“Formula-1”in növbəti dəfə Azərbaycanda keçirilməsi ölkənin stabilliyinin, qlobal idman tədbirlərini yüksək səviyyədə qəbul etmə qabiliyyətinin simvolu kimi çıxış edir. Bəs “Formula-1” nədir? Keçmişə qısa səyahət etsək görərik ki, “Formula 1” yarışlarının yaranma tarixi XX əsrin 20-30-cu illərinə gedib çıxır. Həmin illər təşkil olunan Avropa Qran Pri turnirləri qısa müddətdə böyük marağa səbəb oldu. Lakin İkinci Dünya Müharibəsinin başlaması ilə bu yarışlara da fasilə verildi. Yalnız müharibədən sonra yenidən aktiv fəaliyyətə başlayan Beynəlxalq Avtomobil Federasiyası formula yarışlarına da yeni qaydalarla start verdi.
Bu idman növündə üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də, İngiltərənin Silverstoun trekində təşkil olunub. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci gələn “Alfa Romeo”nun italyalı pilotu Cüzeppe Nino Farina “Formala-1” yarışının ilk qalibi kimi tarixə düşüb. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio oldu. Lakin sonralar Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxdı. Belə ki, o, karyerası ərzində 5 dəfə dünya çempionu adını qazanaraq rəqiblərinə aman vermədi.
Öz nüfuzuna görə dünyanın ən baxımlı idman növlərindən, maraqlı mübarizələrdən sayılan “Formala-1” yarışlarına qatılmaq isə heç də asan başa gəlmir. Sürücülər Qran Pri turnirində çıxış etmək üçün super lisenziya almalıdırlar ki, bu lisenziya da hər pilota verilmir. “Formula-1” tarixində ən çox starta çıxan sürücü 322 yarışla Rubens Barrikellodur. Ən çox qələbə isə Mixael Şumaxerin hesabındadır. “Formula 1”də daha çox uğur qazanan komandaların siyahısına isə “Ferrari”, “McLaren”, “Williams” və “Mercedes” kimi kollektivlərin adı daxildir.
“Formula 1”i maraqlı edən ən vacib amillərdən biri də çempionatda istifadə olunan avtomobillərin texniki göstəriciləridir. İkinci Dünya Müharibəsindən əvvəl istehsal olunan bolidlərin mühərriki öndə, təkərləri isə ensiz və dişli idi. Avtomobillər 1,5 litrlik kompressor və ya 4,5 litrlik normal aspirat mühərriklə işləyirdi. Hər il istər yarış qaydaları, istərsə də avtomobillərin texniki göstəriciləri və dizaynında müxtəlif dəyişikliklər edildi. Mühərrikin həcmi, avtomobilin sürəti və təkərlər müasir dövrün tələblərinə uyğun dəfələrlə yeniləndi.
“Formula 1” yarışlarında istifadə olunan bolidlər adi avtomobillərdən çox fərqlənir. Qiyməti milyon dollarlarla ölçülən “Formula 1” avtomobilini yığmaq üçün, təxminən, 80 min hissədən istifadə olunur. Avtomobillər 100 faiz dəqiqliklə yığılmalıdır. Əgər 0,01 faiz qeyri-dəqiqlik varsa, yarış ərzində 80 hissə xətalı şəkildə çalışacaq. “Formula 1” bolidlərinin mühərriklərinin ömrü tam gücü ilə çalışdıqda cəmi 2 saat təşkil edir. Bunu normal avtomobil mühərrikinin orta 20 illik ömrü ilə müqayisə etsək, çox böyük fərqi görmək mümkündür. “Formula 1” sürücüsü əyləci sıxan zaman o qədər güclü təzyiq yaranır ki, bu normal avtomobilin 300 km/saat sürətlə divara çırpılması ilə müqayisə edilə bilər. Avtomobil cəmi 4 saniyə ərzində 0-dan160 km-ə qədər sürət yığa bilir və əksinə sürəti 160 km-dən 0 kilometrə azaldır. “Formula 1” bolidinin kütləsi təxminən 550 kiloqramdır.
Əsas məsələlərdən biri də bu idman növünə dünyada böyük marağın olmasıdır. Harada keçirilməsindən asılı olmayaraq il ərzində minlərlə azarkeş “Formula-1”in arxasınca düşür və onu izləmək üçün dünyanın müxtəlif ölkələrinə səyahət edirlər. Bu baxımndan Bakıda keçirilən yarışlar da azarkeş baxımından korluq çəkmir. Bu yarışlar keçirildiyi ölkə üçün bir sıra faydalara da malikdir. Bakı şəhər halqasında (Baku City Circuit) təşkil olunan Formula-1 yarışları ilk növbədə beynəlxalq diqqəti Azərbaycana yönəldir və ölkəyə turist axınını artırır. Minlərlə xarici qonaq və media nümayəndələri yarışı izləmək üçün Azərbaycana gəlir. Bu isə otellərin, restoranların və digər xidmət sektorlarının gəlirlərinin artması deməkdir.
Formula-1 yarışları dünyanın müxtəlif ölkələrində yayımlanır, bu da Azərbaycanı qlobal arenada tanıdılmasına və onun mədəniyyəti, tarixi və turizm məkanlarının nümayiş etdirilməsinə imkan yaradır. Bundan əlavə, Formula-1 kimi beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq investorlara və biznes liderlərinə təqdim olunması üçün əla platformadır. Yarışlar zamanı keçirilən tədbirlər və görüşlər yeni iş imkanları yaradır və xarici investorları cəlb edir.
Bu yarışlar Bakıda şəhər infrastrukturunun inkişafını da sürətləndirib. Formula-1 yarışları yolların yaxşılaşdırılması, yeni otellərin və ticarət mərkəzlərinin tikilməsi, eləcə də şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsinə töhfə verib. Digər tərəfdən bu yarışlar Azərbaycanda avtomobil idmanına və ümumiyyətlə idmana olan marağı artırır. Gənclərin bu idman növünə marağının artması ölkədə avtomobil idmanı və texnologiya sahələrində yeni imkanların yaranmasına gətirib çıxara bilər.