der Leyenin xarici siyasət üzrə müavini olacaq Kaya Kallası da listə əlavə edəndə Aİ-də müdafiə və təhlükəsizlik kimi strateji postlara Baltikyanı ölkələrin nümayəndələri rəhbərlik edəcək. Bəziləri bunu Ukrayna müharibəsi başlayandan sonra Avropa siyasətində Şərqi Avropa ölkələrinin təsirinin artmasının və nəticədə güc episentrinin qərbdən şərqə doğru hərəkət etməsinin bir təzahürü kimi görə bilər. Bəzi ekspertlər isə belə önəmli bir vəzifənin Litva kimi kiçik bir ölkədən olan komissara həvalə edilməsinin böyük dövlətlərin komissarları ancaq öz ölkələrinin müdafi sənayesinə fayda verməkdə günahlandırmasının qarşısını alacağını iddia edirlər. Bu mənada Kubiliusun manevr imkanları daha geniş olacaq.

Yeni komissarın qarşılaşacağı ən böyük çətinlik maliyyə sahəsində olacaq. Müdafiə sənayesinin inkişafı Aİ səviyyəsində uzunmüddətli maliyyə planı tələb edir ki, bunu da hal-hazırda yaşıl və rəqəmsal keçidi qarşısına məqsəd qoymuş və kənd təsərüfatı kimi strateji sahələrdə getdikcə artan etirazlarla üzləşən Brüssel üçün reallaşdırmaq çox çətin görünür. Bu mənada Avropa İttifaqı tarix boyu böyük güclərin keçid dövrlərində qarşılaşdığı kövrək “silahlar, yoxsa yağ” (guns versus butter) dilemması ilə qarşılaşır. İqtisadi böyümə ilə bağlı qayğıların artdığı bir vaxtda limitli resursların hərbi xərclərə yönləndirilməsi kifayət qədər riskli addım ola bilər. Bəs Komissiya lazım olan maliyyə vəsaitini necə əldə edə bilər? Yuxarıda qeyd olunmuş strategiya sənədində Avropa İnvestisiya Bankından silah və sursat istehsalı sahələrinə investisiya olunasına qoyulan qadağanın götürülməsinə çağırış edilir. Ancaq ən çox səsləndirilən fikir ortaq borclanmaqla Aİ-nin müdafiə ehtiyaclarının maliyyələşdirilməsidir. Oxşar siyasət COVİD-19 dövründə tətbiq olunsa da, müdafiə kimi sensitiv məsələdə təkrar olunma ehtimalı əslində çox aşağı görünür. Burada üzv-dövlətlər arasında ciddi fikir ayrılıqları var. Məsələn, Fransa bu plana müsbət yanaşsa da, Almaniya qəti şəkildə onun əleyhinədir. Fransa Prezidenti Emanuel Makronla Almaniya Kansleri Olaf Şoltsun son görüşlərinin birində bu fikir ayrılıqları açıq şəkildə özünü biruzə vermişdi.

Cənubi Qafqaz üçün gözləntilər

Yeni müdafiə komissiyasının fəaliyyətinin hansı istiqamətdə inkişaf edəcəyi məsələsi Cənubi Qafqazda da yaxından izlənəcək. Çünki ilk növbədə Avropa İttifaqı ilə yaxın münasibətlər bu ölkələrin getdikcə güclənən çoxşaxəli xarici siyasət strategiyalarının əsas komponentlərindən biridir. Uzun illər ərzində Aİ-nin regionda mövcudluğu müzakirələrində əsas arqumentlərdən biri Brüsselin qonşuluq siyasətində təhlükəsizlik aspektinin zəifliyi və ya ümumiyyətlə heç olmaması idi ki, bunun da Rusiya ilə regional mübarizədə Aİ-ni geri saldığı qeyd edilirdi. Bu kontekstdə Aİ-nin hərbi sahədə inteqrasiya yönündə addımlar atması və nəticədə şərq qonşuluğunda təhlükəsizlik məsələlərində daha aktiv iştirak etməkdə maraqlı olması region ölkələrini müvafiq addımlar atmağa sövq edəcək.

Kubilius şərq qonşuluğu ilə bağlı “Avropanın Şərqi üçün Strategiya” sənədinin qəbul olunmasını təklif edir. Şərq qonşuluğunun demokatik transformasiyası, xüsusilə də Rusiya və Belarusun “normal dövlət”ə çevrilməsi hədəflənir. Burada Cənubi Qafqazla bağlı iki məsələyə diqqət edilməlidir. Birincisi, Aİ artıq regionda getdikcə daha gərgin vüsət alan güc mübarizəsində öz müdafiə proqramları ilə birbaşa iştirak etməyə başlayıb. Artıq bu ildən Brüssel Ermənistana Avropa Sülh Mexanizmi çərçivəsində 10 milyon “qeyri-hərbi” yardım paketi ayırıb. 2023-cü ilin əvvəlindən Ermənistana yerləşdirilən monitorinq missiyası da Aİ-nin müdafiə və təhlükəsizlik siyasəti mexanizminin tərkib hissəsidir. Gürcüstan hökümətinin son aylar Aİ ilə münasibətlərinin gərginləşməsindən sonra Gürcüstan üçün ayrılmış 30 milyon avroluq yardım bu il dayandırıldı. Azərbaycanla təhlükəsizlik dialoqu çərçivəsində minatəmizləmə məsələsində Bakı ilə əməkdaşlıq müzakirə olunur. Bu məsələ xüsusilə Macarıstanın ASM çərçivəsində Ermənistana yardımı veto etməsi və daha sonra Azərbaycana da yardım olunarsa vetonu götürəcəyi vədindən sonra əlavə önəm qazandı. İkinci məqam Aİ-də yeni yaradılan müdafiə mexanizmlərinin maliyyə cəhətdən uzun-müddətli və proqnozlaşdırıla bilən olmaması və nəticədə böyük üzv-dövlətlər tərəfindən manipulyasiya olunmasıdır. Avropa Sülh Mexanizmi büdcədənkənar maliyyə instrumenti kimi Şərq Tərəfdaşlığı ölkələrindən Ukrayna, Gürcüstan, Moldova və Ermənistana hərbi yardımı nəzərdə tutur, ancaq burada üzv-dövlətlərin razılığı önəmlidir. Xüsusilə Ermənistan məsələsində Fransa Xarici İşlər Nazirliyi və Aİ səviyyəsində Jozep Borellin komandası yardımın reallaşdırılmasında aktiv rol oynayıb. Yeni yaradılan komissiyanın bu məsələdə hansı istiqamət götürəcəyini yaxın gələcəkdə görəcəyik. Amma ehtimal olunur ki, maliyyə məsələlərində yaranacaq çətinliklər nəticəsində onun da taleyi ASM-dən çox da fərqli olmayacaq. Hər bir halda Cənubi Qafqaz ölkələri bu prosesə hansısa şəkildə təsir edə bilmək üçün Aİ daxilində strateji partnyorlarının sayını artırmaq və ya digər vasitələrlə məsələyə pro-aktiv yanaşmağa çalışacaqlar.