ERMƏNİSTAN HUMANİTAR MƏSƏLƏLƏRİN HƏLLİNƏ DAİR ÖHDƏLİKLƏRİNƏ ƏMƏL ETMİR

Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduğunu imitasiya edən rəsmi İrəvan ölkəmizə qarşı məkrli kampaniyalardan, eləcə də beynəlxalq məhkəmələrdə qaldırdığı əsassız iddialardan əl çəkmir. Qarşı tərəfdən fərqli olaraq, rəsmi Bakının humanitar məsələlərlə bağlı tələbləri kifayət qədər danılmaz faktlara və beynəlxaq hüquq normalarına əsaslanır.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, avqustun 1-i tarixinə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşüb. Onlardan 3953 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Ümumilikdə, son üç ildə azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 18 kütləvi məzarlıq aşkar edilib. Şuşanın Daşaltı, Xocalının Fərrux, Malıbəyli, Xocavəndin Edilli, Füzulinin Yuxarı Seyid Əhmədli kəndlərində və digər ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarda aşkar olunan insan qalıqlarının 172 şəxsə aid olması müəyyən edilib.
Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdəki həbsxanada azərbaycanlı əsir-girovların saxlanılması, ağır fiziki, mənəvi və psixoloji işgəncələrə məruz qalmasını təsdiq edən dəlillər aşkarlanıb. Vətən Müharibəsi zamanı Azərbaycanın əsir götürdüyü erməni hərbçilər arasında Birinci Qarabağ müharibəsində azərbaycanlı əsir və girovlara ağır işgəncələr vermiş Lüdviq Mkrtçyan da olub. İstintaq tərəfindən L.Mkrtçyanın, habelə ötən ilin iyul ayında Laçın sərhəd buraxılış məntəqəsində saxlanılan Vaqif Xaçatryanın dindirilməsindən sonra Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara işgəncələrin verildiyi təsdiqlənib.
Açıqlanan məlumatlar sübut edir ki, Ermənistan silahlı qüvvələrinin və terrorçu birləşmələrinin ərazilərimizin işğalı zamanı əsas hədəfi məhz dinc insanlar olub. Ermənistan Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarından 1480 nəfərini azad etsə də, digər əsirlərin taleyi ilə bağlı məlumatları gizlədib. Qarşı tərəf bununla həm də beynəlxalq ictimaiyyətin qınaqlarından yayınmağa çalışıb.
İşğalın səbəb olduğu itkinlər mövzusunun aktuallığı Ermənistan silahlı qüvvələrinin törətdiyi insanlıq əleyhinə cinayətlərin araşdırılması istiqamətində əməli addımların atılmamasının nəticəsidir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan 120 nəfər şəxsin meyit qalıqlarını Azərbaycan tərəfinə təhvil verib. Azad edilmiş ərazilərimizdə isə 500 nəfərdən çox insana aid meyit qalıqları tapılıb. Təcavüzkar ölkə ərazilərimizi mina və partlamamış hərbi sursatlarla çirkləndirməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunmasına və ekshumasiya işlərinin aparılmasına ciddi maneələr yaradır.
Aşkarlanmış faktlar təcavüzkar ölkəyə qarşı beynəlxalq məhkəmələrdə yeni iddiaların qaldırılması üçün də siyasi-hüquqi zəmin formalaşdırır. Bundan əlavə, problemin qlobal xarakterini, ciddiliyini nəzərə alan rəsmi Bakı BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasını zəruri hesab edir. Humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələri, beynəlxalq siyasi ekspertlər Ermənistanın azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirməsi vacibliyini dəfələrlə vurğulayıblar. Bu bir daha göstərir ki, azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməməsi, eləcə də kütləvi məzarlıqların yerinin dəqiqləşdirilməməsi dünyada ciddi humanitar problem kimi qəbul edilir. İtkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi, kütləvi məzarlıqların yerinin bildirilməsi münasibətlərin normallaşdırılması, etimad quruculuğu baxımından vacib addım olardı.