Sosial Tədqiqatlar Mərkəzində “Azərbaycanda nəsillərarası münasibətlər:ailə həmrəyliyi və qayğı” analitik hesabatı dərc olunub

“Azərbaycanda nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” hesabatında təqdim edilən tədqiqata ölkənin 12 iqtisadi rayonundan 1170 nəfər cəlb edi¬lib. Seçmə hər biri 390 nəfər olan üç nəslin nəticələrini müqayisə etmək vəzifəsini rəhbər tutaraq formalaşdırılıb.

Bu, cavan nəsil (18-39 yaş), orta nəsil (40-59 yaş) və yaşlı nəsildir (60+yaş). Nəsil qruplarının müəyyən edilməsində Ümumdünya Səhiyyə Təşkilatının yaş təsnifatı ilkin istinad kimi götürülsə də, o yerli kontekstə uyğunlaşdırılıb. Habelə, yaş qruplarının sərhədləri hazırda çox populyar olan “nəsil nəzəriyyəsi”nin “X”, “Y” və “bumerlər” (Houv, Straus) ilə əsasən üst-üstə düşsə də, bu məqam seçmənin formalaşdırılmasında prinsipial olmayıb. Belə ki, respon¬dentlərə ünvanlanan suallar onların anadan olduğu il deyil, ailə sistemində tut¬duqları mövqe ilə şərtlənib.

STM-in sosial-iqtisadi tədqiqatlar departamentinin sektor müdiri Humay Axundzadənin müəllifliyi ilə ərsəyə gələn tədqiqat beynəlxalq araşdırmaların “qızıl standartı” kimi qəbul edilən klassik “nəsillərarası həmrəylik” nəzəriyyəsinin Azərbaycan ailəsinin tədqiqinə ilk adaptasiyasıdır.

“Nəsillərarası həmrəylik” nəzəriyyəsinə (Benqston, Roberts) istinad edən tədqiqatın əsas məqsədi Azərbaycanda nəsillərarası münasibətləri “nə¬sillərarası həmrəylik” nəzəriyyəsinə istinad edərək öyrənməkdir və hesabatın bölmələri bu məqsədə uyğun beş vəzifənin icrasını əks etdirir: (1) ailənin faktiki və arzuedilən birgəyaşayış formalarını öyrənmək; (2) ailədə nəsillərarası ünsiy¬yətin intensivliyi və vasitələrini təhlil etmək; (3) nəsillərarası yaxınlıq hissi və münasibətlərin emosional tərəflərini tədqiq etmək; (4) ailədə nəsillərarası qarşılıqlı yardımlaşmanı, onun intensivliyini öyrənmək; (5) ailə həmrəyliyini təmin edən qayğı normaları və gözləntilərini tədqiq etmək.

Vəzifələrin əhatə dairəsi geniş olduğundan alınan nəticələr də nəsillərarası münasibətlərin bir sıra tərəflərini ehtiva edir. Tədqiqat nəticələri arasında yeniliyi ilə xüsusi seçilənlərdən biri seçməyə əsaslanaraq, ölkədə genişlənmiş və nüvə ailələrin nisbəti, tək yaşayan insanların ümumi saya görə miqyasının müəyyən-ləşdirilməsidir. Nuklear və genişlənmiş ailə tiplərinin təqribən bərabərləşdiyi üzə çıxsa da, bir sıra digər nəticələr ailədə müxtəlif nəsillərin nisbi müstəqillik meyil-lərinə baxmayaraq, nəsillərarası bağlılığın kifayət qədər olduğunu göstərir.

Nəsillərarası bağların möhkəmliyi seçim olduğu halda belə, respondentlərin daha çox hissəsinin ailəsinin yaşlı və ya cavan nəsli ilə birlikdə yaşamağa üs¬tünlük verməsində, ailədə müxtəlif nəsillərin (əsasən yaşlı valideynlər və yetkin övladlar nəzərdə tutulmaqla) ayrı yaşadıqda belə onlar arasında ünsiyyət və kommunikasiyanın kifayət qədər intensiv olmasında, respondentlərin daha çox hissəsinin özünü valideyninə/övladına çox yaxın hiss etməsində, eyni zamanda özü və valideyni/övladı arasında oxşarlıqları fərqliliklərdən daha çox görməsin¬də ifadə olunur. Lakin gəlinən nəticələrdən biri də budur ki, birgəyaşayış forması yaşlı valideyn-yetkin övlad ünsiyyəti deyil, nənə/baba-nəvə ünsiyyətinin inten¬sivliyinə daha çox təsir edir.

Nəsillərarası qarşılıqlı yardımlaşma hər iki istiqamətdə – cavanlardan yaşlı¬lara və yaşlılardan cavanlara doğru müxtəlif intensivliklə baş versə də, əsasən yardım alan tərəfin tələbatları ilə müəyyən edilir. Məhz hansı yardım növünün üstünlük təşkil etməsində yardım edənin maddi vəziyyətinə görə aid olduğu tə¬bəqə və gender amillərinin rol oynadığı üzə çıxıb.

Nəsillərarası münasibətlərin kontekstini təşkil edən və ailə həmrəyliyinin hifz olunmasına yönələn qayğı normaları və gözləntilərə dair yüksək normativlik, yəni sosial normaların kifayət qədər güclü olduğu aşkar edilib. Yüksək normativlik ailənin maddi təminatı, övladların indiki və gələcək davranışına görə məsuliyyət, valideynlərin hətta yetkin övladlara görə məsuliyyəti, bir tərəfdən nənə/baba “borcu” anlayışına, digər tərəfdən övladlıq borcu ilə bağlı mühakimələrə münasibət üçün xüsusilə səciyyəvidir.

Tədqiqat həm də növbəti araşdırmaların predmeti ola biləcək bəzi ilkin ehtimalları üzə çıxarıb ki, bura nəsillərarası yardımlaşmanın daha çox yaşlı nəsildən cavan nəslə istiqamətlənməsi, nəsillərarası münasibətlərdə müstəqilləşmə meyli ilə yüksək təhsil səviyyəsi arasında əlaqənin olması, boşanmış statusunda olan insanların nəsillərarası münasibətlərdə özgələşməyə meyil etməsi kimi fərqli məsələlər daxildir.

Hesabatda yer alan nəticələr  ailə həmrəyliyi və nəsillərarası münasibətlərə dair sonrakı tədqiqatlar üçün istinad mənbəyi və longityudal müqayisəli tədqiqatların başlanğıcı ola, habelə, burada alınan nəticələr ailə institutuna və vətəndaşların rifahına xidmət edən sosial siyasətin formalaşdırılmasına töhfə verə bilər.