COP29 AZƏRBAYCAN QARŞISINDA YENİ İMKANLAR AÇIR, ÖLKƏNİN İNVESTİSİYA CƏLBEDİCİLİYİNİ ARTIRIR

Hazırda dünya ölkələri üçün ən aktual məsələlərədən biri də “yaşıl enerji”yə keçiddir və bu, davamlı inkişafın artıq əsas şərtlərindən birinə çevrilməkdədir. Ən əsası da iqlim böhranının aradan qaldırlmasında məhz “yaşıl enerji”dən istifadə həlledici əhəmiyyət kəsb edir, istixana qazı emissiyalarını böyük ölçüdə azaltmağa imkan verir. Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi “yaşıl enerji”yə uğurlu keçidə imkan yaradır. Amma bunun üçün müvafiq həcmdə sərmayələrin cəlb olunması da əsas şərtlərdən biri kimi çıxış edir.

Real mənzərənin təhlili göstərir ki, ölkələrin bir çoxunun, xüsusən də inkişaf etməkdə olanların “yaşıl enerji”yə keçidini əngəlləyən əsas faktorlardan biri məhz maliyyə, investisiya çatışmazlığıdır. Hətta ikişaf etmiş ölkələrin bir çoxunda da investisiya yetərsizliyi “yaşıl enerji”yə keçidin istənilən templə getməsini əngəlləyir. Bu səbəbdən “yaşıl enerji” siyasəti yürüdən ölkələrin xüsusi diqqət mərkəzində saxlamalı olduğu məqamlardan biri müvafiq sərmayələrin cəlb olunması ilə bağlıdır. Sözügedən xüsusda uğur nümunəsi yaradan ölkələrdən biri isə Azərbaycandır.

Son illər ərzində Azərbaycanda “yaşıl enerji”yə keçid prosesi olduqca dinamik xarakter alıb, bu müstəvidə çoxsaylı beynəlxalq tərəfdaşlarla yüksəksəviyyəli əməkdaşlıq münasibətləri qurulub. Ölkəmizdə bu kontekstdə xarici investisiyalar hesabına çoxsaylı bərpa olunan enerji mənbələri yaradılır və proses yüksək intensivliklə davam edir.    Qeyd olunamlıdır ki, ölkəmizin “yaşıl enerji” siyasətində əsas prioritetlərdən biri bu enerji infrastrukturuna investisiya qoyuluşunun artırılmasıdır. Artıq xarici investisiyalar hesabına Azərbaycanda “yaşıl enerji” istehsalında mühüm nailiyyətlər əldə olunub. Fəaliyyətini uğurla davam etdirən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası bunun ən yaxşı nümunələrindən biridir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa olunan bu stansiyaya xarici sərmayə qoyuluşu 262 milyon ABŞ dolları dəyərindədir. O, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Hazırda Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji” zonalarına çevirilməsi istiqamətində ölkəmizdə genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bu istiqamətdə xarici tərəfdaşlarla, o cümlədən Böyük Britaniyanın BP,  Səudiyyə Ərəbistanının “ACWA Power”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpa olunan enerji istehsalı barədə müqavilələr imzalanıb, birgə işbirliyi həyata keçirilir. Həmin şirkətlərin investisiyası hesabına yeni bərpa olunan enerji mənbələrinin yaradılması üçün genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bunlara paralel olaraq, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə bərpa olunan enerji istehsalı sahəsində müvafiq layihələr reallaşdırılır.

Ölkəmizin “yaşıl enerji”yə keçidlə bağlı gördüyü işlər, əldə etdiyi nailiyyətlər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da təqdim olunacaq. Bu müstəvidə yaradılan sərmayə imkanları da yeni potensial  investorların diqqət mərkəzinə çatdırılacaq. Bu mənada heç şübhəsiz ki, COP29 Azərbaycan qarşısında yeni investisiyaların cəlbi üçün də əlavə imkanlar açır. Xarici investorları cəlb edən hal təkcə ölkəmizdə yaradılan əlverişli sərmayə mühiti deyil, Azərbaycanın yaxın tezlikdə “yaşıl enerji”nin mühüm ixaracatçısına çevriləcəyi, həmçinin digər mənbələrdən bu enerji növünün nəqlində tranzit əhəmiyyətidir.

Bəllidir ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Artıq müvafiq layihənin texniki-iqtisadi əsaslandılması da  başa çatıb. Buna paralel  olaraq, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi yaradılır. Azərbaycan, Qazaxıstan və Özbəkistan texniki şərtlərin hazırlanması və daha sonra Mərkəzi Asiyadan “yaşıl enerji”nin ölkəmizdən keçməklə Avropaya ixracı üçün birgə müəssisənin yaradılması barədə razılığa gəliblər. Tezliklə, Qafqaz regionu və Mərkəzi Asiyanın enerji sistemlərini sualtı kabel vasitəsilə əlaqələndirən layihənin texniki-iqtisadi əsaslandırma prosesinə başlanacaq. Bütün bunlar xarici, o cümlədən Qərbdən olan investorlar üçün olduqca cəlbedicidir. O da qeyd edilməlidir ki, COP29 çərçivəsində Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi ilə bağlı da böyük bir təqdimatın olması gözlənilir.

Beləliklə, Azərbaycanın “yaşıl enerji” sferasında gördüyü işlər, həyata keçirdiyi fəaliyyət COP29 zamanı dünya ictimaiyyətinə, o cümlədən də  xarici investorlara təqdim ediləcək ki, bu da ölkəmizə yeni sərmayə axınını təmin edəcək. COP29 bununla da Azərbaycana əlavə dividendlər qazandıracaq.  Eyni zamanda dünya təcrübəsi göstərir ki, bərpa olunan enerji sektoru istehsal, quraşdırma, texniki xidmət və tədqiqat imkanları ilə artıq dünyada milyonlarla iş yeri yaradıb. Bu da o deməkdir ki, bərpa olunan enerji sektoru qarşıdakı dövrdə Azərbaycanda məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verəcək. Ölkəmizdə “yaşıl infrastruktur”a yerli və xarici mənbələr hesabına investisiyaların bundan sonra da əhəmiyyətli artımı gözlənilir və qeyd edilən istiqamətdə COP29 ölkəmiz üçün yeni imkanlar açır.