Tarixə çevrilmiş 2024-cü il Azərbaycan üçün bir sıra mühüm sahələrlə yanaşı, Ermənistanla aparılan danışıqlar prosesində diplomatik-siyasi üstünlüyünün gücləndirilməsi baxımından da mühüm mərhələ olub. Bu müstəvidə aparılan fəal diplomatiya lokal antiterror tədbirlərindən sonra regionda yaranmış yeni geosiyasi reallıqların dünya birliyinə və rəsmi İrəvana qəbul etdirilməsinə, bununla əlaqədar ölkəmizə qarşı yönələn əsassız kampaniyaların zərərsizləşdirilməsinə xidmət edib.
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, ölkəmizin regionda formalaşdırdığı geosiyasi vəziyyət hazırda beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. 2023-cü ildə Qarabağdakı separatçı rejimin süqutu fonunda bütün məkrli planları iflasa uğrayan Ermənistanın və havadarlarının erməni əsilli şəxslərin Qarabağdan köçü ətrafında apardığı məkrli kampaniya iflasa uğrayıb. Heç bir əsası olmayan “etnik təmizləmə” iddiaları ilə Azərbaycana qarşı təzyiqlərə nail olmaq cəhdləri ötən il də beynəlxalq platformalarda dəstək almayıb. İrəvanın danışıqlar prosesindən yayınmaq üçün səsləndirdiyi iddiaların əsassız olduğu, regionda vəziyyəti gərginləşdirmək məqsədinə xidmət etdiyi Azərbaycan diplomatiyası tərəfindən bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Rəsmi Bakı müəyyən revanşist bəyanatlar və cəfəng iddialarla sülh çağırışlarına cavab verməyən Ermənistan rəhbərliyinin uğursuz manipulyasiyalarını puça çıxarıb, İrəvanı danışıqlar masasına qayıtmağa məcbur edib.
Azərbaycan rəhbərliyi daim bəyan edib ki, beynəlxalq hüquq normaları, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşmasına hazırdır. Lakin Ermənistan hakimiyyəti sülh və etimad quruculuğu üçün yaranmış unikal fürsəti ötən il də adekvat dəyərləndirə bilməyib, qeyri-real təkliflərlə prosesi uzatmaq yolu tutub.
Rəsmi Bakı hesab edir ki, iki ölkə hansısa vasitəçinin iştirakı və müdaxiləsi olmadan belə danışıqlar apara, yekun razılığa gələ bilər. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində iki ölkə arasında birbaşa danışıqlar formatının daha səmərəli olduğunu, qərəzli və qeyri-obyektiv mövqe tutan bəzi ölkələrin vasitəçilikdən uzaqlaşdırıldığını vurğulayıb. Məsələ burasındadır ki, Fransa, Avropa İttifaqı və ABŞ son illlərdə ermənipərəst mövqedən çıxış edib, aşkar tərəfkeşliyə yol veriblər. Azərbaycan tərəfinin regiondakı proseslərə qərəzli və geosiyasi maraqları prizmasından yanaşan bu “vasitəçilərə” etimadsızlığı isə tamamilə təbiidir.
Ölkə rəhbərliyi ötən ilin dekabrında ABŞ Dövlət katibi Entoni Blinkenin üçtərəfli görüş təklifini rədd etməklə, ölkəmizə qarşı ədalətsiz yanaşmalara diplomatik etirazını bir daha ifadə edib. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bununla bağlı deyib: “Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. O cümlədən, bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu. Yəni, biz ikitərəfli danışıqlar formatının tərəfdarıyıq və əlbəttə ki, Azərbaycan bu məsələnin tərəfi kimi öz mövqeyini müdafiə edəcək”.
Xatırladaq ki, 2024-cü aprelin 5-də ölkəmizin iştirakı olmadan keçirilən ABŞ, Avropa İttifaqı, Ermənistan müştərək konfransı bu ölkələrin Azərbaycana münasibətdə qərəzli mövqeyini bir daha aşkara çıxarıb. Üçtərəfli görüşün qeyri-şəffaf hazırlanması, Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin, nəticə etibarilə gərginliyin yaranmasına xidmət edirdi. Məhz bu səbəbdən də dövlət başçısı İlham Əliyev Ermənistana iqtisadi və hərbi-siyasi dəstəyin artırılması məqsədilə keçirilən məlum 5 aprel görüşünə prinsipial etirazını ifadə etmişdi.
Rəsmi Bakı sülh danışıqlarının hansısa güc mərkəzinin inhisarına alınmasına, sülhyaratma prosesində diktə edən tərəf kimi çıxış etməsini yolverilməz hesab edir. Azərbaycanla Ermənistan arasında ötən il əldə olunan pozitiv nəticələr sübuta yetirib ki, ABŞ, Fransa, Avropa İttifaqı və Rusiyanın iştirakı olmadan da danışıqlar aparmaq və irəliləyişlər əldə etmək mümkündür. Ermənistan sülh və sabitliyi məhz regionda axtarmalı, Azərbaycanla birbaşa danışıqlarda maraqlı olmalıdır. Birgə yaradılmış delimitasiya komissiyasının ötən il keçirilən iclasları da göstərib ki, mübahisəli məsələlər ətrafında fikir mübadiləsinin aparılması, kompromisli qərarların qəbulu baxımından birbaşa danışıqlar son dərəcə səmərəlidir.
Məhz birbaşa danışıqlar formatı çərçivəsində iki ölkənin ərazi mübahisəsini ilk dəfə olaraq dinc yolla tənzimləməsi, Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addım olan bu razılaşma regionu geosiyasi rəqabət meydanına çevirmək istəyən qüvvələrin rəsmi Bakının qətiyyətli, prinsipial mövqeyi qarşısında geri çəkilməsi demək olub.
Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində onu da bir daha vurğulayıb ki, Ermənistanın bir sıra ölkələr tərəfindən silahlandırılması siyasəti regionda güc balansını qətiyyən dəyişə bilməz: “…Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək”.
Prezident İlham Əliyevn yerli televiziya kanallarına müsahibəsində verdiyi mesajlar bir daha göstərir ki, rəsmi İrəvanın istənilən revanşist addımı, regiondakı geosiyasi reallıqlarla barışmamaq cəhdləri əbəsdir. Azərbaycan regionda sülh və təhlükəsizliyə qarşı yönələn istənilən xarici müdaxiləni bundan sonra da inamla zərərsizləşdirəcək və milli maraqlarını təmin edəcək.