AVROPA MÜŞAHİDƏÇİLƏRİ SÜLH SAZİŞİNİN BAĞLANMASINI İSTƏMİR

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda yerləşdirilən Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti çoxdandır ciddi narahatlıq mənbəyinə çevrilib. Azərbaycan rəsmi səviyyədə bu missiyanın fəaliyyətinin regional təhlükəsizliyə, xüsusilə də Ermənistanla münasibətlərin normallaşdırılması və sülh quruculuğu prosesinə zərbə vurduğuna dair çoxsaylı xəbərdarlıqlar edib. Prezident İlham Əliyev rusiyalı jurnalist Dmitri Kisilyova müsahibəsində yenidən bu məsələyə toxunaraq müşahidə missiyası ilə bağlı məsələnin sülh sazişinə xüsusi bənd kimi daxil olduğunu dedi və bildirdi ki, bu, tərəflər arasında razılaşdırılmayan iki məsələdən biridir.

Xatırladaq ki, Avropa müşahidəçilərinin Ermənistana göndərilməsinə 2022-ci ilin oktyabrında qərar verilib. Prezident İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın, Avropa Şurasının Prezidenti Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun Praqada keçirilən görüşündə razılaşdırılan bu məsələ sonradan Azərbaycan istisna olmaqla tərəflərin manipulyasiyası ilə üzləşib. Çünki razılığa görə missiya iki ay müddətinə və məhdud kontingentlə Ermənistana gəlməli idi. Sonradan rəsmi Bakının razılığı olmadan missiyanın müddəti uzadıldı, kontingent artırıldı və 200 nəfərə çatdırıldı. Onların əsas arqumenti də ondan ibarət idi ki, missiya Ermənistan ərazisindədir və belə olan halda Azərbaycanla hansısa məsələnin razılaşdırılmasına ehtiyac yoxdur. O zaman sual yaranır: əgər Bakının mövqeyi nəzərə alınmayacaqdısa ilk dəfə razılığa gəlmək lazım olanda niyə razılaşdırılırdı?

Həm Ermənistan, həm də Avropa İttifaqı xeyli müddətdir Bakının bu haqlı sualına cavab verməkdən yayınır. Çünki yaxşı bilirlər ki, müşahidəçilər pərdəsi altında sərhəddə NATO infrastrukturunun yaradılması heç bir halda Bakının maraqlarına cavab vermir və hazırda iş o yerə gəlib çatıb ki, Azərbaycan bu məsələni sülh sazişinin əsas müddəalarından birinə çevirməyə məcbur olub. Çünki bu mövqe Azərbaycanın suverenliyinə və daxili işlərinə müdaxilə etməmək prinsipinə əsaslanır. Dövlət başçısının müsahibəsində bu mövqeni açıq şəkildə təkrarlaması, Azərbaycanın öz ərazisindəki vəziyyətin beynəlxalq müşahidəçilər tərəfindən nəzarət altında olmasına qarşı olan narahatlıqlarını ortaya qoyması Ermənistanı vəziyyətdən çıxış yolları axtarmağa vadar etməlidir. İrəvan nəzərə almalıdır ki, bu yanaşma Azərbaycanın suveren hüquqlarını və ölkənin daxili məsələlərini xarici təsirlərdən qorumaq arzusunu əks etdirir.

Azərbaycanın Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətin qarşı çıxmasını həm də diplomatik sahədəki strateji baxışın göstəricisi kimi də qiymətləndirmək olar. Düzdür, regional sülhün və sabitliyin təmin edilməsi təkcə Azərbaycanın deyil, regionun digər dövlətlərinin də marağında olmalıdır. Lakin bununla belə rəsmi Bakı bu sahədə mövcud problemləri aradan qaldırmaq üçün müstəqil qərarvermə haqqını qorumağa, region dövlətlərini də onun mövqeyini dəstəkləməyə çağırır. Bu baxımdan Ermənistandakı xarici müşahidəçilərin fəaliyyətinin sülh sazişinə daxil edilməsi Azərbaycanın öz xarici siyasətində nümayiş etdirdiyi prinsipiallıq kimi qiymətləndirilə bilər.

Qeyd etməliyik ki, Ermənistanın Azərbaycanla sərhəddə Avropa müşahidəçilərini yerləşdirməsi, bura tez-tez xarici ölkə nümayəndələrini, hətta dövlət rəhbərlərini gətirməsi bütün hallarda binokl şousunun əvvəl-axır iki ölkə arasında ciddi narahatlığa gətirib çıxaracağıını göstərir. Oradan bu tərəfə boylanan şəxslərin bir gün Ermənistanı yenidən çətin vəziyyətə salacağı, onu yeni təhlükələrlə üz-üzə qoyacağı qaçılmaz fakta çevrilir. Azərbaycan isə bu cür xəbərdarlıqlarla Ermənistanı ayıltmağa çalışır, onu regional təhlükəsizliyin təmin olunmasında həmrəyliyə və işbirliyinə dəvət edir.