İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-ın Ermənistandakı hərbi fəaliyyəti barədə danışıb. Əgər bu, açıq şəkildə bəyan edilirsə, deməli İranın nümayəndələri uzun müddətdir ki, şəxsi söhbətlərdə Ermənistan rəhbərliyi ilə bu barədə danışırlar. Açıq bəyanat isə Tehran üçün daha yüksək səviyyəli narahatlığınifadəsidir.
Bunun Ermənistan və region üçün nə demək olduğunu anlamaq məqsədilə Paşinyan-Qriqoryan-Mirzoyan üçlüyü tərəfindən qurulan Ermənistanın formalaşmaqda olan yeni təhlükəsizlik sisteminə nəzər salmaq lazımdır.
Əsas məqamlar hansılardır?
– Ermənistanın KTMT-yə üzvlüyü və Rusiya ilə ikitərəfli sazişlər. İrəvan bunlardan imtina etməyə çalışsa da, əməli addımlar atmır;
– Ermənistan Qərblə (ABŞ, Aİ, Fransa) təhlükəsizlik sahəsində əməkdaşlığa başlayıb;
– Ermənistan İrandan sərhəd təhlükəsizliyi zəmanəti alıb;
– Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə normallaşmaya nail olmayıb;
– Hindistan regiona maraq göstərir və Ermənistana silah verir;
– Çin regiona nəzər salır, Ermənistan ŞƏT-də statusunun artırılması üçün müraciət edib.
İndi resursları təhlükəsizlik sisteminin komponentlərinə uyğun təşkil etməyə çalışaq:
Diplomatiya – burada Ermənistanın köməkçiləri Qərb, İran, Hindistandır;
Silahlı qüvvələr – Qərb bütün gücü ilə, Hindistan, İran isə silahla və Ermənistan ərazisinə fiziki daxil olmağa hazır vəziyyətdə kömək edir;
Kəşfiyyat – Qərb resursları;
İqtisadi və siyasi sabitlik – Qərb Ermənistanı öz balansına alıb, maliyyə yardımı ayırır və Ermənistanın anti-Rusiya sanksiyalarından yan keçməsində iştirakına göz yumur.
Paşinyan yönümlü medianın gündəmə gətirdiyi təhdidləri də qeyd edək:
– Azərbaycan – müharibə təhlükəsi;
– Türkiyə – Azərbaycana dəstək;
– Rusiya – siyasi və iqtisadi sabitliyi pozmaq təhlükəsi, Azərbaycana dəstək.
Bununla yanaşı, bütövlükdə regiona, xüsusən də Ermənistana təsir edən digər dövlətlər və qüvvələr arasındakı ziddiyyətləri də nəzərə almaq lazımdır:
- ABŞ/İsrail – İran;
- Rusiya – Qərb;
- Türkiyə – Fransa;
- Hindistan – Çin;
- Hindistan – Pakistan;
Eyni zamanda proseslərin dinamikası göstərir ki, bütün formatlarda ziddiyyətlər dərinləşir və genişlənir. Ermənistanın tərəfdaşları arasında da ziddiyyətlər mövcuddur və onların arasında qığılcımlar yaranan zaman İrəvandan mövqe nümayiş etdirmək, yəni tərəf tutmaq tələb olunur.
Ermənistan rəhbərliyi Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək üçün olduqca fərqli ölkələrin dəstəyini təmin etdi, lakin 2023-cü ilin sentyabrından sonra vəziyyət dəyişdi. Bu gün Ermənistan arxasını Qərbə dayayıb.
Lakin İrəvan öz manevr imkanlarının son həddinə çatır. Ermənistan rəhbərliyi düşünülməmiş siyasəti ilə həm özünə, həm də bütün regiona təhlükə yaradır.
Bəs Ermənistan üçün ən yaxşı variant hansıdır?
Yuxarıda qeyd edilən təhdidlərə əsaslanaraq, Ermənistanın qarşıdurmada tərəf seçməkdənsə, bu təhdidləri müqavilələr yolu ilə neytrallaşdırması daha məqsədəuyğundur. Çünki Ermənistan coğrafi baxımdan fərqli sərhədlərin qovşağında yerləşir.
Sülh müqaviləsi Azərbaycan və Türkiyə istiqamətində fiziki təhlükəni neytrallaşdıran amilə çevrilə bilər.
Neytral status, Qoşulmama Hərəkatına üzvlük isə Rusiyadan gələn təhlükəni aradan qaldırmaq üçün əlverişli variant ola bilər.
Bütün bunlar Ermənistanın yeni Konstitusiyasında öz əksini tapmaqla ölkənin xarici siyasətinin proqnozlaşdırıla bilənliyi, ardıcıllığı və səmərəliliyi üçün fundament rolunu oynaya bilər.
Əks halda indiki şəraitdə Ermənistanın təhlükəsizlik sahəsində istənilən fəaliyyəti ölkə ətrafında gərginliyi artırır və Azərbaycanı hərəkətə gətirir. Belə ki, sülh müqaviləsi olmadığı bir şəraitdə Ermənistanın hər hansı şəkildə güclənməsi Bakı üçün təhlükəsizlik təhdiddir. Azərbaycan Ermənistana silah tədarükü ilə bağlı hələ ki, yalnız xəbərdarlıq edir. Lakin hər işin bir həddi var. Əgər bu gün Bakı ancaq media səhifələrində xəbərdarlıqlarla kifayətlənirsə, gələcəkdə proseslər Azərbaycanın Ermənistan ərazisində hərbisizləşdirilmiş zona yaratmasına gətirib çıxara bilər.
Odur ki, razılığa gəlmək daha yaxşıdır!