AZƏRBAYCAN VƏ TÜRKİYƏDƏN ERMƏNİSTANA MESAJ: KONSTİTUSİYANI DƏYİŞDİRİN!

Xarici işlər naziri Ceyhun Bayramov Ankaraya səfəri və həmkarı Hakan Fidanla apardığı danışıqlar bir daha Azərbaycan və Türkiyənin regional və qlobal müstəvidə bundan sonra da ortaq hərəkət edəcəyinə təminat verdi. Nazirlər bildirib ki, onlar ikitərəfli münasibətlərdən əlavə, Ermənistanın sürətlə silahlanmasının yaratdığı narahatlıqlar, bunun region üçün əlavə təhlükə olması, İrəvanla Bakı arasında sülh müqaviləsi üzrə danışıqlarda pozitiv dinamikanın əldə edilməsi, saziş layihəsinin əhəmiyyətli hissəsinin razılaşdırılması barədə geniş müzakirələr aparıblar. Danışıqların mühüm hissəsini həm də Ermənistan Konstitusiyasına, həmçinin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları təşkil edib. Tərəflər bunu sülh sazişinin başa çatmasında əsas maneə kimi qiymətləndiriblər. Bu, onu göstərir ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq və sülh sazişinə gedən yolu qısaltmaq üçün konstitusiya dəyişiklərinə getməlidir və artıq Türkiyə ilə Azərbaycan bu məsələdə ortaq mövqedən çıxış edir. Həm Bakı, həm də Ankara hesab edir ki, regionda qalıcı sülhün təmin olunması üçün Ermənistan həm də Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır. Məhz bu halda Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıla bilər.

Azərbaycan normallaşma prosesində əldə ediləcək sülhün digər təhlükələrdən sığortalanmasını diqqətdə saxlayır. Çünki Ermənistan konstitusiyasının əsas vəzifəsi müstəqillik bəyannaməsinin icrasını yerinə yetirməkdən ibarətdir. Bəyannamədə qeyd olunur ki, “qondarma “Dağlıq Qarabağ Şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir”. Bundan əlavə, Ermənistan gerbində  və konstitusiyasında Türkiyəyə qarşı siyasi və ərazi iddiaları yer alıb.  Ermənistan hələ ki, bu iddialardan rəsmi şəkildə imtina etməyib. Bu isə həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına ciddi təsir edir və indiki məqamda bu cür iddialar oratadan qaldırılmayınca münasibətlərin tam normallaşması da mümkün görünmür. Ankara da, Bakı da yaxşı bilir ki, iddialar davam etdikcə imzalanacaq sülhün davamlılığı daim sual altında olacaq.

Vaxtaşırı Ermənistanda bu mövzuya dair müzakirələrin aparılması ondan xəbər verir ki, dövlət də, cəmiyyət də bu faktların mövcudluğunu etiraf edir və bilirlər ki, bu cür sərsəm iddiaların hələ də qanunvercilik aktlarında qalmasının yeganə zərəri elə onların özlərinə olacaq. Ona görə də bir müddət əvvəl Ermənistan xarici işlər nazirinin Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik yaratmaq cəhdi uğursuz oldu. Ararat Mirzoyan Azərbaycan Konstitusiyasından nəyin dəyişməsinin lazım olduğunu deməsə də, aydındır ki, onları narahat edən əsas məsələnin 1991-ci ildə qəbul edilən Konstitusiya Aktında 1918-ci il 28 may tarixli “İstiqlal Bəyannaməsi”nə istinad edilməsi idi. Orada yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. İrəvanda hesab edirlər ki, rəsmi Bakı varislik məsələsində israr edərsə bu, onun gələcəkdə Cümhuriyyət ərazilərinə iddialar irəli sürməsinə səbəb ola bilər. Əlbəttə ki, obyektiv yanaşma deyil. Birincisi, Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında qonşu dövlətlərə və Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Ona görə də bu mövzuda paralellik yaratmaq cəhdləri qəbuledilməzdir. İkincisi, bu məsələ Ermənistan üçün manipulyasiya alətinə çevrilir, halbuki Azərbaycan konstitusiyasında Ermənistanın öz ana qanununda irəli sürdüyü iddiaların analoqu yoxdur, onlar sadəcə olaraq, süni şəkildə güzgü effekti yaratmağa çalışırlar. Üçüncüsü, Azərbaycan konstitusiyasında qeyd edilən varislik məsələsində ərazi iddiaları əks olunmayıb, orada “miatsum” iddiaları da yer almayıb. Deməli, Ararat Mirzoyanın bəyanatı Bakının konstitusiya tələbləri qarşısında əks-həmlə cəhdi idi, lakin o alınmadı. Digər tərəfdən də Ararat Mirzoyanın bu məsələnin danışıqlar gündəliyinə daxil olmadığını deməklə erməni ictimai rəyini “hakimiyyət Əliyevin tələbi ilə konstitusiya dəyişir” ittihamlarından yayınmağa hesablanmışdı. Lakin az keçmədi ki, Ermənistanın baş naziri açıq şəkildə konstitusiya dəyişikliklərinin danışıqlar predmeti olduğunu bəyan etdi və prosesə başlanmasına dair tapşırıq verdiyini bildirdi. Yəqin Ermənistanda başa düşdülər ki, bu dəyişikliyin olması təkcə Azərbaycanla və yaxud da Türkiyə ilə bağlı məsələ deyil. Bu, daha çox Ermənistanın özünə lazımdır. Çünki artıq Ermənistanda da anlayırlar ki, uzun illər erməni xalqını saxta ideologiyalarla ayaqda tutmağa çalışan tələblər işə yaramır. “Böyük Ermənistan”, “Miatsum”, “Nemezis” planları, həmçinin ASALA-nın həyata keçirdiyi terror aktları fonunda erməni gəncliyi radikal, faşist düşüncələrə daha çox yoluxur və bu ideyalar vaxtaşırı qonşulara qarşı nifrət planların tərkib hissəsinə çevrilir. İndiki reallıqda isə bu qorxunc ideyaların revanşistlərin əlində alətə çevrilmək ehtimalı getdikcə güclənir və onlar gələcəkdə hakimiyyətə qarşı yönələ bilər.