COP29 İQLİM FƏALİYYƏTİ VƏ MALİYYƏLƏŞDİRMƏ ARASINDAKI FƏRQİN LƏĞVİ ÜÇÜN DÜNYANIN SONUNCU ÜMİDİDİR

İqlim dəyişikliyi nəticəsində üzə çıxan problemlərin səmərəli həlli, müvafiq preventiv tədbirlərin görülməsi maliyyə məsələlərindən əhəmiyyətli dərəcədə asılıdır. Ancaq təəssüf ki, iqlim fəaliyyəti və maliyyələşdirmə arasında hələ də fərq böyükdür. Həyati əhəmiyyət kəsb edən bu məsələnin həllinin cari ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həllini tapacağına dünyada ümidlər böyükdür. İnkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə və texnoloji dəstək vermək öhdəliyi var. Lakin buna hələ də tələb olunan səviyyədə riayət edilmir.
Azərbaycan sözügedən məsələnin Bakıda həllini tapmasına çalışır, müvafiq addımlar atır. Elə bu da beynəlxalq ictimaiyyətdə bu məsələ ilə bağlı yeni ümidlər yaradıb. BMT-nin Baş katibi Antonio Quterreş də vurğulayır ki, COP29 sessiyasının yekunları üzrə iqlim dəyişikliyi ilə səmərəli mübarizə aparmaq üçün ciddi maliyyə öhdəliklərinə nail olmaq lazımdır. Millətlər Birliyi təşkilatının Baş katibi Patrisia Skotlend də məsələyə eyni prizmadan yanaşır. Onun sözlərinə görə, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şansdır.
İqlim böhranının yaranmasında daha çox pay sahibi olan inkişaf etmiş ölkələr 2009-2020-ci illərdə inkişaf etməkdə olan dövlətlərə bu məsələsinin fəsadlarının aradan qaldırılması üçün ildə 100 milyard ABŞ dolları veriləcəyinə dair üzərlərinə öhdəlik götürmüşdülər. Amma bu öhdəliyə əməl olunmayıb və maliyyə yardımının əksəriyyəti inkişaf etməkdə olan dövlətlərə kreditlər şəklində verilib. Bu isə sonuncuların daha ağır vəziyyətə düşməsinə gətirib çıxarır. Bu şəraitdə onların iqlim böhranı ilə mübarizəsi daha da çətinləşir. COP29 zamanı məhz bu kimi məsələlərin həllin tapması üçün konkret təşəbbüslərin irəli sürülməsi gözlənilir.
Ümumiyyətlə, iqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsi COP29-un əsas mövzularından biri olacaq. Donor ölkələrin maliyyə öhdəliklərinə əməl etməsi, həmçinin iqlim dəyişmələrinə həssas olan dövlətlərə, xüsusən də ada ölkələrinə maliyyə və texnoloji yardımları göstərməsi məqsədilə də Azərbaycan konkret təşəbbüslərlə çıxış etməyə hazırlaşır. Prezident İlham Əliyev ATƏT-in baş katibi Helqa Mariya Şmidi qəbul edərkən, bu xüsusda konkret nümunələrdən biri kimi qeyd edib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biridir. Azərbaycan Millətlər Birliyi təşkilatının ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparır. Təhlillər göstərir ki, müvafiq maliyyə və investisiyalar ayrılmasa, bu məqsədlə hədəflər düzgün müəyyən edilməsə, dünya iqlimlə bağlı problemlərin həlli şansını əldən verəcək. Qlobal temperatur yüksəlməkdə davam edəcək və nəticələr bütün dünyada insanların sağlamlığını, məşğulluğunu və rifahını təhdid edəcək. İqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq böyük həcmdə maliyyə sərmayəsi tələb edir. Amma iqlim böhranına qarşı fəaliyyətsizlik bundan da baha başa gəlir. COP29-da bu kimi məsələ bir daha dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. Bu səbəbdən COP29-a dünyada maraq və ümid olduqca böyükdür.