Ekspertlərin çoxu niyə yanılırlar və ya “ideoloji özünüməhdudlaşdırma”

Mürəkkəb beynəlxalq məsələlərdə naviqasiya həm qlobal tendensiyalara, həm də yerli siyasətə uyğunlaşdırılmış təcrübə tələb edir. Biz hadisələrin mümkün trayektoriyasını öyrənmək üçün qəzetlər, akademik məqalələr, elmi qeydlər və getdikcə daha çox sosial media yazılarına müraciət edirik. Dünyanın hər yerində ən yaxşı universitetlər hər il elmlər namizədi olan çoxsaylı alimlər yetişdirir və bununla belə, bir çox proqnozun səhv olduğunu görürük.

Son dövrlərin hadisələrinə müraciət edək. Ekspertlər bildirirdilər ki, Rusiya asanlıqla Ukraynanı işğal edəcək; bir neçə ay sonra – sürətli işğal planının uğursuzluğundan sonra biz Ukraynanın uğurlu əks-hücumunu, eləcə də Rusiya iqtisadiyyatının çöküşünü gözləyirdik.

Ümumiyyətlə, konseptual səviyyədə Soyuq Müharibədən sonra belə gözləntilər var idi ki, bəşəriyyət “tarixin sonu” kimi adlandırılan sarsılmaz liberal triumf dövrünə qədəm qoyacaq. Eyni zamanda, Çinin bazar iqtisadiyyatını mənimsəmə niyyəti bu ölkə daxilində liberal siyasi sistemin inkişafına imkan yaradacaqdı.

Çoxsaylı məqalələr Donald Trampın 2016-cı il ABŞ prezident seçkilərini qazanmaq şansı olmadığını və Suriya lideri Bəşər Əsədin Səddam Hüseyn və Müəmmar Qəddafinin taleyi ilə üzləşəcəyini iddia edirdi.

Hətta hərdən, alimlər mərkəzləşmiş hökuməti olan Sinqapurun necə iqtisadi inkişaf və rifaha nail olması, eləcə də hərbi diktatura keçmişinə baxmayaraq, Çilinin digər Latın Amerikası ölkələrini üstələməsi ilə bağlı təəccüblərini gizlədə bilmirlər.

Cənubi Qafqaz regionuna nəzər salaq. 2020-ci ilin 44 günlük müharibəsində Azərbaycanın Ermənistan üzərində qələbəsi bir çoxuna təəccüblü gəlmişdi. İllərlə ekspertlər belə gözlənti içərisində idilər ki, Azərbaycan neft pullarını israf edəcək, çünki insanlar arasında birlik yoxdur və Ermənistanın peşəkar və yüksək ruhlu ordusunun əksinə olaraq, ordusu qeyri-mütəşəkkildir. Bütün bu konkret proseslərin səbəblərini izah edən, açıqlayan faktorlar olur. Lakin meynstrimdə (mainstream-hər hansı sahə üzrə üstünlük təşkil edən, ənənəviliyi qoruyan düşüncə və dəyərlər toplusu) yanlış hesablamalar dominantlıq edir.

30 illik akademik və diplomatik fəaliyyətim məni sözügedən proseslərin niyə ardıcıl xarakter alması üzərində düşünməyə vadar etdi.

Yanlış proqnozlaşdırmanın günahkarı bizim qərəzimiz, və ya mənim “ideoloji özünüməhdudlaşdırma” termini kimi ifadə edəcəyim məfhumdur.

Hamımızın hansısa yanaşmalara müəyyən meyillərimiz var və bu, təbiidir. Çünki biliklərimiz müxtəlif kanallar vasitəsilə formalaşır,  hökumət və yaxud kütləvi informasiya vasitələri tərəfindən yayılan ümümi rəy əsasında cilalanır.

Məsuliyyətini dərk edən alim (mütəxəssis) təfərrüatlara varmalı, ümumi qəbul edilmiş sərhədlərini aşmalı və yaxud Mişel Fukonun (Michel Foucault) təbirincə desək, mövcud təcrübə limitlərini (limit experience) keçməlidir.

Beynəlxalq münasibətlərə gəldikdə “limit experience”, yəni məhdud təcrübələrimiz bir sıra faktorlardan qaynaqlanır. Birincisi, biz vacib universitetlərdə çalışan elm adamlarına güvənirik.  Lakin eyni zamanda, onlar dominant ideologiyaya sadiq qalırlar və bu, liberal cəmiyyətlər üçün həmişəki kimi öz aktuallığını qoruyur. Bu gün Amerika universitetlərindəki bir çox mütəxəssis öz karyeralarını misal üçün liberal gündəm əleyhinə danışaraq riskə atmazlar. Eyni zamanda, Qərb ekspertləri alternativ düşüncələrə, məsələn, Çin mərkəzli tədqiqatlara laqeyd yanaşaraq onları propaqanda kimi təsnif edirlər.

