Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar avqustun 2-də partlayıb. Hadisə nəticəsində biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları olmaqla, 4 nəfərin ağır xəsarət alması Ermənistanın mina terrorunun qlobal təhlükəsizlik təhdidi olaraq qaldığını bir daha təsdiqləyir.
Baş verən hadisə bir daha göstərir ki, Ermənistan Azərbaycana təhvil verdiyi əraziləri məqsədli şəkildə minalayır, azərbaycanlı hərbçilərin, mülki şəxslərin dinc şəraitdə belə ağır xəsarətlərə, itkilərə məruz qalmalarına çalışır. Bu həm də azərbaycanlılara qarşı etnik-milli zəmində nifrətdən, revanşist düşüncələrdən irəli gəlir.
Azərbaycan hazırda dünyanın minalarla ən çox çirklənmiş ərazilərindən sayılır. Təcavüzkar ölkənin silahlı qüvvələri işğal altında saxladıqları ərazilərimizi tərk edərkən beynəlxalq səviyyədə qadağan olunmuş “tələ mina”lardan istifadə edib. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycan ərazilərini minalardan tam şəkildə təmizləmək üçün 30 ilə yaxın vaxt və 25 milyard ABŞ dolları vəsait lazımdır. Respublikamız İkinci Qarabağ müharibəsindən, habelə ötən il keçirdiyi lokal antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərinin mina və partlamamış hərbi-sursatdan təmizlənməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu zərurət həm də onunla şərtlənir ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə təkcə təmas xəttinə yaxın əraziləri deyil, ümumilikdə bütün rayon və şəhərləri, strateji əhəmiyyətli yüksəklikləri minalayıb. İşğalçı ölkə minalardan mülki və dinc insanları məhv etmək üçün istifadə edib;
Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, ağır xəsarət alanların 69-u həlak olub. Bütün bunların fonunda beynəlxalq ictimaiyyətin dəqiq mina xəritələrinin təqdim edilməsi üçün Ermənistana təzyiq və təsir göstərməməsi ciddi təəssüf doğurur. Ermənistan eyni zamanda minalarla bağlı beynəlxalq birliyin qəbul etdiyi sənədlərə aşkar hörmətsizlik nümayiş etdirir. Bu sırada “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları, 10 oktyabr 1980-ci il tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolu, 1999-cu il “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” BMT Konvensiyasını xüsusi qeyd etmək lazımdır.
Ermənistanın mina xəritələrinin çox az və qeyri-dəqiq bir qismini Azərbaycana təqdim etmək məcburiyyətində qalması isə rəsmi Bakının apardığı fəal və ardıcıl təbliğati-diplomatik fəaliyyətin nəticəsi olub. Faktiki olaraq qarşı tərəf bununla beynəlxalq miqyasda insanlığa zidd müharibə cinayətləri törətdiyini, hərbi təmas nöqtələrindən kənar əraziləri belə minaladığını, mülki əhalini kütləvi qətlə yetirmək məqsədi güddüyünü etiraf etməli olub.
İrəvanın xəritələri tam və dəqiq şəkildə verməməsi azərbaycanlı əhalinin həyatına qəsd etmək, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesini, eləcə də sülh prosesini yumatmaq niyyətinə hesablanıb. Mina hadisələrinin davamlı xakater daşıması iki ölkə arasında sülh və etimad quruculuğuna ciddi xələl gətirir.