“AZADLIQ RADİOSU” VƏ “AMERİKANIN SƏSİ” KİMİ YALAN MƏLUMAT RUPORLARI SUSDURULUR, ABŞ MEDİA SİYASƏTİNİ DƏYİŞİR

Yeni ABŞ administarsiyasında Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsini icra edən və hazırda dünyanın ən varlı adamı statusunu daşıyan İlon Mask korrupsiya və digər vəsait mənimsənilməsinin qarşısını almaq üçün genişmiqyaslı fəaliyyətə başlayıb. Onun bu addımı Prezident Donald Tramp tərəfindən də tam şəkildə dəstəklənir. Maskhəm də ABŞ vergi ödəyicilərinin pullarını xaricdə müxtəlif  şübhəli layihələrə sərf edən, Amerikanın öz maraqlarına, beynəlxalq nüfuzuna xələl gətirən konkret qurumları müəyyənləşdirir, onlara qarşı genişmiqyaslı fəaliyyət həyata keçirir. Bunun ən bariz nümunəsini Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) timsalında görmək olar. Maskın “cinayət yuvası”, “solçu radikalların hökmranlıq” etdiyi qurum kimi təqdim etdiyi USAID-in fəaliyyəti və maliyyələşdiriləməsi dayandırılıb. Lakin ABŞ büdcəsinin vəsaitləri təkcə USAID vasitəsilə şübhəli və Amerikaya hansısa dividend qazandırmayan layihələrə sərf olunmur. Bir vaxtlar ideoloji savaşda ABŞ-ın əsas arsenalında yer alan  “Azadlıq Radiosu” və “Amerikanın Səsi” kimi ABŞ dövlət media orqanları artıq uzun illərdir ki tam fərqli məqsədlər uğrunda fəaliyyət göstərir. Məhz buna görə də, İlon Mask  ABŞ hökumətinin maliyyələşdirdiyi sözügedən media vasitələrinin bağlanması ilə bağlı təkliflə çıxış edib. Onun bu təklifi ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru, hazırda ölkə prezidentinin xüsusi missiyalar üzrə xüsusi nümayəndəsi Riçard Qrenell tərəfindən də təsdiq edilib. Riçard Qrenell sözügedən media vasitələrinin uzun müddətdir ki, ABŞ-nin baxışlarını əks etdirməyini və ifrat solçu fəallarla dolu olduğunu bəyan edib: “Azadlıq Radiosu” və “Amerikanın Səsi” amerikalı vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən media orqanlarıdır. Bunlar dövlət mediasıdır. Bu media orqanları ifrat solçu fəallarla doludur. Mən bu jurnalistlərlə onilliklər ərzində işləmişəm. Bu keçmişin yadigarıdır. Bizə dövlət mediası lazım deyil”.

“Amerikanın Səsi” 1942-ci, “Azadlıq Radiosu” 1949-cu ildə fəaliyyətə başlayıb, əsas məqsədləri nasist və kommunist təbliğatına qarşı mübarizə olub. Düzdür, 1990-cı illərin əvvəllərində bu media vasitələrini dünya üzrə böyük auditoriya dinləyir, onlara inanırdı. Çünki o vaxt internet, smartfonlar yox idi. Amma artıq dövr dəyişib, hər kəs öz məlumatını internet vasitəsilə əldə edir. Üstəlik, insanlar xəbəri təhlil etməyi öyrəniblər, hər deyilənə inanmırlar, hansı xəbərin yalan, hansının doğru olduğunu bilirlər. Elə bu məqam “Azadlıq Radiosu”nun, “Amerikanın Səsi”nin bir təbliğat vasitəsi kimi sıradan çıxmasına səbəb olub. Sözügedən media vasitələrində peşəkarlıq səviyyəsi də kəskin şəkildə aşağı düşüb. Bu gün “Azadlıq Radiosu” 27 ölkə üçün 23 dildə, “Amerikanın Səsi” 48 dildə xəbərlər hazırlayır. Amma bütün bunlar indiki vaxtda ABŞ üçün hansısa dividend qazandırmır. Əksinə, bu media vasitələrinin qərəzli fəaliyyəti çox vaxt ABŞ üçün problemlərə, müxtəlif ölkələrlə münasibətlərinə mənfi təsir edir.  Eyni zamanda “Azadlıq Radiosu” və “Amerikanın Səsi” hər il yüz milyonlarla dolların boş yerə sərf olunmasında istifadə edilir. Biznes karyeralarında kifayət qədər böyük uğurlara imza atan, pulun qazanılmasının heç də asan olmadığını yaxşı bilən Donald Tramp, İlon Mask kimi şəxslər buna qətiyyən yol vermək niyyətində deyillər. Elə bu səbəbdən onlar Amerika vergi ödəyicilərinin pullarının mənasız israfını dayandırmaq istəyirlər. Hər il “The New York Times”, “Politico” və “Associated Press” kimi media vasitələrinə ayrılan milyonlarla dollar vəsait artıq kəsilib. Bu yanaşmanın tezliklə “Azadlıq Radiosu” və “Amerikanın Səsi”nə tətbiq edilməsi gözlənilir.

Onu da qeyd edək ki, bir sıra ölkələrdə, məsələn, Rusiyada xarici agent kateqoriyasına aid edilən “Azadlıq Radiosu” və “Amerikanın Səsi” Azərbaycanda da həqiqətdən kənar, populizm və şou xarakterli təbliğatla məşğul olur. Daha dəqiq desək bu radiolar ölkəmizə qarşı yalan, böhtan, iftira kampaniyası ilə məşğul olanlar üçün əsas meydançadır.

