Azərbaycan və Ermənistan arasında kommunikasiya əlaqələrinin bərpası iki ölkənin sülh şəraitində yaşamasının əsas şərtlərindən biridir. Bu hal münasibətlərin normallaşmasına xidmət etməklə yanaşı, ümumən Cənubi Qafqaz regionunun tərəqqisində də mühüm rol oynamaq iqtidarındadır. Elə bundan irəli gəlir ki, Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra kommunikasiya əlaqələrinin qurulması istiqamətində konkret təkliflər irəli sürsə də, təşəbbüslər səsləndirsə də, Ermənistan bu vaxta kimi adekvat reaksiya sərgiləməyib. Zəngəzur dəhlizinin də indiyə kimi açılmaması məhz Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən baş tutmayıb. Amma kommunikasiyaların açılışının ləngiməsindən bu gün ən çox zərər görən tərəf də Ermənistan özüdür.
Heç şübhəsiz ki, iki ölkə arasında kommunikasiyaların bərpasının ümdə şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Özü də bu dəhlizin işə düşməsi Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Eyni zamanda dəhlizlə bağlı yanaşma Ermənistana qarşı hansısa ərazi iddiasını özündə ehtiva etmir. Ötən ay keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu xüsusda Prezident İlham Əliyev qeyd edib: “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.
Azərbaycanın əsas tələbi odur ki, ölkənin əsas hissəsindən Naxçıvana və əks istiqamətdə daşınan yüklər, sərnişinlər heç bir halda Ermənistanda yoxlamaya məruz qalmamalıdırlar. Üçüncü ölkələr üçün isə Ermənistan bütün müvafiq yoxlama prosedurlarını tətbiq edə bilər. Belə təcrübə dünyada mövcuddur və “Kalininqrad modeli” bunun ən yaxşı nümunələrindən biridir. Rusiyadan Kalininqrada, eləcə də əks istiqamətdə yük və sərnişin daşınması Litva ərazisində hər hansı yoxlamaya məruz qalmır. Bu nümunənin istifadəsi Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilər. Qeyd edildiyi kimi sözügedən dəhliz açılmadan Ermənistanla kommunikasiya əlaqələrinin bərpası da qeyri-mümkündür. Hələ bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev açıq mətnlə bəyan etmişdi ki, Azərbaycandan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir: “Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.
Azərbaycanın yanaşmasında sonadək israrlı olacağını Ermənistanda da yaxşı bilirlər. Elə bu fonda Ermənistan parlamentinin spikeri Alen Simonyanın dedikləri xüsusi maraq doğurur. Onun sözlərinə görə, Azərbaycandan Naxçıvana Ermənistan ərazisi vasitəsilə daşımada istifadə edilən yolda, indiki halda Zəngəzur dəhlizində nəzarət videokameraların köməyi ilə də həyata keçirilə bilər. Bu da o deməkdir ki, həmin yüklərin möhürləri Ermənistana daxil olduqda və çıxdıqda açılmayacaq. Perspektivdə videokameralarla nəzarətin də aradan qaldırılması istisna deyil. Bunlar fonunda Ermənistanda bəyan edilir ki, rəsmi İrəvan Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi məntiqlə açılmasına tədricən razılıq verir. Erməni siyasi şərhçi Hakob Badalyan bununla bağlı bildirir: “Naxçıvanla Azərbaycan arasında nəzarətsiz əlaqəyə yol versək, bu, de-fakto dəhliz təmin etmək deməkdir”. Digər erməni politoloq Samvel Meliksetyan da vurğulayır ki, yoxlamaların olmaması əslində dəhliz deməkdir: “Yoxlamalar yoxdursa, bu, dəhliz deməkdir, yəni sərhədi keçiblər, davam ediblər, yenidən keçiblər və nəzarət, rüsum və sairə olmayıb”.
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasında olan deputatlar bəyan edirlər ki, hazırda kommunikasiyaları açılması ilə bağlı Azərbaycanla danışıqlar davam etdirilir və bu səbəbdən bütün detallar açıqlana bilməz. Ancaq istənilən halda görünən odur ki, Zəngəzur dəhlizinin açılması istiqamətində intensiv fəaliyyət həyata keçirilir. Azərbaycan bu məsələdə istəyinə getdikcə daha çox yaxınlaşır. Ermənistanın “Hraparak” nəşri də bu müstəvidə diqqəti ona yönəldir ki, Ermənistan hakimiyyəti Azərbaycana veriləcək “maneəsiz keçid”i gündəmə gətirib. Vurğulanır ki, bu, faktiki olaraq, dəhliz məntiqinə uyğundur, sadəcə, Ermənistan hakimiyyəti “dəhliz” sözünü işlətmir.
“Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Arman Yeqoyan qeyd edir ki, Ermənistan Respublikasının ərazisindən keçən istənilən yük yoxlanılmırsa, heç olmasa, nəzarətə götürülməlidir: “Yəni Ermənistan öz ərazisindən nələrin keçdiyini bilməlidir. İndi müxtəlif texniki vasitələr var. Digər ölkələrdən gələn yüklərdə olduğu kimi, hesab edirəm ki, müəyyən yoxlamalar aparılmalıdır”. Bu yoxlama isə Alen Simonyanın qeyd etdiyi kimi videokameraların köməyi ilə də həyata keçirilə bilər. Ermənistanın Zəngəzur dəhlizinin ərazisindən keçən hissəsində yolboyu videokameralar quraşdırmaq, burada Azərbaycandan gələn qatarların, yük maşınlarının xarici təsvirlərini əldə etməsi mümkündür. Azərbaycanın buna hansısa etirazı yoxdur. Daha bir variant odur ki, Ermənistan ərazisindən daşınan Azərbaycan yükü haqqında məlumatı Bakının özündən almaqla kifayətlənə bilər. O zaman heç videokameralara nəzarətə də ehtiyac qalmayacaq.
Bütün bunlar fonunda Ermənistanda artıq belə bir rəy formalaşır ki, Zəngəzur dəhlizinin açılşına intensiv hazırlıq gedir və cari il ərzində bu marşrutun fəaliyyətə başlaması istisnalıq təşkil etmir. Bunun əvəzində diqqət ona yönəldilir ki, Ermənistan Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası vasitəsilə dünayaya rahat çıxış əldə edəcək. Beləliklə də, Zəngəzur dəhlizinin açılması bütün region üçün iqtisadi və siyasi baxımdan çoxsaylı faydalar vəd edir, sabitliyin, sülhün əsas təməl daşlarından biridir. Həm də bu dəhlizin işə düşməsinə artıq dünya miqyasında böyük maraq var və Ermənistanın bunu nəzərə almaması qeyri-mümkündür.