“Liberation day” – Trampın ikinci Amerika inqilabı

1776-cı il xeyli müddət davam edən iki böyük hadisənin nəticələnməsi ilə əlamətdardır:
1. Sərbəst iqtisadiyyatın banisi Adam Smit “Xalqların sərvəti” əsərini yazır.
2. Amerika bir dövlət kimi institutlaşır.

Bu hadisələr arasında əlaqə təkcə eyni tarixdə baş verməsi ilə bitmir. Hansı ki Smitin kitablarda müdafiə elədiyi “azad ticarət inkişaf yaradaraq bütün tərəflərə fayda verir” nəzəri yanaşmasını Amerika real dünyada praktiki tətbiq edir. Son 50 ildə isə buna davamlı olaraq xarici ticarətdə kəsir verməklə nail olur, yəni xaricə satdığından çox alır. Ancaq, bu 50 illik yola da bir günün içərisində çıxılmayıb.

Sırf kapitalizm üzərindən inşa olduğuna və digərləri ilə müqayisədə (Fransa, Britaniya, Rusiya, Çin) elə də qədim ölkə olmadığına görə, modern Amerika tarixinə XX yüzillikdən baxmaq kifayət edər.

Milad İkinci Dünya müharibəsinin başa çatmasına təsadüf edir. Solun birinci ayağı olan nasional (millətçi) sosializm iflas olur, Almaniya başda olmaqla Avropanın bir hissəsi Amerika üçün bazara çevrilir, əsrlər boyu davam edən Britaniya andderrayterliyi Amerikaya keçir və dünya pulu kimi dollar funtu əvəzləyir (“Bretton Woods” sazişi).

Digər əlamətdar hadisə isə Berlin divarının çökməsidir. Şərqi Avropa və SSRİ coğrafiyası üzrə bütöv sosialist blok süquta uğrayır və Çin, Vyetnam kimi formal sosialist ölkələr də Amerika bazarına çevrilir.

Hətta 90-larda bu axın başlayanda Fransis Fukuyama da artıq müharibələrin bitdiyi və Amerikan liberalizminin zirvədə olduğu ilə bağlı “Tarixin sonu” kitabını yazır. Amma, həmin ərəfələrdə heç də hamı bu cür düşünmürdü. Məsələn, Samuel Hantinqton sivilizasiyalararası toqquşmadan hələ 1992-ci ildə məqalə, 96-cı ildə isə kitab yazmışdı.

Beləliklə, 50 il ərzində Amerikan kapitalizmi özünün ən böyük kabusu olan sosializm üzərində qələbə qazanaraq dünyaya yayılır: Amerika brendləri, texnologiyası bütün dünyada satılır, Amerika dünyadan xammal alır (əsasən, neft), digər ölkələrdən xeyli insan ora işləməyə gedir və hamı cibində dollar gəzdirir. Bu Amerikanı, dolları dünyaya genişləndirsə də, zaman keçdikcə ölkə borcunun artmasına da səbəb olur. Hazırda ABŞ-ın 36 trilyon dollar borcu var. Borcun həcmi ABŞ iqtisadiyyatını 1.3 dəfə üstələyir və sürətlə artdığından qısamüddətə həll olunması mümkün görünmür.

Problemlər bununla da bitmir. Məsələn, Amerika ilə ticarət edən ölkələr bir yerdən sonra bunu Amerikaya qarşı istifadə edirlər. Hansı ki, Amerika yatırımı, texnologiyası ilə böyüyən Çin rəqabətə başlayır, Rusiya neft gəlirlərinə güvənib Ukrayna və Avropa ilə konfiliktə girir. Yaxud da, sürətlə yüksələn kapitalizm 2000-lərdən Amerikanın mənzil bazarını da şişirir. Sistem sərrast işlədiyindən Amerikada banklar kimə necə gəldi (subprime – aşağı gəlirli və pis kredit tarixçəsi olan) ipoteka verir və bu gedişat nizamdan çıxıb 2008 Maliyyə böhranına səbəb olur.