Sözügedən media vasitələrinin ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxarıb ümumiləşdirməsi, bundan Azərbaycan dövlətinə qarşı istifadəyə cəhd etməsi indi adi hala  çevrilib. 44 günlük Vətən müharibəsi zamanı təkcə Azərbaycan xalqı yox, bütün dünya bunun bir daha şahidi oldu. İstər “Azadlıq Radiosu”, istərsə də “Amerikanın Səsi” açıq şəkildə işğalçı Ermənistanın mövqeyinə fəal şəkildə dəstək verməyə başladılar. Məsələn, “Amerikanın Səsi” “Stepanakertin bombalanması” ilə bağlı reportajını Ermənistanın raket hücumu nəticəsində Gəncədə dağılmış evlərin fotosu ilə təsvir etməkdən belə çəkinmədi. Ancaq təəssüf ki, Ermənistan lehinə saxta xəbərlərin efirə verilməsi təkcə bununla məhdudlaşmadı, digər çoxsaylı bu və digər qəbildən olan məqamlar qeydə alındı.

Bu gün də Azərbaycana qarşı “Azadlıq Radiosu” və “Amerikanın Səsi”nin qərəzli fəaliyyəti davam edir, reallıqlar bəzən ən pis formada təhrif olunur. Eyni yanaşmanı bir çox ölkələrə, məsələn, Rusiyaya, Gürcüstana münasibətdə də görmək olar.

Hədəf kimi seçilən ölkələrdə “Azadlıq Radiosu”nun, “Amerikanın Səsi”nin hansısa məsələdən öz maraqları naminə istifadə edilməsi halları da indi onlar üçün adi fəaliyyət növü hesab olunur və bunun da çoxsaylı sübutları var. 2010-cu ildə Qırğızıstanda hakimiyyət dəyişikliyi ilə nəticələnən növbəti inqilab zamanı soydaşımız o jurnalist Vüqar Xəlilovun həbsi bunu nümayiş etdirən əsas faktlardan biridir. Əvvəllər BBC-də işləyən Vüqar Xəlilov daha sonra PR, marketinq, korporativ kommunikasiyalar və digər belə istiamətlər üzrə fəaliyyət göstərən “Flexi Communication”s adlı şirkət qurub. 2010-cu il aprelin 12-də Qırğızıstanda o vaxtkı prezident Kurmanbek Bakiyev devrilən zaman Vüqar Xəlilov Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinə dəvət olunub. Orada Vüqar Xəlilova Kurmanbek Bakiyevin və onun oğlu Maksimin “gizli hesabları” ilə bağlı suallar verilib. Daha sonra onun heç bir əsas olamadan Bakiyevə və oğlu Maksimə yaxın adam olması iddia edilib, buna paralel olaraq, barəsində “çirkli pullar”ın yuyulması ittihamı irəli sürülüb.

Maraqlıdır ki, bu prosesdə əsas rol oynayan tərəflərdən biri “Azadlıq Radiosu”nun Qırğızıstan xidməti olub. Həmin vaxt konkret sübutlar, faktlar olmadan “Azadlıq Radiosu”nun Qırğızıstan xidməti tərəfindən Vüqar Xəlilov barəsində böhtan xarakterli məlumatlar yayılıb. Bu zaman hansısa dəqiqləşdirmə aparılmayıb. Bəllidir ki, “Azadlıq Radiosu”nda quruluan nəzarət sisteminə əsasən, material yayımdan əvvəl həmişə yoxlanılır, istənilən iddia isə ən azı iki etibarlı rəsmi müstəqil mənbəyə əsaslanır.  Qeyri-rəsmi mənbələrdən alınan məlumatlar isə xüsusi diqqətlə yoxlanılır. Bunlar bir daha təsdiq edir ki, “Azadlıq Radiosu”nun Qırğızıstan xidməti Vüqar Xəlilov barəsində bilərəkdən dezinformasiya yayıb. Bu da yayılan məlumatın məqsədyönlü xarakter daşımasını deməyə əsas verir ki, həmin vaxt belə hal Vüqar Xəlilovun həbsində əsas rollardan birini oynayıb. Vüqar Xəlilovun vəkilləri tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, “Azadlıq Radiosu”nun Qırğızıstan xidməti 2010-cu il aprelin 14-də “jurnalist Bakit Urmatov” təxəllüsü ilə gizlənən naməlum şəxslə müsahibə zamanı cəmi bir xəbərdə 30-dan çox böhtan xarakterli məlumat yayıb.

Beləliklə, sözügedən media vasitəsində yayımlanan məlumatlar Vüqar Xəlilovun o vaxt əsassız şəkildə həbsində həlledici rollardan birini oynayıb. Onun vəkillərinin sözlərinə görə, həbs məhz  medianın məlumatlarına əsaslanıb, çünki dindirmə zamanı ona dəfələrlə “Jurnalistlər Bakıyevçi olduğunu deyirlərsə, necə günahkar olmayasan?” sualı verilib. 5 ay təcridxanada qaldıqdan sonra Vüqar Xəlilov Bişkek Şəhər Məhkəməsi tərəfindən bəraət alıb, ona qarşı əsassız iş aparan müstəntiqlər işdən çıxarılıb. Bu faktın özü bir daha “Azadlıq Radiosu”nun “qalmaqal fabrikinə” çevrildiyini göstərən sübutlardan biridir. Elə bu səbəbdən İlon Maskın “Azadlıq Radiosu” və “Amerikanın Səsi”nin bağlanması ilə bağlı təkliflərinə ABŞ-la yanaşı, dünyada da dəstək yüksəkdir.