Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva illər öncə Prezident İlham Əliyevə ad günü münasibətilə arzularını bu cür ifadə etmişdi: “Mən ona Qarabağ düyününü açmaq üçün səbr arzulayıram. Mən inanıram ki, bu yolda İlham Əliyev qələbəni əldə edəcək!”. Əslində, bütün azərbaycanlıların ortaq hiss və duyğularını ehtiva edən bu sözlər o zaman müstəqillik tariximizin də, xalqımızın da ən böyük arzusu kimi səslənirdi. O vaxta qədər Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsinin əsl mahiyyətini öz layihələri ilə beynəlxalq miqyasda təbliğ edən Mehriban Əliyevanın Prezidentə ünvanladığı bu arzunun mahiyyətində hər bir fərdin, bütövlükdə xalqın müqəddəs hədəfi qərarlaşmışdı: Qarabağ işğaldan mütləq azad olunacaq!..
30 illik düyün o təbrikin yazılmasından cəmi 6 il sonra açıldı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 30 ildir canımızı boğazımıza yığan işğala son qoyurdu, biz milli maraqlara söykənən dövlətçilik fəlsəfəsinin təntənəsini yaşayaraq hədəflərimizə qovuşurduq, Vətən bütövləşirdi, dövlətin və xalqın qələbə ruhu Azərbaycan tarixinin ən parlaq səhifələrini yazırdı. Müharibənin başlanmasından iki gün sonra Mehriban Əliyeva sosial şəbəkə paylaşımında bütün xalqın qəlbindən keçənləri bir cümlədə dəqiq ifadə etmişdi: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!..”. Nəhayət, Birinci xanımın Prezidentə arzuladığı səbr qalib gəlmişdi və bu qələbə bizi bir xalq kimi tariximizin və taleyimizin qürurverici məqamına yüksəltmişdi – müqəddəs Qarabağ torpağına yollar açılmışdı.
İndi tarixi Qələbədən dörd il keçir. Bu illərdə müstəqilliyin övladlarının azad etdiyi torpaqlarda Prezident İlham Əliyevin başlatdığı quruculuq siyasətinin ən fəal iştirakçılarından biri Mehriban Əliyevadır. Onun azad olunmuş torpaqlarda həyata keçirdiyi çoxsaylı layihələr Qarabağa öz simasını, milli kimliyini qaytarır. Şuşada muğam səslənir, “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçirilir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu azad edilmiş ərazilərdə tarixi abidələri yenidən qurur, milli yaddaşı dirildir, bu torpaqlarda illərlə dağıdılan Azərbaycan izini bərpa edir, ona nəfəs verir, həyat verir. Qarabağın quruculuq kursunu onun zövqü və nəciblik prinsipləri zənginləşdirir. Mehriban Əliyevanı xalqa sevdirən həm də bu təəssübkeşliyidir, vətənpərvərliyidir, milli duyğularıdır.
2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyevanın ona qədər də, ondan sonra da əsas missiyası Prezidentin və xalqın etimadını doğrultmaq olub. Bu, onun fəaliyyətinin dəyişməz faktıdır. Bu prinsipi formalaşdıran isə xalqın ona olan sonsuz rəğbətidir. Ona görə də onun Birinci vitse-prezident təyin edilməsi ilk növbədə cəmiyyətin sosial sifarişi, Prezidentin ölkədə başlatdığı islahatlar prosesinə ən böyük tövhə idi. Çünki Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti, səriştəsi onun peşəkar imkanlarının dövlət idarəçiliyinə də tətbiqini zərurətə çevirmişdi. Vəzifəsinin ilk günlərindən o, bir daha sübut etdi ki, Azərbaycan xalqının və dövlətinin maraqlarını beynəlxalq miqyasda qoruyaraq xalqın mədəni-siyasi və tarixi-ictimai maraqlarını heç vaxt arxa plana keçirmir, parlaq dövlət xadimi kimi müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını uğurla təcəssüm etdirir. Ölkəmizin siyasi-iqtisadi, sosial-mədəni tərəqqisinə öz əməyi ilə tövhə verir. O, ən çox qayğıya ehtiyacı olan insanları axtarır, onlara kömək etməyi özünün bir nömrəli borcu bilir. O, diqqətini ilk növbədə həssas təbəqəyə yönəldir, qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılmasını fəaliyyətinin prioriteti elan edir. “Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır” deyərək bu katoqriyadan olan insanlarda Vətən imanını ölməyə qoymadı, dövlətin hər zaman onların arxasında dayandığını göstərdi. Həm də təsdiqlədi ki, o, öz ölkəsini yaxşı tanıyır və Vətənə xidmət etməyin bütün meyarlarını çox gözəl bilir.
2004-cü ildə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılmasına çox ciddi təkan verdi. Yarandığı gündən Heydər Əliyev Fondu bütün diqqəti cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan sahələrə yönəltdi. Məqsədlər o qədər aydın və ali idi ki, qısa vaxtda Heydər Əliyev Fondu yardıma ehtiyacı duyan hər bir kəsin ümid yeri və istinadgahına çevrildi. Mehriban xanım deyir ki, “cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir”. Bu cəmiyyəti formalaşdırmaq isə gələcəyimiz olan uşaqlara diqqət və qayğıdan başladı. Mehriban Əliyeva xeyirxahlığın və mərhəmətin ilk ünvanı kimi uşaqları seçdi. Uşaq evləri, internat məktəbləri yenidən quruldu, onların maddi-texniki bazası möhkəmləndirildi. Uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş qızların mənzillərlə təmin edilməsi ilə bağlı çox mühüm problem həll olundu. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də müasir tariximizin ən böyük sosial hadisələrindən birinə çevrildi. Bundan əlavə, Heydər Əliyev Fondu “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” proqramlarını reallaşdırdı. Mehriban xanım deyir ki, “Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.
Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasının əsas təbliğatçısı kimi dini ocaqların bərpasına xüsusi diqqət yetirdi. “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində həm islam, həm də başqa dinlərə mənsub müqəddəs ocaqlar bərpa olundu. O, Azərbaycandakı idman hərəkatına da dəyərli tövhələr verdi. Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban xanım 2015-ci ildə keçirilən birinci Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib. İki illik qısa fasilə ilə Bakıda keçirilən və proqramı vətənpərvərlik məzmunu ilə zəngin olan bu beynəlxalq idman yarışları Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində dünyada böyük rəğbət qazanıb və keyfiyyət standartı ilə seçilib.
Mehriban Əliyeva xaricdə həyata keçirdiyi uğurlu layihələri ilə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazanıb. O, Romada müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında, Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradılmasında, Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Berlin qəsrinin, Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasında və bu kimi çoxsaylı layihələrin icrasında iştirak edib. Onun xidmətləri sayəsində Azərbaycan Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb.
“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!” deyən Mehriban Əliyeva Azərbaycan tarixinə xalqına sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə daxil olub. Çünki Mehriban Əliyeva xeyirxahlıq yolunu seçib, yardıma ehtiyacı olan hər kəsin yanında olmaq, insanlara yaxşılıq etmək onun həyat amalıdır.