Ermənistan–Azərbaycan münasibətlərindəki de-fakto sülh mərhələsindən maksimum faydalanma yolları

11-13 aprel tarixlərində keçirilən Antalya Diplomatiya Forumu Cənubi Qafqazın 3 ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri üçün nadir üçtərəfli dialoq imkanı yaratdı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Gürcüstan parlamentinin Avropa inteqrasiyası komitəsinin sədri Maka Boçorişvili arasında Türkiyənin vasitəçiliyi ilə baş tutan səmimi fikir mübadiləsi bu parçalanmış regionda sülh və rifaha nail olmaq üçün zəif də olsa, mühüm bir işarə idi. Ən vacibi isə, hər üç rəsmi öz çıxışında Cənubi Qafqazda ayırıcı xətlərin aradan qaldırılması, regiondaxili əməkdaşlıq üçün yeni mərhələnin başlanmasının vacibliyinə diqqət çəkdi.

Bu görüş Bakı ilə İrəvan arasında uzun müddətdir, dalana dirənmiş sülh danışıqları fonunda mühüm bir hadisə kimi qiymətləndirilə bilər. Lakin hər iki paytaxtdan gələn bəyanatlar göstərir ki, yaxın aylarda – ən azı bu ilin sonuna qədər – sülh sazişinin imzalanması istiqamətində əhəmiyyətli irəliləyişin baş verməsi real görünmür.

Antalya forumunda çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir daha vurğuladı ki, rəsmi Bakı Ermənistanla sülh sazişi imzalamağa yalnız o halda razı olacaq ki, Ermənistan Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsinə dair ərazi iddialarına son qoyulsun. Bu isə mürəkkəb və qeyri-müəyyən bir məsələ olaraq qalır. Çünki Ermənistanın belə bir konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirəcəyi vaxt hələ məlum deyil. Daha da önəmlisi, erməni cəmiyyətinin bu dəyişiklikləri dəstəkləyib-dəstəkləməyəcəyi də açıq sual olaraq qalır.

Hər halda aydındır ki, Azərbaycan artıq yekunlaşdırılmış sülh sazişi layihəsini yalnız həmin konstitusiya dəyişikliyi həyata keçirildikdən sonra imzalayacaq. Təbii ki, dünyanın heç bir dövləti Konstitusiyasında ona qarşı açıq ərazi iddiaları yer alan başqa bir ölkə ilə sülh sazişi imzalamaz. Ermənistan hökuməti bu reallığı müəyyən qədər anladığını göstərsə də, təəssüf ki, erməni siyasi və ekspert dairələri bu dəyişikliyin davamlı sülh və regional təhlükəsizlik üçün zəruriliyi barədə cəmiyyətlə kifayət qədər iş aparmır. Əvəzində isə sülh prosesinə zərər verən, əsassız əks arqumentlərin irəli sürüldüyünün şahidi oluruq.

Azərbaycanın əsas tələblərindən biri olan ATƏT-in Minsk Qrupunun rəsmi şəkildə ləğvi məsələsində də oxşar bir çıxılmaz vəziyyət müşahidə olunur. Ermənistan bu mövzuya sülh sazişi imzalanmazdan qabaq toxunmaq istəmir. Yaxın günlərdə Baş nazir Nikol Paşinyan bildirdi ki, Minsk Qrupunun ləğvi üçün ATƏT üzv ölkələri arasında ümumi razılıq – konsensus – tələb olunur.

Bakıda isə bu yanaşma siyasi manevr kimi qiymətləndirilir. Xüsusilə də Fransanın 2024-cü ilin dekabrında bu məsələ müzakirəyə çıxarıldıqda olduğu kimi, bu dəfə də etiraz edəcəyi ehtimalı nəzərə alınır. Fransa Ermənistana yaxın müttəfiq kimi tanındığından, onun mövqeyi Bakıda ciddi narahatlıqla qarşılanır. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə görə, Ermənistan Minsk Qrupunu gələcəkdə Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün ehtiyat alət kimi saxlamağa çalışır. Azərbaycan isə əksinə, gələcəkdə münaqişənin yenidən alovlanmasına səbəb ola biləcək istənilən hüquqi və siyasi qeyri-müəyyənliyin tam aradan qaldırılmasını istəyir. Bu məsələ də, ehtimal ki, zaman alan və mürəkkəb bir proses olacaq.

*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.commonspace.eu/opinion/opinion-how-take-most-present-de-facto-peace-period-armenia-azerbaijan-relations