D-8 TƏŞKİLATINA ÜZVLÜK AZƏRBAYCANIN MİLLİ MARAQLARINA TAM CAVAB VERİR

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə olan səkkiz ölkə tərəfindən qurulub. Bu təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir. Türkiyə, İran, Pakistan, İndoneziya, Banqladeş, Misir, Nigeriya və Azərbaycanın üzv olduğu təşkilatın zirvə toplantısının keçirildiyi vaxtı, həmçinin regional və qlobal miqyasda cərayan edən hadisələri nəzərə alsaq o zaman onun məram və məqsədlərini anlamaq o qədər də çətin deyil. İqtisadiyyat qədər siyasi prosesləri də dərindən izləyən və fəaliyyətini həm də bu istiqamətdə yürüdən təşkilat ilk növbədə sülh və təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır. Çünki sabitlik olmayan regionda iqtisadi əməkdaşlıqdan da söhbət gedə bilməz və bu, təşkilata üzv ölkələrin prioritetləri sırasına daxildir.

Qahirədə keçirilən XI zirvə görüşü Azərbaycan Respublikasının təşkilata bərabərhüquqlu üzv qəbul edilməsi ilə yadda qaldı. İlk növbədə onu qey etməliyik ki, Azərbaycanın bu təşkilata üzvlüyü digər üzv ölkələrlə ticarət əlaqələrini artırmağa, xüsusən də enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində daha çox imkan əldə etməyə kömək edəcək. Azərbaycan, həmçinin bu ölkələrin bazarlarına daxil olmaqla, ixracının şaxələndirilməsinə də nail ola bilər. Bundan əlavə, Azərbaycan digər üzv ölkələrlə iqtisadi əməkdaşlığı dərinləşdirərək xarici investisiyalar əldə edə bilər. Texnologiya və innovasiya sahəsində əlaqələrin gücləndirilməsi, eyni zamanda sosial-mədəni layihələrin icrası da Azərbaycanın təşkilat daxilində mövqelərini möhkəmləndirə bilər. Bu çərçivədə Azərbaycanın da üzv ölkələrə verə biləcəyi çoxlu dvidentlər var. Çünki Azərbaycan əlverişli geosiyasi mövqedə yerləşir, onun geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu var. Azərbaycanın özünü etibarlı regional mərkəzlərdən biri kimi artıq təsdiqləyib. Bununla yanaşı, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Məhz bu amillər ölkəmizin D-8 təşkilatına üzvlüyünü şərtləndirib, digər tərəfdən onun regional və qlobal siyasi proseslərə təsir imkanlarını gündəmə gətirib. Çünki Azərbaycan artıq Cənubi Qafqazın lider dövləti olaraq regional sülh və təhlükəsizliyin təmin olunmasında əsas faktordur. Qlobal miqyasda Azərbaycan siyasi proseslərə təsiretmə gücü qazanıb. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.

Bununla belə, təşkilatın əhatə etdiyi coğrafiyada münaqişələr, toqquşmalar və hətta müharibələr gedir.  Müasir toqquşmalar və siyasi gərginlik fonunda geniş regionumuzda təhlükəsizliyin və sabitliyin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi D-8 təşkilatının əsas prioritetlərindən biridir. Azərbaycan həm dünyanın ən mürəkkəb münaqişələrindən birinə son qoymaq təcrübəsi, həm də münaqişə tərəfi olan ölkələr arasında uğurlu vasitəçilik səyləri ilə D-8-in məqsədlərinə töhfə verə bilər. Bu baxımdan son dövrdə Suriyada baş verən proseslər diqqətdən kənarda qalmamalıdır. Əsəd rejiminin süqutundan sonra bu ölkədə sülhün və sabitliyin bərpa olunmasının və vətəndaş qarşıdurmasına son qoyulmasının mütləq dərəcədə vacib olduğunu bəyan edən Azərbaycanın Suriyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dair sərgilədiyi mövqe təqdirəlayiqdir. Rəsmi Bakı bütün məsələlərin Suriya xalqının iradəsinə uyğun formada və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacağına əmin olaraq ölkənin üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına da öz dəstəyini ifadə edib. Bu istiqamətdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdirir. Digər tərəfdən Azərbaycan bu addımların İslam həmrəyliyi çərçivəsində atılmasının daha əhəmiyyətli olacağına diqqət çəkir. Çoxdandır müsəlman ölkələri arasında İslam həmrəyliyini təşviq edən Azərbaycan Suriyadakı problemlərin həllində də bu məsələnin effektli olacağına inanır. Bu çərçivədə D-8 təşkilatına üzvlük Azərbaycanın ərəb dünyası ilə əlaqələrinə də müsbət təsir edəcək. İqtisadi, mədəni əlaqələrin yüksək səviyyəsi qarşılıqlı investisiyaların həcminin artmasına, siyasi münasibətlərin daha da dərinləşməsinə, nəticə etibarilə Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol aça bilər. Bu baxımdan D-8-ə üzvlük Azərbaycanın milli maraqlarına tam cavab verir.