İRƏVANIN SÜLH İMİTASİYASI YARATMASI REGİONDA DAYANIQLI SABİTLİYƏ İMKAN VERMİR

Azərbaycan “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzərində müzakirələrin tezliklə yekunlaşmasında, regionda dayanıqlı sülhün əldə olunmasında maraqlıdır və bu istiqamətdə əməli addımlar atır. Lakin ölkəmizin regionda dayanıqlı sülhün təmini, münaqişə səhifəsinin birdəfəlik bağlanması istiqamətində reallaşdırdığı tədbirlər Ermənistan tərəfindən heç də adekvat qarşılanmır. Bunun ən bariz nümunəsi rəsmi İrəvanın Azərbaycan tərəfinin beynəlxalq hüquqa əsaslanaraq irəli sürdüyü tələbləri yerinə yetirməməsi, prosesi süni şəkildə uzatmasıdır.

Rəsmi Bakı iki ölkə arasında etimad mühitinə və real əməkdaşlığa imkan yaradacaq yekun sülh sazişinin imzalanmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Belə olan təqdirdə, region üçün müstəsna əhəmiyyətli məsələlərin sazişdə əks olunması, regional əməkdaşlığın dəqiq konturlarının müəyyən edilməsi son dərəcə vacibdir. Qarşı tərəfin təkcə Azərbaycan üçün deyil, ümumən region üçün mühüm əhəmiyyət kəsb edən mövzuları kənara qoymağa çalışması, üzərinə götürdüyü bir sıra öhdəliklərin icrasını yubatmaq istəyi haqlı suallar doğurur.

İki ölkə arasında müəyyən problemli məsələlərin zamanında həllini tapmaması regionda hər an yeni gərginlik dalğasının yaranması ilə nəticələnə bilər. Ölkəmizə qarşı ərazi iddialarına yol açan bəzi müddəaların Ermənistan Konstitusiyasından çıxarılması, ATƏT-in Minsk qrupu və onunla bağlı təsisatların, Avropa İttifaqının mülki “missiyası”nın iki ölkənin şərti sərhəddindəki təxribatçı fəaliyyətinə son qoyulması, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidin təmin olunması rəsmi Bakının prinsipial və haqlı tələbləri olaraq qalır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi rəsmi görüşlər zamanı iki ölkə arasında danışıqların gedişi və yekun sülh prosesinə mane olan amillərlə bağlı fikirlərini açıqlayıb. ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşü zamanı keçmiş işğal dövrünün qalıqları olan strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, regional reallıqlara uyğun şəkildə işinin təşkili baxımından vacibliyini vurğulayıb. Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatından bəhs edən XİN rəhbəri Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə olduğunu bir daha diqqətə çatdırıb.

Müşahidələr göstərir ki, Ermənistan siyasi hakimiyyəti yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü bir sıra obyektiv şərtləri qəbul etmək üçün siyasi iradə göstərə bilmir. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr hüdudlarında, Qarabağla birgə tanıdığını dəfələrlə bəyan etdiyi halda, ATƏT-in Minsk qrupunun de-yure ləğvi məsələsinə etinasızlıq nümayiş etdirir. Ermənistan rəhbərliyi bir müddət əvvəl qurumun fəaliyyətinə xitam verilməsi ilə bağlı təşkilata müraciət ünvanlayacağını bəyan etsə də, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Amorf qurum olan, adı sadəcə kağız üzərində qalan Minsk qrupunun ləğvinə razılıq verilməməsi bu ölkənin sülh danışıqlarındakı səmimiliyinə əsaslı suallar doğurur.

Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması rəsmi Bakının əsas tələblərindən biri olsa da, qarşı tərəf bu məsələdə konstruktivlik nümayiş etdirmir. Rəsmi İrəvan ölkənin yeni konstitusiyasının yalnız 2027-ci ildə referenduma çıxarılacağını bildirir. Bu isə ona dəlalət edir ki, yaxın iki ildə Ermənistanla sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Belə görünür ki, Ermənistan hakimiyyəti sülh sazişi ilə bağlı prinsipial məsələlərin həllinə 2026-cı ilin iyul ayında keçiriləcək növbəti seçkilərdən sonra qərar vermək niyyətindədir.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Həmin mürtəce sənədə istinadlar Ermənistan Konstitusiyasında da əksini tapıb. Ermənistanın bir sıra normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, qoşulduğu bəzi konvensiyalarda və digər sənədlərdə ölkəmizin Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Qarşı tərəfin beynəlxalq məhkəmələrdə irəli sürdüyü böyük bir iddiaların əsasını da Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması kimi məsələlər təşkil edir.

Dövlətimizin başçısı yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir daha bu məsələyə xüsusi toxunub: “…Bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri”.

Avropa İttifaqının Ermənistan ərazisinə “mülki missiya” adı altında yerləşdirilmiş hərbi kontingetinin fəaliyyətinin 2027-ci ilədək uzadılması da yekun sülh sazişinin imzaanmasına ən ciddi maneələrdən biridir. Rəsmi Bakı haqlı olaraq təxribatçı missiyanın fəaliyyətinə son qoyulmasını tələb edir. Ermənistanda regiondan kənar qüvvələrin hərbi kontingentinin mövcudluğu Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma meydanına çevirir. Bu vəziyyət həm də şərti sərhəd ərazilərdə hərbi gərginliyin artmasını tətikləyir, delimitasiya prosesinin normal aparılmasına mane olur.