Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əldə edilməsi məsələsində yenə də nikbin danışıb və hətta bu ilin sonuna qədər sülh sazişinin bağlanmasının mümkünlüyünü bildirib. Paşinyanın nikbinliyinin hansı məqamlardan qaynaqlandığını demək çətindir, lakin onun “sülh sazişi imzalandıqda İrəvan qarşılıqlı formada beynəlxalq məhkəmə iddialarından vaz keçməyə hazırdır” bəyanatı Ermənistan hakimiyyətində ciddi qorxuların olmasından xəbər verir. Bu bəyanat həm Ermənistan-Azərbaycan münasibətlərində, həm də regional sülhün qurulması səylərində yeni müzakirələrə yol açır. İlk növbədə bu, Ermənistanın son illərdə qarşılaşdığı geosiyasi məğlubiyyətlər və daxili təzyiqlərlə əlaqələndirilə bilər. 2020-ci il Vətən müharibəsindəki məğlubiyyət Ermənistanın regional diplomatik mövqelərini zəiflədib. Bu vəziyyət Paşinyanı daha çevik diplomatik mövqe tutmağa vadar etsə də hələ ki, ortada heç bir ciddi naliyyət yoxdur. Ermənistanda müharibə sonrası daxili narazılıqlar da Paşinyanın xeyrinə deyil və onu beynəlxalq təzyiqi minimuma endirmək üçün yeni həll yolları axtarmağa sövq edir.
44 günlük müharibədən sonra həm Ermənistan, həm də Azərbaycan tərəfi müxtəlif beynəlxalq məhkəmələrdə bir-birinə qarşı iddialar irəli sürüb. Paşinyanın bəyanatı bu kontekstdə hüquqi və siyasi proseslərin dayandırılmasını nəzərdə tutur. Belə ki, Azərbaycanın haqlı ittihamlarına qarşı o Bakını etnik təmizləmə və hüquq pozuntularında ittiham edir. Onun əsas təzyiq vasitələrindən biri Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üçün beynəlxalq məhkəmələrdə şikayətlər qaldırmasıdır. Halbuki Ermənistana da, bu məsələdə İrəvan adminstrasiyasına dəstək verən dairələrə də yaxşı məlumdur ki, Qarabağ erməniləri oradan könüllü surətdə, heç bir təzyiqlə üzləşmədən gediblər. Köç prosesində heç bir silahlı təzyiq vasitəsindən istifadə edilməyib, heç kim qətlə yetirilməyib, Azərbaycan köçmək qərarı verən hər bir erməni ilə beynəlxalq humanitar normalar daxilində davranıb. Bu kontekstdə Azərbaycanın iddiaları daha ağır gəlir. Çünki Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərində böyük dağıntılar törədib, ekoloji cinayətlərdə və mədəni irsin məhv edilməsində birbaşa iştirak edib. Bundan əlavə, o 1 milyondan çox insanın öz dədə-baba yurdlarına qayıtmasına mane olub, onları 30 il ərzində dözülməz şəraitdə yaşamağa məcbur edib.
Təbii ki, beynəlxalq məhkəmələrdəki iddiaların geri çəkilməsi ilə bağlı Nikol Paşinyanın irəli sürdüyü təklif açıq müzakirə oluna bilər. Lakin ilk növbədə Ermənistan hakimiyyətinin niyyətini öyrənmək lazımdır. Görünür, rəsmi İrəvan Azərbaycanın arqumentləri qarşısında çox da duruş gətirə bilməyəcəyini artıq dərk edir və vəziyyətin aradan qaldırılması üçün müxtəlif diplomatik vasitələrdən istifadə etmək istəyir. Lakin heç bir şirnikləndirici təsir indiki məqamda Azərbaycan üçün cəlbedici deyil. Bunu şərtləndirən əsas cəhət Ermənistanın indiyə qədər verdiyi vədlərin heç birini yerinə yetirməməsi, ikitərəfli münasibətlərin normalaşdırılması ilə bağlı təsirli addımlar atmamasıdır. Ona görə də Paşinyanın təklifi daha çox Ermənistanın sülh danışıqlarını davam etdirmək və beynəlxalq təzyiqləri azaltmaq cəhdi kimi görünür. Çünki Ermənistan müharibə sonrası sosial-iqtisadi problemlərlə üzləşib, sülh sazişi onun sabitliyini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Bu məqamda Azərbaycanın qaldıracağı hər hansı təzminat iddiası onun bir dövlət kimi məhvini daha da sürətləndirə bilər.
Paşinyan bu bəyanatı ilə Ermənistanın sülhə meylli olduğunu göstərmək və beynəlxalq aləmin dəstəyini qazanmaq niyyətindədir. Bunu bilən Bakı mövcud hüquqi iddialarından imtina etməyəcək. Ona görə də Azərbaycan haqlı olaraq Ermənistanın işğal illərində törətdiyi cinayətlərə görə beynəlxalq məsuliyyət daşımasını tələb edir. Digər tərəfdən Azərbaycan tərəfi Ermənistan tərəfindən səsləndirilən bu cür bəyanatları sülh prosesində real addımlar kimi deyil, daha çox siyasi bəyanatlar kimi dəyərləndirir.