Ermənistan hökumətindən maaş alan lobbiçi, NATO-nun keçmiş baş katibi Rasmussen Qərblə Ermənistanın gələcək qarşılıqlı fəaliyyəti mövzusunda məqalə dərc edib. Rasmussenin Ermənistanda geniş reklam olunan məqaləsi bu ölkənin Təhlükəsizlik Şurası katibinin kabinetində yazılıb və Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas gözləntilərini əks etdirir.
Ermənistanın gözləntiləri nədir?
– Rasmussen Aİ və ABŞ-dan tələb edir ki, liderlərin COP29-da iştirakı sülh müqaviləsi mövzusunda Azərbaycana təzyiqlə əlaqələndirilsin;
– Qarabağı mübahisəli ərazi kimi qeyd edən Rasmussen ermənilərin Azərbaycanı tərk etməsini “insanların köçürülməsi” adlandırır.
– Ermənistan az qala sülh müqaviləsinin müəllifi kimi təqdim olunur.
– Ən mühüm və maraqlısı isə odur ki, Rasmussen Aİ-yə üz tutaraq aşağıdakı məsələlərlə bağlı çağırış edir:
- Azərbaycan Ermənistana qarşı mümkün təcavüzün nəticələri ilə hədələnməli;
- Avropa Sülh Fondu vasitəsilə Ermənistana siyasi, iqtisadi və müdafiə yardımı daha da gücləndirilməli;
- Almaniya Fransadan nümunə götürməli və Ermənistana hərbi yardım göstərməli;
- Aİ missiyası gücləndirilməli və onun Azərbaycan ərazisinə keçməsi təmin olunmalı;
- “Sülh kəsişməsi”, yəni kommunikasiyaların erməni ssenarisi üzrə açılması
dəstəklənməlidir.
Rasmussen həmçinin Ermənistan-ABŞ hərbi təlimləri, “Ermənistanın Aİ ilə yeni iqtisadi əlaqələri”, İrəvanın KTMT-dən çıxmaq istəyindən bəhs edir.
Bütün bunlar nəyi göstərir?!
Ermənistan rəhbərliyinin Rasmussen vasitsilə təqdim etdiyi mövqeyi ölkəni Rusiyanın forpostundan Qərbin forpostuna çevirmək istəyini əks etdirir. Ermənistanın coğrafiyası, resursları və tarixinə əsaslanaraq formalaşmalı olan təbii maraqları yenə də xarici sponsorların maraqları ilə əvəzlənir. Ermənistan regiondankənar aktorların maraqlarını ölkənin yaxın qonşularının gözləntilərindən üstün tutur.
Məsələn:
– Ermənistanın təhlükəsizlik sistemində Avropa və ABŞ-ın çəkisinin artması Rusiya və İranla münasibətlərdə qığılcımlar yaradır;
– Ermənistan Silahlı Qüvvələrində Qərb silahlarının çoxalması Azərbaycanla münasibətlərdə gərginliyə səbəb olur;
– Ermənistanda Fransa təsirinin artması Türkiyə və Azərbaycanı qıcıqlandırır;
– Ermənistanın Azərbaycana təzyiq etmək üçün Qərb resurslarından istifadə tələbi Azərbaycan tərəfindən əks reaksiya doğurur;
– “Sülh kəsişməsi” ilə bağlı dolaşıq vəziyyət İran rəhbərliyinin sərt mövqeyinə gətirib çıxarır.
Bu siyahını çox uzatmaq olar…
Ermənistan rəhbərliyi dərk etməlidir ki, belə mövqe dayanıqlı deyil və sponsor ölkələrin konkret liderlərinin müvəqqəti maraqları ilə bağlıdır. Rasmussen Almaniyanı Fransanın yolu ilə getməyə çağırır, çünki Makronun daxildəki mövqeyi sabit deyil və bu, Fransa ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda durğunluq yarada bilər. Yaxud da ABŞ seçkilərinin nəticəsilə bağlı gözləntiləri götürək. Burada da İrəvan demokratların qələbəsinə bel bağlayıb.
Halbuki təhlükəsizlik sistemində sabitlik ancaq konkret qonşularla – Azərbaycan, Türkiyə, Gürcüstan və İranla əldə edilə bilər.
Ermənistanın Rusiya ilə sərhədi yoxdur. Odur ki, Ermənistan rəhbərliyi onu narahat edən Rusiyadan gələn təhdidləri qonşularla stabil münasibətlər vasitəsilə yumşalda bilər.
Silahlara gəlincə isə onları nə qədər alsan da kömək etməyəcək. Ermənistanın “İsgəndərlər”i 44 günlük müharibədə ona heç bir kömək etmədi.
Son 25 ilin təcrübəsi göstərdi ki, forpost olmaq, qonşulara qarşı istifadə edilmək müəyyən müddətə təsir göstərə bilər, amma qaçılmaz fəlakətə gətirib çıxarır. Ermənistan öz qonşularını qıcıqlandırmamaq və təhdid etməmək üçün subyektliliyi öyrənməlidir. Bütün bunlar neytral statusun qəbulu ilə bağlıdır.
Ermənistan Konstitusiyasına gözlənilən dəyişikliklər Ermənistan üçün taleyüklü qərarların qəbulu baxımından şans yaradır. Bu şansdan istifadə edilməli, region münaqişə meydanına çevrilməməlidir.