Ermənistan tərəfi Azərbaycanın sülh və etimad quruculuğuna xidmət edən konstruktiv təkliflərini adekvat qiymətləndirmək əvəzinə, müxtəlif bəhanələrlə danışıqlar prosesinə mane olur, qeyri-ciddi, qəbuledilməz təkliflər irəli sürür. Bu günlərdə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın rəsmi Bakının ölkəsinin “sərhəd insidentləri və silahlanma üzərində nəzarət mexanizminin yaradılması təklifinə cavab verməkdə” günahlandırması da beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdür.
Bu, Ermənistan tərəfinin danışıqlar prosesinin həlledici mərhələsində səsləndirdiyi ilk absurd təklif də deyil. Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən il iki ölkənin qoşunlarının geri çəkilməsi və bufer zonanın yaradılması vacibliyi ilə bağlı qeyri-ciddi təklifi qarşı tərəfin sülh imitasiyası ilə məşğul olduğunu, absurd təkliflərlə vaxt qazanmaq istəyinin təzahürü olub. Qarşı tərəf bu kimi “təkliflərlə” ilk növbədə, atəşkəsin pozulmasının və hərbi təxribatların məsuliyyətini üzərindən atmağa, özünü konstruktiv tərəf kimi təqdim etməyə çalışır. Şübhəsiz, məqsəd həm də Azərbaycanı “aqressiv”, “Ermənistana hərbi güc tətbiq etməyə meyilli”, “atəşkəs rejimini pozan” tərəf kimi göstərmək, kütləvi silahlanmaya bəraət qazandırmaqdır.
2024-cü il aprelin 19-da keçirilmiş Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, eləcə də delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə iki ölkə arasında uzun illərdən bəri davam edən gərginliyin azaldılması, yekun sülh sazişi layihəsi üzərində aparılan işin sürətləndirilməsi baxımından mühüm razılaşmalar əldə edilib. Ermənistan bu və digər razılaşmalara əməl edərək sərhəd təxribatlarına son qoymaq əvəzinə, absurd təkliflərlə beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər yaratmağa çalışır.
Rəsmi Bakı sülh danışıqlarının mövzusundan tamamilə kənar, qeyri-real bu təklifin ilk gündən qəbuledilməz olduğunu bəyan edib. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərin həllini tapmadığı bir zamanda İrəvanın atəşkəs rejiminə nəzarət üçün “xüsusi qurumun yaradılması” təklifi ilə çıxış etməsi hansısa məntiqə sığmır. Qarşı tərəfin bu kimi təkliflərlə şərti sərhəd bölgəsinə Avropa İttifaqının daha çox müşahidəçisini yerləşdirmək istəməsinə dair əsaslı dəlillər mövcuddur.
Azərbaycan 2020-ci ildə ərazilərini işğaldan azad edib, 2023-cü ilin sentyabrında isə digər əraziləri üzərində suverenliyini bərpa edib. Böyük Qayıdış Proqramı çərçivəsində məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura qayıdışı, məskunlaşması prosesi sürətlə reallaşdırılır. Hazırkı məqamda aktual məsələ iki ölkə arasında hərbi insidentlərin araşdırılması üçün xüsusi qurumun yaradılması deyil, dayanıqlı sülhün əldə olunması, delimitasiya və demarkasiya prosesinin mümkün qədər tez zamanda sona çatdırılmasıdır. Rəsmi İrəvan bu reallığı hələ də anlamır ki, ölkəsinin təhlükəsizliyi hansısa absurd ideyalarda, başqa dövlərlərdə deyil, Azərbaycanla yekun sülh sazişinin imzalanmasından, ərazi iddialarından əl çəkməsindən asılıdır. Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması fonunda yekun sülh sazişinin imzalanması Ermənistan üçün daha aktual və vacib məsələdir. Qarşı tərəf yalnız bu yolla özü üçün etibarlı təhlükəsizlik təminatı ala bilər. Çünki sülh sazişinin imzalanıb-imzalanmamasından aslı olmayaraq, Azərbaycan öz yekun hədəflərinə çatıb. Ərazi bütövlüyünü və suverenliyini təmin edib, azad edilmiş ərazilərdə hazırda böyük