Lakin Çin və Rusiya jurnallarında beynəlxalq münasibətlərə şamil olunan dəyərlər fikirlər və məlumatlar yer alır.  Bəzən adi təkəbbür  və ya mədəni qərəz, misal üçün “oriyentalizm”, ona gətirib çıxarır ki, Qərb ideoloji postulatlarını dəstəkləməyən ərəb və türk alimlərinin düşüncələri inkar edilir.

Deyərdim ki, müasir qərəz Fukonun nəzərdə tutduğu kimi yalnız hökumətlərin təsiri ilə deyil, həm də bizdəki dözümsüzlüklə formalaşır. Təəccüblüdür ki, bu tendensiya liberal mühitdə, azad KİV-ə və bilik və informasiyanın bütün növlərinə çıxışın olduğu liberal mühitdə formalaşır. Bu özünüməhdudlaşdırma öz növbəsində ifrat texnoloji və sosial üstünlük səbəbindən bir az daha pisləşir.

Bununla yanaşı, azad, liberal cəmiyyətlərdə lobbilər və xüsusi maraq qrupları seçkili rəsmilər, təhsil ocaqları və beyin mərkəzləri cəmiyyətləri arasında xüsusi nüfuz əldə edirlər. Sosial medianın gəlişi ilə ictimai neyminq (adlandırma) və qaralama kampaniyaları  (‘naming and shaming’ campaigns) ekspertlərin reputasiyalarına xələl gətirməyə başladı. Bu səbəbdən ekspertlər həssas mövzulardan yayınmaq qərarına gəldilər.

Misal üçün, mən 2022-ci ildə Vaşinqtona səfər edərkən bəzi beyin mərkəzi nümayəndələri erməni lobbisinin qorxusu səbəbindən ictimai şərhlər verməməyimi xahiş etdilər. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəblərindən biri də elə məhz erməni ksenofobiyası və aliliyi düşüncəsi idi. Məhz  bu hiss  erməni siyasətçi və ekspertlərinə Azərbaycanın artan potensialı barədə sağlam qiymətləndirmə aparmağa mane oldu. Qərb ekspertləri isə Ermənistanın narativlərini təkrar etdilər, çünki Azərbaycan tərəfinin səsi ya susduruldu, ya da təkəbbürlə görməzdən gəlinirdi.

Əgər Qərb ekspertləri 2014-cü ilə qədər Rusiyada yazılmış məqalələri ciddi şəkildə araşdırsa idilər, onlar Ukrayna identikliyinin olmaması ilə bağlı geniş yayılmış diskursun olmasını aşkar etmiş olardılar. 2008-ci ildə Ottava Universitetində Ukraynanın parçalanmasının, Krım və Donbasın itirilməsinin mümkün ssenarilərini təsvir edən tanınmış amerikalı professor Timoti Koltonun mühazirəsində iştirak etmişdim. Onun həmkarlarından çoxu belə dramatik proqnozlara skeptik yanaşırdılar. Qərb alimlərinin əksəriyyəti sovet-rus araşdırmaları barədə sərt çərçivələr içində qalıblar və indi postsovet araşdırmalarının dekolonizasiyasını təşviq edirlər. Bu səbəbdən, çoxu inanırdı ki, Ukrayna kimliyi zəifdir və sürətlə Rusiya işğalına təslim olacaq.

Analoji qaydada, Rusiya ordusunun korrupsiyalaşmış olması inancından çıxış edən həmin ekspertlər Ukrayna ordusunun 2023-cü ildəki əks-hücumunun uğurunu öngörməyə də tələsdilər. Çoxu hələ də Rusiya iqtisadiyyatının sanksiyalara necə tab gətirməsinə təəccüblənir, çünki Rusiya haqqında mənfi ideoloji düşüncə ölkə barəsində ümumi vəziyyətin, Putinin maliyyə və digər menecerlərinin peşəkarlığı barədə elmi qiymətləndirmə aparılmasına imkan vermir.

Alimlər olaraq biz elmi tətbiqin gücündən istifadə edirik, hökumətlər və liderlərin mümkün fəaliyyətlərinin təhlili zamanı rasional düşüncəni tətbiq etməyə çalışırıq. Lakin bəzi məsələləri unuduruq: məsələn, liderlər bəzən irrasional, çox ideologiyalaşmış və dar düşüncə çərçivəsində ilişib qala bilərlər.

İraqa qarşı müharibə Corc Buş üçün nə qədər şəxsi ambisiyalar üzərində qurulmuşdusa, Ukrayna münaqişəsi də Vladimir Putin üçün o qədər şəxsi ambisiyalara əsaslanırdı.

Putin həqiqətən də inanır ki, Ukrayna identikliyi bolşevik millət quruculuğunun yan məhsuludur. Belə ki, Sovet hakimiyyəti İttifaqı təşkil edən ayrı-ayrı etnik qrupların mədəni dəyərlərini bir-birinə bağlamağa çalışırdı.