Böhrandan sonrakı vəziyyət də bir başqa cür davam edir. Amerika əvvəlcə iqtisadiyyatı böyütmək üçün dollar çap edir, vəziyyət düzələndən sonra bu dollarları geri çəkməyə başlayır. Bundan da Amerika ilə ticarət edənlər əziyyət çəkir. Çünki ölkələr defolt və devalvasiya məcburiyyəti ilə üzləşirlər. Bu da dünyanın dollar sistemindən çıxıb, alternativlər düşünməyinə səbəb olur. Burda sanksiyalar da önəmli rol oynayır. Bir tərəfdən də, Amerikanın qlobal nizamı pozan ölkələrə sanksiya qoyması ölkələrdə dollar imtiyazı ilə bağlı qıcıq və qısqanclığa səbəb olur.

Daxili problemlər bununla da bitmir. Uzun illər Çin kimi azgəlirli ölkələrdən xeyli ucuz işçi qüvvəsinin Amerikaya axın edib, istehsal və iş yerlərini zəbt etməsi böhran vəziyyətində istədiyi iş yerini tapa bilməyən amerikalıların narazlıqları ilə nəticələnir.

Beləliklə, həm daxildə, həm də xaricdə Amerikanın belə duruma düşməsi yeni hekayə və obrazlar üçün ciddi fürsətə çevrilir. Bunlardan biri də Donald Tramp olur. Tramp biznesmendir, iqtisadçı kimi baxmır məsələlərə. Məsələn, iqtisadçılar Fillips əyrisinə baxıb inflyasiyanı (qiymət artımları) azaltmaq üçün işsizliyi artıraq deyir, amma Tramp elə düşünmür. O deyir mən Çin və digərlərinə tariflər qoyacam, yerli istehsalı artıracam və işsizlik də, inflyasiya da aradan qalxacaq. Böhrandan əziyyət çəkən amerikalıya hansı sərf edir? Təbii ki yaxşı iş yeri və bahalaşmanın olmadığı vəziyyət. Ona görə də, publika ona hələ ki imkan tanıyır, Tramp da istədiyini edir, yüzillik sistemi dəyişəcəyini deyir.

Elə tarif siyasəti də burdan irəli gəlir. Bu məntiqlidir, yoxsa riskli? Bu barədə qəti fikir bildirmək çətindir. İndi onu demək olar ki, tarixdə bu ilk bülə nümunə deyil. Məsələn, XX əsrin sonuna yaxın bir vaxtda dövrünün sarsılmaz fövqəldövləti olan Sovet İttifaqında baş katib Mixail Qorbaçovun gətirdiyi “qlansot” (açıqlıq) və “perestroyka” (yenidənqurma) siyasətləri blok daxilində “böyük qardaş” statusuna baha başa gəlmişdi. İndi, XXI əsrdə heyrətamiz dərəcədə oxşar hadisə Moskvada deyil, Vaşinqtonda baş verir. Hansı ki, fərqli sosial, siyasi və beynəlxalq mühitlərdə yerləşmələrinə baxmayaraq, Trampın DOGE (Hökumətin Səmərəliliyi Departamenti) komandasının fəaliyyəti ilə bir zamanlar Sovetlər birliyində hökumət mənimsələrini ifşa etmək məqsədilə tətbiq olunan “qlanost” arasında paralellər aparmaq mümkündür.

O baxımdan, daxili və xarici siyasətdə köklü yenidənqurma yolu ilə “Amerikanı yenidən möhtəşəm etmək” (Make America Great Again) yolunu tutan Tramp üçün də hökmü tarixin verəcəyini söyləmək olar. Yəni, bir sözlə bu gün baş verənlər Amerikanı yenidən qüdrətləndirsə Tramp qəhrəman olacaq. Yox əksi baş versə, burda Tramp nəticə, yəni tamamlayıcı rolunda çıxış edəcək.

Son olaraq, bir maraqlı məqama da toxunmaq yerinə düşər ki, araşdırmalar, orta statistik bir imperiyanın davam etmə müddəti 250 il olduğunu göstərir. Gələn il isə Amerikanın 250 yaşı tamam olacaq. Ümid edək ki, baş verən hər bir hadisə və dəyişiklik dünyamız üçün davamlı rifah, sabitlik və əmin-amanlıq təmin edəcəkdir!