ƏRAZİ BÜTÖVLÜYÜMÜZƏ VƏ SUVERENLİYİNƏ HÖRMƏT AMİLİ RƏSMİ BAKININ DİGƏR ÖLKƏLƏRLƏ MÜNASİBƏTLƏRİNİN XARAKTERİNİ MÜƏYYƏN EDİR

Son 30 ildə yürüdülən qətiyyətli və praqmatik xarici siyasət ölkəmizdə müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına, aparıcı dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlərin bərabərhüquqlu, qarşılıqlı faydalı əsasda inkişaf etdirilməsinə yönəlib. Bunun nəticəsidir ki, mütərəqqi islahatları inamla davam etdirən Azərbaycan yürütdüyü uğurlu diplomatiya sayəsində regionda maraq və mənafeyini qətiyyətlə müdafiə edən lokomotiv dövlətinə çevrilib.

Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə bəyan etdiyi kimi,Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da davam edəcək: “Bizim gücümüz – siyasi çəkimiz, iqtisadi qüdrətimiz, hərbi gücümüz ildən-ilə ancaq artacaq. Bunu mən tam əminliklə deyirəm. Bu yaxınlarda mən bu barədə danışmışam, nə qədər böyük səylər göstərilib ki, bizim döyüş qabiliyyətimiz daha da artsın. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi dövründə biz bütün dünyaya hərbi cəhətdən nəyə qadir olduğumuzu nümayiş etdirdik. Bilin və Azərbaycan xalqı bilsin, o vaxtdan bu günə qədər bizim hərbi qüdrətimiz daha da artıb. Əgər kimsə bizim qabağımızda durmaq fikrinə gələrsə, yenə də peşman olacaqdır”.

Rəsmi Bakının xarici siyasətdə üstünlük verdiyi strategiya nəinki milli maraqların maksimum dərəcədə qorunmasını, eyni zamanda, Azərbaycanın heç bir dövlətdən asılı olmadan – tam müstəqil siyasət yeritməsini təmin edib. İqtisadi müstəqillik, valyuta ehtiyatlarının ilbəil artan həcmi, daxili borcun aşağı həddə olması ölkəmizin iqtisadi və siyasi müstəqilliyini təmin edən əsas amillərdir. Ölkə rəhbərliyi regionda, bütövlükdə beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslərin mahiyyətinə uyğun olaraq xarici siyasətdə müəyyən korrektələr etsə də, dövlətçilik maraqlarının, bərpa olunmuş ərazi bütövlüyümüzün və suverenliyimizin möhkəmləndirilməsi, regional və qlobal layihələrin reallaşdırılması əsas prioritetlər kimi dəyişməz qalır.

Prezident İlham Əliyevin Cəbrayıl sakinləri ilə görüşdə Ermənistanın silahlandıran ölkələrə sərt mesajlar verməsi, Azərbaycanın bütün təhdidlərə adekvat cavab vermək gücündə olduğunu bəyan etməsi bir daha təsdiq edir ki, Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri arasında “bölüşdürülməsi”nə edilən cəhdlər mənasızdır. Azərbaycan bölgə dövlətlərinin ərazisində hərbi bazaların yerləşdirilməsinin, regionun militaristləşdirilməsinin əleyhinə çıxış edir, bunu sülhə, sabitliyə ciddi təhlükə kimi dəyərləndirir. Eyni zamanda, regiondakı təbii üstünlüklərindən maksimum yararlanır, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirir. Dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan respublikamız bütün ölkələrə münasibətdə, müstəqil xarici siyasət yürüdür.

Hazırda dünyada Azərbaycanla bağlı obyektiv təsəvvürlərin mövcud olması əksər ölkələri və beynəlxalq təşkilatları respublikamızla əməkdaşlığa meyilləndirir. Bunun nəticəsidir ki, dünya əhəmiyyətli qlobal tədbirlərin keçirilməsi məkanı kimi region ölkələri arasında məhz Azərbaycana üstünlük verilir. Ən müxtəlif beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı olan Azərbaycan bir tərəfdən beynəlxalq nüfuz və mövqelərini möhkəmləndirir, digər tərəfdən milli həqiqətlərini, daxili və xarici siyasətini, sosial-iqtisadi uğurlarını geniş təbliğ etmək üçün əlverişli platforma qazanır.

Xüsusi vurğulamaq lazımdır ki, noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbiri Azərbaycanın beynəlxalq nüfuzunu, alternativ enerjinin istehsalı, ixracı və bu Qərbə ötürülməsində mühüm tranzit rolunu bir daha nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə münasibət amili rəsmi Bakının dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlarla münasibətinin xarakterini müəyyən edir.

Rəsmi Bakının praqmatik, qətiyyətli, ölçülüb-biçilmiş siyasəti sayəsində ölkəmizin əldə etdiyi, ilbəil artmaqda olan uğurları dost ölkələri sevindirir, bədxahlarımızı kədərləndirir, məyus edir. Bu xüsusda dünyada ölkəmizin nüfuzuna xələl gətirmək, beynəlxalq ictimai rəyi çaşdırmaq, Qarabağıa bağlı həqiqətləri təhrif etmək cəhdləri də fiaskoya uğrayır, nəticəsiz qalır. Ölkəmiz İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərinin beynəlxalq hüquqa əsaslanan ədalətli nəticələrini, hazırkı sülh gündəliyini qəbul etmək istəməyən istənilən siyasi, iqtisadi və hərbi gücü neytrallaşdırmaq gücünə malik olduğunu sübut edir. Ermənistan üzərində hərbi-siyasi üstünlüyün gücləndirilməsi, danışıqlar prosesinin yeni geosiyasi reallığa, milli maraqlara uyğun aparılması təmin edilir.