Lakin bu da həqiqətdir ki, xalqlar təkcə “xəyali icmaların” məhsulu deyillər, onların müasir millətçiliyin inkişafına töhfə verən daha qədim, daha köklü tarixi izləri mövcuddur.

Ekspertlər Çinin Tayvanı mümkün işğalının iqtisadi nəticələrinə fokuslanmağa meyil edirlər (və bu səbəbdən, hərbi ssenarini istisna edirlər), nəinki Çin lideri Si Cinpinin şəxsi ideyalarına və ya xalqın ölkənin birləşdirilməsi ilə bağlı milli qürur hissinə.

Yarım əsr və hətta daha uzun dövr ərzində dominant liberal ideya insanların yaxşı, liderlərin isə yanlış olması ilə bağlı fərziyyələrə əsaslanırdı. Yəni, biz liderləri dəyişə bilsək, onda işlər düzələcək. Lakin Səddam Hüseyn və Müəmmar Qəddafinin ölümü onların ölkələrinə xaos gətirdi. Eyni zamanda, həmin diktatorların öz xalqlarının qanı bahasına qurduğu sistemlər öz liderlərini xilas edə bilmədi.

Bütün bu problemlərə sadə və tək cavab yoxdur. Lakin yenə də meynstrim düşüncə ondan ibarətdir ki, biz özümüzü bəşəriyyətin dünyanın yalnız konkret bir hissəsində yaranmış dəyərlər toplusu ilə məhdudlaşdırmalıyıq. Əlavə edək ki, həmin dəyərlər toplusu da bütün insan siviliziyasını əsas götürsək, nisbətən qısa müddət ərzində uğurlu olub.

Cənubi Afrikada korrupsiya və cinayətin artmasını, və ya Çilidə Pinoçet irsinə baxmayaraq iqtisadi rifahın necə qorunması barədə müzakirə apararkən daha ehtiyatlı davranırıq (ya da ümumiyyətlə, mövzudan yayınırıq) Bunları qeyd edərkən biz avtoritarizmə bəraət qazandırmırıq, liberal və mühafizəkar modellər arasında müqayisə aparmırıq. Heç kəs aparteidə və yaxud Çilidə və ya digər yerlərdə məhkəmə hökmü olmadan aparılan edamlara bəraət qazandırmamalıdır. Sadəcə iki Koreyanın nümunəsinə baxaraq hansı modelin daha yaxşı olması barədə birmənalı nəticəyə gəlmək mümkündür.

Hər problem avtoritar məhdudiyyətlər və liberal qaralama kampaniyalarından arındırılmış açıq, prinsipial və əhatəli müzakirə tələb edir.

Əfqanıstan Qərb liberal modelinin uğursuzluğa düçar olmasına aydın nümunədir və insanların əksəriyyəti bunun səbəbini dini doqmalara bağladılar. Görünür, yerli şərtlərə uyğunlaşdırılmış siyasət bütün maraqlı tərəflər üçün-amerikalılar və əfqanlar üçün daha yaxşı ola bilərdi, məsələn konstitusiyalı monarxiya.

Bəzi Avropa dövlətlərində hələ də konstitusiyalı monarxiyalar mövcuddur. İspaniyada 1976-cı ildə hərbi idarəçiliyin sona çatması ilə monarxiya liberal sistemin inkişaf etdirilməsi məqsədilə bərpa edildi. Eyni zamanda, həm də analoji situasiyada Portuqaliya klassik respublikanı seçdi.

Bugünkü problem ondan ibarətdir ki, Vaşinqton və Brüssel kimi vacib güc mərkəzlərində açıq akademik və siyasi müzakirələrə az yer verilir.

Bəziləri deyə bilər ki, insanlar düşündüklərinə inanmağa davam etmək istəyirlər və bu, həmişə belə olub. Lakin biz tamamilə fərqli bir dünyada yaşıyırıq və müvafiq qərarların qlobal nəticələri olur. Süni intellektin yaranması ilə sürətlə və hərtərəfli yayıla bilər.

Artıq, Google axtarışları, Google-a ödənilən və ya təşviq etmək üçün deyilənləri istehsal edir, Vikipediada isə trollar və mütəşəkkil həvəskarlar qrupu dominantlıq edir.

Eyni tale akademik jurnalların və aparıcı universitetlərin ekspertlərini də gözləyir: meynstrim olmayan fikirlər istisna edilir, və ya qaralanmaya məruz qalır.

Foreign Affairs, Foreign Policy (Stephen M. Walt-un özündə realizmi əks etdirən bəzi elementləri çıxmaq şərtilə), the Economist kimi nüfuzlu nəşrlər və digərləri dünyanı liberal köpüyün (liberal bubble) içində təsvir edirlər. Lakin kənar dünyanın fərqli reallıqları var. Bu köpük maşınlar tərəfindən yox, elm və təhsil sahəsindəki ideoloji cəhətdən özlərini çərçivələndirmiş fərdlər tərəfindən yaradılıb.

*Məqalənin orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://theliberum.com/why-so-many-experts-are-wrong-ideological-self-confinement/