ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI ABŞ-IN CƏNUBİ QAFQAZDA ƏSAS MƏQSƏDİNƏ ÇEVRİLİR

İkinci Qarabağ müharibəsindən sonra gündəmə gələn əsas məsələlərdən biri də regionda kommunikasiyaların açılması, bununla Azərbaycan və Ermənistan arasında əməkdaşlıq münasibətlərinin qurulmasına əlavə zəmin yaradılması oldu. Sözügedən məsələ 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatda da öz əksini tapdı. Bunun ardınca üç ölkə rəhbərinin 2021-ci il 11 yanvar tarixində Moskvada imzaladıqları üçtərəfli bəyanata müvafiq olaraq, Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Üçtərəfli İşçi Qrupu təsis edildi.
Cənubi Qafqazda kommunikasiyaların açılmasının, bu xüsusda müvafiq addımların atılmasının vacibliyi yenə üç liderin 26 noyabr 2021-ci il tarixində Soçidə imzaladıqları üçtərəfli bəyanatda öz əksini tapdı. Bütün bu sənədlərin qayəsində duran başlıca məqamlardan biri regional kommunikasiyalar arasında xüsusi önəmə malik Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Hazırda Rusiya və Ermənistan arasında siyasi-diplomatik müstəvidə yaşanan ziddiyyətlər Zəngəzur dəhlizinə də təsirsiz ötüşmür. Ermənistan 2020-ci il 10 noyabr tarixli bəyanatdan imtina etməyə çalışaraq, dəhlizə rus sərhədçilərinin nəzarət etməsinə imkan vermək niyyətində olmadığını bəyan edir. Bu xüsusda Rusiyaya müqavimət göstərə bilmək üçün rəsmi İrəvan Qərb ölkələri, xüsusən də ABŞ-la təmaslarını, o cümlədən hərbi əlaqələrini dərinləşdirir. Amma məsələnin maraqlı tərəfi odur ki, ABŞ da daxil olmaqla Qərb ölkələrinin bir çoxu da Zəngəzur dəhlizinin mümkün qədər tez işə düşməsini istəyirlər və hətta bunu Ermənistandan tələb edirlər.
Məsələyə növbəti dəfə toxunan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Senatda “Avropanın Gələcəyi” mövzusunda keçirilən dinləmələr zamanı bir daha regionda kommunikasiyaların açılmasının vacibliyini gündəmə gətirib. Onun səsləndirdiyi fikirlərdən bəlli olur ki, ABŞ Zəngəzur dəhlizinin mümkün qədər tez işə düşməsini istəyir. Bunun üçün rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasının zəruriliyini də qəbul edir. Sülh sazişinin niyə vacib olmasına gəlincə, O’Brayn bunun səbəblərindən biri kimi Orta Asiya ölkələrinin resurslarının dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanını qeyd edib.
Qeyd edilməlidir ki, Cənubi Qafqaz regionuna son səfəri zamanı da Ceyms O’Brayn analoji mövqe ifadə etmişdi. Vaşinqtonun əsas istəklərindən biri Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Zəngəzur dəhlizi daxil olmaqla regionda kommunikasiyaların açılmasına nail olmaqdır. O da xüsusi vurğulanmalıdır ki, bu gün ABŞ Ermənistan cəmiyyətinə və hakimiyyətinə təsir baxımından olduqca əlverişli mövqedədir. Bu da o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-ın yanaşmasını nəzərə almağa, bu marşrutun işə düşməsini ləngitməməyə məcburdur. Bundan əlavə, Mərkəzi Asiyanın və bir çox Avropa ölkələrinin də Zəngəzur dəhlizinin işə düşməsində maraqlı olduğu bəllidir. Ümumiyyətlə, hazırda görünən odur ki, dəhlizin açılması beynəlxalq tələb kimi çıxış edir, regionda maraqlı tərəflər bu istiqamətdə fəaliyyət göstərir.